“Abzas Media işi” qlobal iqtisadi cinayət təqibinə dair səkkiz işdən biri elan edilib

“Abzas Media işi” qlobal iqtisadi cinayət təqibinə dair səkkiz işdən biri elan edilib
25 Oktyabr 2024
Mətni dəyiş

“Bir sıra ölkələrdə medianın maliyyələşdirilməsinə məhdudiyyətlər o qədər artıb ki, müstəqil media idarəçiliyi biznesi faktiki olaraq kriminallaşdırılır. Bu da jurnalistləri və media qurumlarını mühacirətə köçməyə məcbur edir” 

Azərbaycan hüquq-mühafizə orqanlarının “Abzas Media”ya qarşı açdığı cinayət işi Dünya Xəbər Nəşrlərinin Assosiasiyası və İnter Amerika Mətbuat Assosiasiyasının birlikdə hazırladığı hesabata daxil edilib.

Səkkiz cinayət işinin daxil edildiyi hesabatda avtokratik hökumətlərin vergidən yayınma, çirkli pulların yuyulması, hədə-qorxu, şantaj, terrorun maliyyələşdirilməsi, dələduzluq, mənimsəmə və xarici vəsaitlərin qanunsuz qəbulu kimi ittihamlarla azad mətbuatı necə susdurmasından bəhs olunur.

“Araşdırmamız göstərir ki, jurnalistlərə və media qurumlarına qarşı maliyyə cinayətlərilə bağlı ittihamlardan sui-istifadə bütün bölgələrdə genişlənən bir fenomenə çevrilir. Getdikcə daha çox ölkədə media maliyyələşdirilməsi üzrə məhdudiyyətlər artır və müstəqil medianın fəaliyyətini davam etdirməsi faktiki cinayət hesab olunur. Bu da jurnalistləri və media qurumlarını mühacirətə məcbur edir”, – Dünya Xəbər Nəşrlərinin Assosiasiyasının rəhbəri Edvard Pittman hesabatın təqdimat mərasimində deyib.

Pittman əlavə edib ki, hökumətlər əksər hallarda korrupsiya ilə mübarizə üçün tətbiq olunan vasitələri məhz korrupsiyanı ifşa etməyə çalışan jurnalistləri hədəfə almaq üçün istifadə edir. Hesabatda qeyd olunur ki, bu ittihamların tətbiq olunması jurnalistlərin və ya media qurumunun həm reputasiyasına, həm də maliyyə dayanıqlığına hücum kimi qiymətləndirilir.

"Maliyyə qanunlarından jurnalistləri susdurmaq üçün sui-istifadə ilə bağlı narahatedici bir nümunə var: bir çox hallarda məqsəd jurnalistləri və media qurumlarını “korrupsioner” kimi təqdim edərək onların reputasiyasını və etibarlılığını məhv etməkdir", – deyə hesabatın müəlliflərindən biri Elisa Cueqa bildirib.

Cueqa əlavə edib ki, çox az sayda media qurumu iqtisadi və hüquqi təzyiqlərlə mübarizədə öz xərclərini qarşılaya bilir. O əlavə edib ki,  bu cür mürəkkəb və bəzən qeyri-şəffaf ittihamlardan müdafiə olunmaq jurnalistlərə və media qurumlarına çox baha başa gəlir. Üstəlik çoxu müvafiq hüquqi müdafiəyə çıxış imkanına malik deyil, müdafiəyə çıxış imkanı olanların isə vəkilləri çox vaxt təzyiqlərə məruz qalır.

“Abzas Media” ilə yanaşı tanzaniyalı jurnalist Erik Kabendera,  Honq Konqdan Cimmi Ley, Qvatemaladan Xose Ruben Samora, Gürcüstandan Nika Qvaramia, Flippindıən Maria Ressa və onun rəhbərlik etdiyi Reppler saytı, eləcə də Hindistandan NewsClick, San Salvadordan El Faro saytlarına qarşı açılan cinayət işləri də hesabata daxil edilib.

Abzas Media - Ötən il noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də saytın baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 30-da jurnalist Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, yanvarın 13-də isə reportyor Elnarə Qasımova saxlanılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib.

