İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycan hökumətinin xarici hökumət və qeyri-hökumət təşkilatları ilə münasibətlərində yaxınlaşmalar hiss olunur. Avropa İttifaqı ilə yaxınlaşmaların fonunda müxtəlif layihələr icra olunur, tədbirlər həyata keçirilir.
Ancaq bütün bunların fonunda Azərbaycanın daxili gündəminin əsas məsələləri sosial-iqtisadi problemlər, siyasi həbslərdir.
Bəs görəsən, real vəziyyət necədir? Azərbaycan həqiqətən də Qərbin müttəfiqidirmi? Bu siyasi aktivliyik Azərbaycan insanın həyatında necə hiss oluna bilər? Bu suallara cavab tapmaq üçün Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədliyə müraciət etmişik. Müsahibəni təqdim edirik:
- Anar bəy, xüsusən İkinci Qarabağ Müharibəsinin ardından xarici ölkələrin Azərbaycandakı diplomatik korpusları və digər xarici təşkilatlar uzun müddət sonra yenidən aktiv fəaliyyətə keçdilər və müşahidələr göstərir ki, ölkənin həyatında indi daha çox hiss edilirlər. Siz necə düşünürsünüz, bu istiqamətdə vəziyyəti qənaətbəxş hesab etmək olarmı?
- Doğrusu, son illərdə diplomatik korpusların və beynəlxalq təşkilatların Azərbaycanla bağlı fəaliyyətində xususi fəallıq hiss etməmişəm. Bu qurumlarla uzun illər əməkdaşlıq etmiş bir şəxs kimi deyə bilərəm ki, elə bir ciddi fəallıq yoxdur. Yəni, Azərbaycan əvvəlki qaydada Avropa Şurası ilə əməkdaşlıq edir və Avropa Şurasının strukturlarının da Azərbaycanda fəallığı son illərdə artmayıb. ATƏT, BMT və Avropa İttifaqı da eyni şəkildə. Sadecə, İkinci Qarabağ Müharibəsindən sonra bəzi xarici təşkilatlar, xarici ölkələrin diplomatik korpusları yaranmış vəziyyətdə, xüsusən də sülh quruculuğu məsələsinə aktiv olmağa çalışırlar. Xüsusən, Avropa İttifaqının fəallığını qeyd etmək istəyərdim. İttifaq Azərbaycan və Ermənistan arasında olan münaqişənin həlli və sülh danışıqları prosesində vasitəçi kimi çıxış etməyə başlayıb. Mən deyərdim ki, bu, son illərdə qeyd alınan yeganə aktivlikdir. Həyata keçirilən səfərlər isə hər il olur. Həm Avropa İttifaqının, həm Avropa Şurasının, həm də müxtəlif ölkələrin nümayəndələri Azərbaycana səfərlər edirlər, görüşlər keçirirlər. Yəni, bunu xüsusi yenilik kimi təqdim etməyin tərəfdarı deyiləm.
- Son 2 ildə Qərb ölkələri və təşkilatları Azərbaycan hökuməti ilə irihəcmli maddi xərcləri nəzərdə tutan layihələrlə bağlı müqavilələr imzalayır. Sizcə, bu əməkdaşlıq ölkədə əsasən demokratik vəziyyətə töhfə verəcək, yoxsa beynəlxalq hesabatlarda demokratiya ilə bağlı göstəriciləri heç də yaxşı olmayan hökumətə?
- Qərb ölkələrinin Azərbaycanla həyata keçirdiyi layihələrin nə qədər irihəcmli olduğunu deməyə çətinlik çəkirəm. Düşünmürəm ki, Azərbaycana külli-miqdarda maliyyə vəsaitləri axır. Müəyyən banklardan kreditlər var, Avropa İttifaqının qrantları var, amma bu prosesin demokratik vəziyyətə təsir edəcəyini də gözləmirəm. Demokratik vəziyyətə təsir etməsi üçün ölkədə demokratik institutların çalışmasına imkan yaratmaq lazımdır. Ölkədə azadlıqlar təmin olunmalıdır. Siyasi partiyalar, həmkarlar ittifaqları, vətəndaş cəmiyyəti qurumları, beyin mərkəzləri, ayrı-ayrı ictimai qruplar, analitik mərkəzlər rahat şəkildə çalışa bilməlidirlər, bizdə isə bu yoxdur. Yəni, bizdə bir neçə ictimai birlik, 5-6 siyasi partiya və müstəqil bloqqerlər çalışırlar, ancaq ciddi fəaliyyət göstərən böyük siyasi partiyaların, həmkarlar ittifaqlarının, beyin mərkəzlərinin, müstəqil akademik mərkəzlərin yaranmasına manelər var və mənə elə gəlir ki, bu manelər bir neçə maliyyə dəstəyilə aradan qalxası deyil.
