O, aclıq etməsinə səbəb kimi son dövrlər polis idarələrində vətəndaşlara verilən işgəncələr fonunda allahın söyülməsini, təhqir edilməsini göstərib.
Bağırzadə bütün bunları bəşəri dəyərlərin alçaldılması, inanca qarşı qəbul edilməz addım adlandırıb. O qeyd edib ki, bu cinayəti törədənlər cəzalanana qədər aksiyasını davam etdirəcək.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli hökmü ilə Tale Bağırzadə 19 il həbsə məhkum edilib. Məhkəmə hökmünə görə, o həbsinin ilk 7 ilini Qobustan Qapalı Həbsxanasında çəkməlidir.
Tale Bağırzadə və bir sıra digər inanclı insanlar 2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatdan sonra həbs olunublar.
Həbs olunanlar Bağırzadənin təşkil etdiyi cinayətkar qrupda iştirakda ittiham olunublar. Onlara qarşı Cinayət Məcəlləsinin 10 maddəsi ilə ittiham irəli sürülüb - terrorizm, qanunsuz silah saxlamaq, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə cəhd, polisə müqavimət göstərmək və s.
Müttəhimlər özlərini günahkar saymayaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində məruz qaldıqları işgəncələrdən danışıblar. Buna baxmayaraq, məhkəmə çoxsaylı insanları 12 ildən 19 ilədək həbsə məhkum edib.