2024-cü ilin avqustunda “Abzas Media işi” üzrə həbs olunanlara qarşı yeddi əlavə maddə ilə daha ağır ittihamlar irəli sürülüb. İndi onlar Azərbaycan Cinayət Məcəlləsinin 192.3.2 (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş gəlirləri leqallaşdırma), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 320.1 və 320.2-ci (sənədləri saxtalaşdırma və saxta sənədlərdən istifadə), həmçinin 213.2.1-ci (qrup şəklində vergidən yayınma) maddələri ilə ittiham olunurlar.

Qeyd edək ki, bu ittihamlarla onları əvvəlki kimi 8 ilədək deyil, 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Jurnalistlər bütün ittihamları rədd edir, həbslərini “Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə əlaqələndirirlər.

El Faro - 15 ildir ki, El Faro "Mərkəzi Amerika və universal missiya"ya malik olduğunu iddia edir və qəzetin əməkdaşları bu keçidin həmin istiqamətdə atılmış bir addım olduğuna ümid edirlər. Keçidi elan edən açıq məktubda digər Mərkəzi Amerika ölkələrində baş verən vəziyyətlər xatırlanır və mətbuata qarşı hücumların bir tendensiya olduğu göstərilir.

Qvatemalada jurnalistlər hüquqi təqiblərə məruz qalır. “ElPeriódico” nəşrinin rəhbəri Xose Ruben Samora doqquz aydır ki, həbsdədir.

Honduras mətbuat azadlığı indeksində regionda sonuncu yerdədir. Dekabr ayında prezident Siomara Kastro jurnalistlərin müdafiəsi mexanizmini ləğv edib və həmçinin fövqəladə hal elan edib.

Digər tərəfdən, Nikaraqua artıq mübahisəsiz bir diktatura halına gəlib. Daniel Orteqanın rejimi bütün tənqidi medianı bağlayıb, jurnalistləri həbsə atıb, deportasiya edib və onları vətənsiz qoyub.

Bukelenin digər ölkələrin liderlərindən bir fərqi var - əhali onu həvəslə dəstəkləyir. Özünü "quldur dəstələrilə müharibə" aparan şəxs kimi təqdim edən Bukelenin açılışını etdiyi meqa həbsxana onun populyarlıq reytinqinin 90% civarında olmasına səbəb olub.

Erik Kabendera – Erik Kabendera müstəqil jurnalistikaya, siyasi və regional təhlükəsizlik məsləhət xidmətlərinə əhəmiyyətli töhfələr verib. Onun jurnalistika fəaliyyəti əsasən Şərqi və Mərkəzi Afrikada yerləşən və qitənin aparıcı qəzetlərindən biri olan “The East African” nəşri ilə bağlıdır. O, əsasən münaqişə və siyasi mövzuları işıqlandırıb. Bununla yanaşı, o, “The Economist Intelligence Unit”, “The Guardian UK” və “The Times of London” üçün də yazılar təqdim edib. Onun araşdırmaları, əsasən, qanunsuz sərhəd ticarəti və terrorizm mövzularına yönəlib.

Kabendera 2019-cu ildə vergidən yayınma və pulyuma ittihamları ilə həbs edilib. Baş prokurorun imzaladığı sənəddə qeyd olunub ki, Kabenderanın 2015-ci ilin yanvarından bəri dövlətə 75 min dollar vergi borcu olub və jurnalist eyni məbləğdə pulu qeyri-qanuni yollarla yuyub.

Həbsindən bir həftə sonra tanzaniyalı araşdırmaçı jurnalist Dar-əs-Salamda məhkəmə qarşısına çıxıb. Jurnalistləri Müdafiə Komitəsinin məlumatına görə, o, mütəşəkkil cinayətkar qruplaşmada iştirak, çirkli pulların yuyulması və vergidən yayınmada ittiham olunub.

Fəalların sözlərinə görə, həbsindən bir həftə əvvəl altı mülki geyimli şəxs gümüş rəngli mikroavtobusla Kabenderanın evinə gedib və həm yerli, həm də beynəlxalq media üçün yazan jurnalisti qaçırıb. 

Növbəti gün polis Kabenderanın saxlanıldığını və vətəndaşlığının yoxlanıldığını bildirib. Cümə günü hakimiyyət onu kibercinayətkarlıq qanunlarına uyğun olaraq iğtişaşda ittiham edib, lakin bazar ertəsi ittihamlar cinayətkar qruplaşmada iştirak, vergidən yayınma və çirkli pulların yuyulması kimi ittihamlarla əvəzlənib.