- Biz görürük ki, əməkdaşlıqla paralel olaraq ölkədə insanların konstutision hüquqları ilə bağlı bağlı çərçivə də daralır. Məsələn, media haqqında qanunvericilik sərtləşdirildi, eyni zamanda, QHT-lərin normal fəaliyyət göstərməsi və maliyyələşməsi üçün qanunvericilik bazası yumşaldılmadı. Hansı ki, hökumət bu istiqamətdə müsbət siqnallar verirdi. Sizcə, vəziyyətin müsbətə doğru dəyişməsinə nə mane olur?
- Bu problemlərin aradan qalxmaması siyasi iradənin olmadığını göstərir. Hökumət hələ də özünü kövrək hiss edir. Güclü hakimiyyət QHT-lərdən, siyasi partiyalardan, medialardan, ictimai birliklərdən çəkinməz. Qısa desək, tənqiddən çəkinirlər. Ona görə də maksimum şəkildə bu məhdudiyyətləri qorumağa çalışırlar. Bunların qabiliyyəti tənqidə adekvat cavab vermək deyil, zorakılıqla cavab verməkdir.
- Xüsusən, Azərbaycanda keçirilən son görüşlərdən sonra vətəndaş cəmiyyəti nümayəndələri arasından həm ölkədə fəaliyyət göstərən diplomatik missiyalar barəsində, həm də iş səfərlərinə gələn diplomatlarla bağlı təndiqlər eşidirik. Siz necə düşünürsünüz, uzunmüddətli və müvəqqəti diplomatik missiyalar öz missiyalarına uyğun davranırlarmır?
- Bir sıra Qərb ölkələrinin Azərbaycandakı fəaliyyətlərində çatışmazlıqların olmasını qeyd etmişəm. Bunu qapalı görüşlərdə də, ictimai şəkildə də vurğulamışam. Mənə elə gəlir ki, uzun illər Azərbaycana enerji təchizatçısı kimi yanaşmaq, hakimiyyətin insan hüquqları sahəsində pozuntuların göz yummağa sövq edibdir. Yəni, Qərb ölkələrinin Azərbaycana enerji təchizatçısı kimi və ya bu enerjinin daşınması üçün tranzit ölkə kimi baxması onların insan hüquqları sahəsində ayıqlıqlarını, barışmazlıqlarını arxa plana keçirib. Bu, qəbuledilməzdir. Yəni, əgər normal iqtisadi münasibətlər qurublarsa, hər iki tərəfində ehtiyacları varsa, daha minnətə nə gərək var? Bazarlıqlarını etsinlər, paralel şəkildə də insan hüquqları sahəsindəki durumu təftiş və tənqid etsinlər. Ukrayna müharibəsindən sonra Qərbin alternativ qaz mənbələrinə ehtiyacının artması Azərbaycanı bir matah ölkəyə çeviribdir. Bu da hakimiyyətin işinə yarayır. Bundan istifadə edərək Qərbin insan hüquqları sahəsindəki təzyiqlərini zərərsizləşdirməyə çalışırlar.
- Qarşıdakı 3 ildə Azərbaycanın ictimai-siyasi həyatında hansı dəyişiklikləri gözləyirsiniz? Demokratiyanın ölkədəki əhatə dairəsi genişlənəcək, yoxsa insan hüquqları ilə bağlı vəziyyət zamanla daha da pisləşəcək?
- Mənə elə gəlir ki, Azərbaycandakı ictimai-siyasi vəziyyətə təsir edəcək ən ciddi faktor Ukrayna müharibəsinin nəticələri olacaq. Çünki bu mübarizə bir postsovet ölkəsinin suverenliyi ilə yanaşı, qurduğu demokratiyanın müdafiəsidir. Yəni, Rusiya Ukraynaya təkcə ölkənin suverenliyini pozmaq üçün hücum etməyib. Ukrayna öz demokratiyasını da qoruya bilsə, bu, qonşu xalqlara ciddi siqnal ola bilər. Artıq postsovet ölkələrində demokratik və ya qeyri-demokratik ölkələrin blokları arasında Azərbaycan hökuməti də öz seçimini edə bilər. İkinci məsələ isə Rusiyanın və ya hansısa üçüncü ölkənin təşviqi ilə Azərbaycan-Ermənistan münasibətlərinin daha da gərginləşdirilməsidir. Nəhayət, ölkənin ictimai-siyasi həyatına təsir edəcək faktor Azərbaycanda marağı olan beynəlxalq təşkilatın öz aktivliklərini nə qədər artıracağıdır. Yəni, söhbət Avropa Şurası və Avropa Birliyi kimi qurumlardan gedir. Daxili faktorların içində isə ən ciddisi sosial-iqtisadi vəziyyətdir. Əgər sosial-iqtisadi durum getdikcə daha da pisləşərsə, bu, ölkədə ictimai fəallığın artmasına səbəb ola bilər. Yəni, düşünürəm ki, hazırda ölkədə ictimai-siyasi fəallığı artıra biləcək ən ciddi faktor getdikcə dərinləşən sosial-iqtisadi bərabərsizlikdir.