İqtisadçı: “Sui-istifadə ilə mübarizə cəhdləri digərləri üçün daha əlverişsiz mühit yaratmamalıdır”
Azərbaycanda mikro sahibkarlara verilən 5 faizlik vergi güzəştinin şərtli vergi güzəşti kimi təqdim olunması müzakirə olunur.
Bu, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdə öz əksini tapıb.
Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib ki, güzəştlərlə bağlı sui-istifadə halları olur, ona görə də islahatlara ehtiyac var.
İqtisadçı Rəşad Hasənov isə sui-istifadə hallarının qarşısının alınması üçün güzəştlərin ləğvini düzgün hesab etmir. Onun sözlərinə görə, alternativ üsullarla da bunun qarşısını almaq olar.
“Qanun hələlik müzakirə mərhələsindədir, ümid edirəm, bu yanaşma dəyişəcək. Deyirlər ki, sui-istifadə var, verilən güzəşt məqsəddən əlavə məsələlərə də töhfə verir. Bunun qarşısını almaq üçün şərtli güzəştlərin verilməsi təklif olunur. Məsələn, təklif olunur ki, güzəştlər 3 və ya daha artıq işçisi olan sahibkarlıq subyektlərinə verilsin.
Azərbaycanda fəaliyyət göstərən hər yüz sahibkardan 70-i mikro sahibkardı. Mikro sahibkarların əksəriyyətinin işçi sayı 3-dən azdır. Bu da o deməkdir ki, dəyişikliyin təsir dairəsi çox genişdir”, – deyə o bildirir.
İqtisadçı deyir ki, güzəştlərdən yararlanan başqa qruplar da var və dəyişiklik qəbul olunarsa, onlar da əlverişsiz vəziyyətə düşəcəklər:
“Hansı ki, işçi tək özləridir, xidmətlər təklif edib, rifahlarını təmin edirlər. Onlar - məsləhətçilər, ekspertlər, mühasiblər və bu kimi xidmətləri təklif edənlərdir. Yeni yanaşma tətbiq olunsa, onlar da bu güzəştdən yararlana bilməyəcəklər.
Düşünürəm ki, sui-istifadə ilə mübarizə cəhdləri digərləri üçün daha əlverişsiz mühit yaratmamalıdır. İnzibati nəzarət yolları ilə bu sui-istifadənin qarşısını almaq daha düzgündür, nəinki bu diskrimnativ nəticələrə səbəb ola biləcək yanaşma ilə”, – deyə o əlavə edib.
Millət vəkili, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov isə deyir ki, Dövlət Vergi Xidməti layihəyə yenidən baxır:
“Məsələyə parlamentdə baxmışıq, müəyyən təkliflərimiz olub. Bununla bağlı bizə müraciətlər də olmuşdu. İndi dediyimiz məsələlərdən sonra vergi orqanı yenidən baxıb, ikinci oxunuşa qədər bizə bir söz deyəcək”, – o bildirib.
Qüvvədə olan Vergi Məcəlləsinə əsasən, mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.