Cimmi Ley – Media maqnatı, demokratiya aktivisti və dini azadlığın müdafiəçisi Cimmi Ley 10 avqust 2020-ci il tarixində Honq Konqdakı evindən “xarici ölkə və ya xarici elementlərlə birgə milli təhlükəsizliyi təhlükəyə atmaqda” və “dələduzluqda” ittiham olunaraq həbs edilib. Növbəti gün Ley zamin qarşılığında ev dustaqlığına buraxılıb.

3 dekabr 2020-ci ildə Leyin ev dustaqlığı ləğv edilib və o, yenidən həbsə göndərilib. Həmin il dekabrın 23-də Ley yenidən ev dustaqlığına buraxılıb. Dekabrın 31-də isə Ley dövlət ittihamçısının Ali Məhkəmənin ev dustaqlığı barədə qərarına etirazından sonra növbəti dəfə həbs edilib.

2021-ci il aprelin 16-da Honq Konqda bir hakim Leyi 2019-cu ildəki iki etiraz aksiyasında iştirakına görə 14 ay həbs cəzasına məhkum edib. Həmin il mayın 28-də Honq Konqun rayon məhkəməsi Leyi 2019-cu ilin oktyabrında icazəsiz mitinqdə iştirakına görə əlavə 14 ay həbs cəzasına məhkum edib.

Ley 2020-ci ildə Tiananmen Meydanında keçirilən anım tədbirində iştirakına görə 2021-ci il dekabrın 9-da “icazəsiz toplanma”da ittiham olunub. Dekabrın 13-də Honq Konqun rayon məhkəməsi Leyi daha 13 ay həbs cəzasına məhkum edib. Leyin cəzaları eyni anda icra olunacaq.

2022-ci il oktyabrın 25-də Leyə qarşı dələduzluq ittihamı irəli sürülüb. 2023-cü ilin avqustunda apellyasiya məhkəməsi Leyin icazəsiz mitinq təşkil etmək ittihamını ləğv edib, lakin icazəsiz toplanmada iştiraka görə cəzasını qüvvədə saxlayıb.

Cimmi Ley Honq Konqdakı “Stanley” həbsxanasında cəzasını çəkir.

Xose Ruben Samora – Avqustun 26-da Quatemalanın Doqquzuncu Cinayət Məhkəməsi “elPeriodico” qəzetinin sahibi Xose Ruben Samoranın ev dustaqlığına buraxılması qərarını təsdiqləyib. O, 760 gündən çoxdur ki, qeyri-insani şəraitdə saxlanılır. Bu qərara baxmayaraq, ona qarşı davam edən digər iki cinayət işi səbəbindən Samoranın azad olunması mümkün olmaya bilər.

Beləliklə, “elPeriodico”nun təsisçisi ona qarşı digər iki iş üzrə dinləmələr davam etdiyinə görə, hələ də həbsdə qalır. Sözügedən işlərdən biri məhkəmənin ədalətli işinə mane olmaq, digəri isə immiqrasiya nəzarəti sənədlərində imzaların saxtalaşdırılması iddiaları ilə bağlıdır.

İyulun sonunda keçirilən bir görüşdə Qvatemala prezidenti Bernardo Arevalo RSF-yə və jurnalistin oğlu Xose Karlos Samoraya Xose Ruben Samoranın həbsinin qeyri-obyektiv xarakterini qəbul etdiyini bildirib və onun tezliklə azadlığa çıxması üçün əlindən gələni etməyə hazır olduğunu bir daha təsdiqləyib. 

Maria Ressa və “Reppler” – Maria Ressa 21-ci əsrin fırtınasının mərkəzində yaşayır. Bu, dezinformasiya və hücumların furorudur – müstəqil jurnalistlər qanunsuz olaraq onlayn zorakılığa məruz qalır, faktlar yox edilir və demokratiyalar məhv olur.

O, təkcə jurnalist olduğu üçün deyil, qadın olduğuna, dərisinin rənginə, Amerika vətəndaşlığına və seksuallığına görə hücuma məruz qalır. Ressa qadın jurnalistlərə qarşı qlobal onlayn zorakılıq bəlası ilə bağlı emblematik bir nümunədir və viral dezinformasiya, şəbəkə misoginiyası, platformanın ələ keçirilməsi, mətbuat azadlığının aşınması və müasir populist siyasətin kəsişməsində fəaliyyət göstərir. 

Ressaya qarşı hücumlar jurnalist qətllərinin gündəmdə olduğu bir vaxtda onu açıq şəkildə qınayan Filippin prezidenti Duterte tərəfindən körüklənir. Duterte hökuməti həmçinin onlayn olaraq Ressanı hədəf alan bir sıra əsas aktyorları işə götürür. Ressaya qarşı ən acınacaqlı hücumlar təşkil edilir. 

Sosial media ekosistemində nifrət nitqini aradan qaldırmaq üçün yeni cəhdlərə baxmayaraq, platformalar bu hücumları asanlaşdıran vektordur və Ressanın dövlət tərəfindən hüquqi təqibi üçün əlverişli mühit yaradır.

Ressanın dediyi kimi bu “hüquq müharibəsi” onun 2020-ci ilin ortalarında qondarma “kiberböhtan” ittihamı ilə məhkum edilməsinə səbəb olub və “müharibə” gedərək qızışmaqda davam edir. 

İki ildən az müddətdə 10 həbs orderi verilən və altı həftə ərzində iki dəfə həbs edilən jurnalist zaminə buraxılmaq üçün keçmiş Filippin diktatorunun korrupsioner həyat yoldaşı İmelda Markosun xərclədiyindən daha çox pul ödəməli olub.

Ressa hazırda doqquz ayrı iş üzrə ittiham olunur və o, bütün ittihamlar üzrə mühakimə olunarsa, ömrünün qalan hissəsini Filippin həbsxanasında keçirə bilər. Sadəcə jurnalistika fəaliyyəti göstərdiyinə və ictimai maraq doğuran mövzuları işıqlandırdığına görə. 

NewsClick” -  2023-cü il oktyabrın 4-də Dehli polisi baş redaktor Prabir Purkayastha və “NewsClick” nəşrinin insan resurslarının rəhbəri Amit Çakravartini media orqanının xaricdən maliyyələşməsi şübhəsi ilə həbs edib. “NewsClick” nəşri bu ittihamı qəbul etmir.

Elə həmin gün polis “NewsClick”in ofisində və onun bir neçə əməkdaşının və jurnalistlərinin evlərində axtarış aparıb, noutbuklar və telefonlar da daxil olmaqla bir neçə elektron cihazı ələ keçirib.

Jurnalistlərin evlərində də axtarış aparılıb, onlar həmçinin terrorizm və mütəşəkkil cinayət hadisələrini araşdıran Dehli Polisinin Xüsusi Şöbəsi tərəfindən sorğulanıblar.

“The Wire” müstəqil qeyri-kommersiya xəbər saytı Dehli Polisinin Xüsusi Şöbəsinin avqust ayında “NewsClick”ə qarşı Hindistan Cinayət Məcəlləsinin iki maddəsi ilə istintaq başlatdığını bildirib. Nəşrin məlumatına görə, irəli sürülmüş ittihamlar terror aktları və iğtişaş üçün vəsait toplamağı ehtiva edən Qanunsuz Fəaliyyətlərin Qarşısının Alınması Aktının beş maddəsinin pozulmasından, o cümlədən müxtəlif amillərə əsaslanan fərqli qruplar arasında düşmənçiliyi təşviq etməkdən ibarətdir.

2021-ci ildə İcra Müdirliyi xaricdən gələn çirkli pulların yuyulması ilə bağlı araşdırmanın bir hissəsi olaraq “NewsClick”in binalarında və dörd yüksək vəzifəli menecment üzvünün yaşayış yerlərində axtarış aparıb.

Nika Qvaramia - 2022-ci ilin mayında tanınmış gürcüstanlı jurnalist və aparıcı müxalif siyasətçi Nika Qvaramiya vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinərək 3,5 il müddətinə azadlıqdan məhrum edilib. O, “Rustavi 2” telekanalının baş direktoru kimi qəbul etdiyi biznes qərarlarına görə əsassız olaraq müəyyən cinayətlərdə ittiham olunub. “Rustavi 2” müxalifət televiziyası olub. Qvaramiyanın hazırkı Gürcüstan hökumətinə qarşı tənqidi mövqeyini nəzərə alaraq, onun cəzası və mühakiməsi qeyri-mütənasib və siyasi motivli kimi geniş şəkildə pislənib. Media Müdafiəsi bundan əvvəl də Qvaramiyanın jurnalist fəaliyyətinə və siyasi baxışlarına görə məhkum edilməsi ehtimalı ilə bağlı narahatlıqlarını ifadə edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun