Ekspert: “Pensiya sistemi rifahın keyfiyyətli şəkildə təmin edilməsinə cavab verən səviyyədə deyil"
“Azərbaycanda effektiv pensiya yaşı 62-dir və 65 yaş normativ yaşdır. Qanunvericiliklə nəzərdə tutulmuş çoxsaylı güzəştlər nəticəsində effektiv yaş 62-dir. Bu, dünyada ən aşağı yaşlardan biridir”.
Bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentdə təşkil olunan konfransda deyib. Nazir bildirib ki, hərbçilərə güzəştli şərtlərlə verilən pensiyalar da nəzərə alınsa, bu da dünyada ən uzunmüddətli pensiya dövrlərindən biri hesab olunur.
İqtisadçı ekspert Rəşad Həsənov Abzas Media-ya deyir ki, Azərbaycanda pensiya sisteminin əsasını yaşa görə əmək pensiyası alanlar təşkil edir.
Onun sözlərinə görə, pensiyaçıların 60-65 faizi yaşa görə əmək pensiyası alan şəxslərdir.
“Bu şəxslər 2027-ci ildən sonra kişi və qadın olmaqlarından asılı olmayaraq pensiya hüququnu 65 yaşda əldə edəcəklər. 2022-ci ilin əvvəlində ölkədə orta ömür göstəricisi 73.6 il idi. Bu da yüksək göstərici deyil. Biz araşdırma aparsaq, görərik ki, pensiya dövrü 14-15 il yox, 11 ildir".
Ekspert bildirir ki, gərək nazir dünyada pensiya dövrünün Azərbaycanla müqayisəsi zamanı iddialı ifadələr işlətməsin. Çünki Yaponiya, Kanada kimi ölkələrdə orta ömür yaşı 88-89 ildir, pensiya yaşı 67 il.
"Heç bir güzəşt olmadan, yaşa görə pensiyaya çıxan şəxslər 21-22 il pensiya almış olurlar. Almaniyada bu rəqəm 20 il ətrafındadır. MDB ölkələrilə belə müqayisə aparanda görünür ki, Azərbaycanda pensiya sistemi əhatəliliyi baxımından, mövcud vəziyyətə, əhalinin sağlamlığına, demoqrafik siyasətə, müasir trendlərə, rifahın keyfiyyətli şəkildə təmin edilməsinə cavab verən səviyyədə deyil” – deyə o, bildirib.