Təxminən 30 il ərzində Horadiz stansiyasına gəliş olub, amma buradan irəliləyiş olmayıb. Qarabağ azad olunandan sonra Füzulinin Horadiz şəhərindən Zəngilanın Ağbənd qəsəbəsinə qədər irəliləmək üçün dəmir yolu xətti çəkilir.
Horadiz-Ağbənd dəmir yolu xəttinin təməli 2021-ci ilin fevralın 14-də qoyulub. Xəttin uzunluğu 110,4 km olacaq. Layihə çərçivəsində 9 stansiyanın, 3 tunelin, 41 körpünün, 3 qalereya, 7 yolötürücünün tikintisi planlaşdırılır.
Prezidentin sərəncamları ilə yolun inşasına 312 milyon 700 min manat vəsait ayrılıb. Di gəl ki, həmin sərəncamlarla bağlı heç bir rəsmi mənbədə məlumat tapmaq mümkün deyil.
Layihəni Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Türkiyənin “Kalyon” şirkəti icra edir.
"Kalyon" şirkəti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana yaxınlığı ilə tanınır. Şirkətin Azərbaycandakı nümayəndəliyi 2021-ci ilin martın 4-də dövlət reyestrində qeydiyyatdan keçib və cəmi bir ay sonra tendersiz Qarabağda milyonluq investisiya layihələrinə qoşulub.
Ərdoğan və Kalyoncu ailələri arasında isti münasibətlər var. Hətta o dərəcədə ki, Ərdoğan holdinqin sahibi Cemal Kalyoncunun oğlu Mehmet Kalyoncunun nikah şahidi olub.
“Kalyon” şirkətinin layihə meneceri Eftal Gökcə ilə müsahibə zamanı o bildirib ki, tenderlə bağlı sualları Azərbaycan Dəmir Yollarından soruşaq. Çünki sifarişçi onlardır.
“Kalyon” şirkətinin Horadizdəki ofisində olduq. Şirkətin rəsmi nümayəndəsi Eftal Gökcə layihə ilə bağlı açıqlama verməkdən imtina etdi. O, tenderlə bağlı suallarımızı podratçı təşkilatın nümayəndəsi Mirzə Səfərova ünvanlamağımızı məsləhət görsə də, o da açıqlama vermək səlahiyyətinin olmadığını dedi.
2021-ci ilin dekabrında Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyi məlumat yaydı ki, onların şirkətləri Qarabağdakı layihələrdə iştirak etmək üçün Azərbaycana 14 ərizə göndərib.
Nazirlik açıqlayıb ki, "İNNOPRO" şirkəti Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi layihəsində iştirak edir. Şirkətin müqavilə üzrə xidmət haqqı isə 12 milyon manatdır. Bundan başqa, Rusiya şirkəti “Rail-Trans Service” MMC ilə birlikdə dəmir yolları üçün siqnalizasiya istehsalı müəssisəsi yaradacaq.
2021-ci ilin mayında “Rail Trans Service” MMC dəmir yolu xəttinin Rabitə və İşarəvermə sistemlərinin layihələndirilməsi üçün müqavilə bağlayıb.
Şirkətin təchizat şöbəsinin rəhbəri Nəzrin İbadova bizimlə söhbətində müqaviləni hansı şirkətlə bağladıqlarını və dəyərini açıqlamaqdan imtina edib:
"Sifarişi hansı şirkətdən almısınız?
- Vallah onu sizə deməyə icazəm yoxdur.
Müqavilənin dəyəri nə qədər olub?
- Oyy, onu ümumiyyətlə sizə deyə bilmərəm.
Bizim müqavilə məbləğimizi sizə deməyə icazəmiz yoxdur. Çünki bu, iki şirkət arasında olan sirrdir. Kommersiya sirridir. Bu, alıcı ilə satıcı arasında xidmət göstərən və sifarişçi arasında bir kommersiya qaydasıdır. Bunu üçüncü nəfərin bilməsi müqavilə şərtlərinin pozulması deməkdir".
"İNNOPRO" şirkəti də suallarımızı cavablandırmaqdan imtina edib.
Layihənin sifarişçisi olan Azərbaycan Dəmir Yollarının mətbuat xidmətinin rəhbəri Natəvan Bayramova isə bildirib ki, Qarabağla bağlı sualların cavabını Əlaqələndirmə Qərargahı ilə razılaşdırıb verəcəklər. Əlaqələndirmə Qərərgahı 2020-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə yaradılıb. Qərərgah işğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi, humanitar, təşkilati məsələləri həll etməlidir. Qərərgaha Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev başçılıq edir.
Amma nə Natəvan Bayramova, nə də Əlaqələndirmə Qərərgahı dəmir yolunun çəkilişi üçün ayrılan vəsait, hansı şirkətlərin və necə seçilməsi ilə bağlı suallarımıza cavab verməyib.
İqtisadçı-ekspert Toğrul Vəliyev bildirir ki, Horadiz-Ağbənd yolunun tikintisi üçün ümumilikdə nə qədər vəsaitin ayrıldığını rəsmi qurumlar bəyan etmir. Bu barədə bəzi məlumatları ancaq Rusiyanın dövlət orqanlarının açıqlamalarından öyrənə bilirik.
Rəsmilər bildirir ki, bu dəmir yolu Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında birbaşa əlaqənin yaradılmasına imkan verəcək. Bu xətt ilə qatarların 2023-cü ilin sonundan yola düşəcəyi gözlənilir. İndiyə qədər açıqlanan rəsmi rəqəmlərlə dəmir yolu xəttinin hər kilometri dövlət büdcəsinə 2 milyon 836 min manata başa gələcək.
Araşdırma və vizualizasiya: AbzasMedia