Xarici işlər naziri Ceyhun Bayramov Təhsil Nazirliyinin Aparat rəhbəri, daha sonra nazir müavini təyin olunanda o, həm də özəl hüquqi şirkəti olan "OMNİ" QSC-də direktor vəzifəsində çalışırdı.
Qanunvericiliyə görə, dövlət məmuru vəzifəsinin icrasına başlayanda biznesi ilə xudahafizləşməlidir. Amma C. Bayramov yalnız 2013-cü ilin sentyabrında özəl şirkətdə tutduğu vəzifəsini tərk edib. Amma səhmlərini 2017-ci ilin mayın 10-dək qoruyub saxlayıb. Daha sonra isə səhmlərini həyat yoldaşı Aygün Bayramovaya bağışlayıb.
"OMNİ" şirkətinin yolları Söyüdlü kəndində qızıl çıxaran “R.V. İnvestment Group Services” şirkəti ilə də kəsişib. İqtisadiyyat Nazirliyi 2019-cu ildə “R.V. İnvestment Group Services” şirkətinə məxsus payların alqı-satqı üsulunun həyata keçirilməsi ilə bağlı “OMNİ” şirkətindən məsləhət xidmətinin alınması üçün müqavilə bağlayıb. Hüquq şirkətinə bundan ötrü 265.000 manat ödənilib. Müqaviləyə görə OMNİ şirkəti qızıl yatağının alqı-satqısı ilə bağlı hüquqi məsləhət verməli olsa da, Azərbaycan dövləti ABŞ şirkətinin istismarına verdiyi bu yataqları ondan geri almayıb. Əksinə, 2022-ci ildə hökumət daha üç yatağı –“Qaradağ”, “Xarxar” və “Dəmirli” əlvan metal yataqlarını onun müqavilə sahəsinə daxil edib.