Millət vəkilləri mühasibat uçotunun elektronlaşmasına dövlət qurumlarından başlamağı təklif edirlər

Millət vəkilləri mühasibat uçotunun elektronlaşmasına dövlət qurumlarından başlamağı təklif edirlər Foto: Milli Məclis
13 Oktyabr 2023
Mətni dəyiş

Maliyyə nazirinin müavini iradların düzgün olduğunu bildirib

“Mühasibat uçotunun elektronlaşması prosesini ilk olaraq dövlət qurumlarında həyata keçirmək lazımdır, dövlət qurumlarında neqativ hallar çox olur”.

Anews.az xəbər verir ki, bu sözləri millət vəkili Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Mühasibat uçotu haqqında” qanunun müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, mühasibat uçotunun elektronlaşması prosesinə sahibkarlardan başlamaq lazım deyil:

"Qanunda özəl təşkilatların elektronlaşması qeyd olunub. Niyə biz sahibkarlardan başlayırıq? Daha çox şəffaflıq üçün dövlət qurumlarından başlamalıyıq. Bilirik ki, dövlət qurumlarında neqativ hallar çox olur. Bu yaxınlarda mənə vergi sistemində adı olmayan şirkətlərin adı verilib, bu məsələyə aiddiyatı qurumlar aydınlıq gətirməlidir”.

APA xəbər verir ki, millət vəkili Vüqar Bayramov da çıxışında dövlət qurumlarında mühasibat uçotunun kağız formada aparılmasını düzgün saymayıb.

Onun fikrincə, mühasibat uçotunun elektron aparılması məlumatların doğru və düzgün aparılması deməkdir:

“Nəzərə almalıyıq ki, vəsaitlərin böyük qismi dövlət qurumları tərəfindən xərclənir. Təklif olunan qanunda iri sahibkarlara mühasibatın elektron formada aparılması lazım olduğu halda, dövlət qurumları üçün belə bir məcburiyyət yoxdur. Halbuki dövlət qurumlarının xərcləri iri sahibkarların maliyyə dövriyyəsindən daha çoxdur və onlar sahibkarlardan daha tez bu prosesə hazır olmalıdırlar. Bu məsələdə dövlət qurumlarına biz güzəşt təklif edirik, amma iri sahibkarlıq subyektləri üçün deyil. Nə üçün dövlət qurumlarında mühasibat uçotu kağız formada saxlanılır? Bu, onların prosesə hazır olmaması ilə bağlıdır? Əgər belə deyilsə, iri sahibkarların buna hazır olmasını iddia etmək nə dərəcədə doğrudur?”, - deyə Vüqar Bayramov əlavə edib”.

Maliyyə nazirinin müavini Azər Bayramov isə iradların düzgün olduğunu, qanuna büdcə təşkilatlarının salınmasının tərəfdarı olduqlarını bildirib.

İclasda çıxış edən maliyyə nazirinin müavini Azər Bayramov isə bildirib ki, mühasibat uçotunun elektron formada aparılması ilə bağlı “Mühasibat uçotu haqqında” qanuna təklif edilən dəyişiklikdə büdcə təşkilatlarının adının olmaması Vergi Məcəlləsindən qaynaqlanır.

"Dəyişikliklərdə Vergi Məcəlləsinə istinad olunub deyə sırf təsərrüfat subyektlərini qeyd etmişik. Amma burada məsələ ilə bağlı tutulan iradlar haqlıdır. Millət vəkillərinin yekdil fikri varsa, sənədə büdcə təşkilatlarını, dövlət qurumlarını da əlavə edə bilərik. Bu məsələdə problem yoxdur. Qanuna bu müddəa salınsa, bunu yalnız dəstəkləyərəm", - deyə nazir müavini vurğulayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun