Yağış suyunda boğulan Elnur və Köçəri Kürdəmirdən Bakıya çörək dalınca gəliblərmiş

Yağış suyunda boğulan Elnur və Köçəri Kürdəmirdən Bakıya çörək dalınca gəliblərmiş Foto: Qafqazinfo
23 Oktyabr 2024
Mətni dəyiş

Faciənin baş verdiyi Sabunçu rayonunun kanalizasiya xətlərinə dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılıb

"Evə tək çörək gətirən o idi, elə Bakıdan Kürdəmirə çörək daşıyırdı, həftədə 1-2 dəfə evinə 25 manat girirdi".

Bu sözləri Sabunçu rayonu ərazisində su basmış tuneldə boğularaq həlak olan Elnur Şirinovun yeznəsi Seyidrza Qəniyev deyir. 

Onun sözlərinə görə, 2 uşaq atası olan Elnurun daimi iş yeri olmayıb. O, dostu Köçəri Abbasovla birlikdə Kürdəmirdən Bakıya çörək daşımaq üçün gəlib.

"Elə hadisə də Bakıya çörək dalınca gələndə olub. Bu gün dəfn elədik artıq. İki uşağı var, ikisi də məktəblidir. Qızı böyükdür, 7-ci sinifdə oxuyur, oğlan balaca. Daimi işi yox idi, həftədə 1-2 dəfə evinə 25 manat girirdi. Bakıdan Kürdəmirə maşınla çörək daşıyırdı. Rəsmi işi yox idi deyə, sosial dəstək də almırdı. Bu hadisədən sonra Kürdəmir İcra Hakimiyyətindən gəldilər ki, təzminat veriləcək, kömək ediləcək". 

Xərclənən milyonların fonunda nə baş verdi?

Oktyabrın 22-də yağan intensiv yağışlardan sonra su basmasından ən çox əziyyət çəkən rayonlardan biri də Sabunçu rayonu oldu. Rayonun kanalizasiya sistemləri yeni qurulan bir neçə qəsəbəsi su altında qaldı, 2 nəfər -  Köçəri Abbasov və Elnur Şirinov yağışın qurbanı oldu. 

Elə bu ərəfələrdə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti yaydığı məlumatda qeyd etdi ki, subasmanın səbəbi yağıntının normadan artıq olmasıdır. Eyni zamanda yağış sularının axıdılması üçün istifadə olunan kollektorlar da sovet dövründən qalıb, istismar müddətləri bitib. 

Lakin, "AbzasMedia"nın yoxlamaları göstərir ki, Sabunçu rayonunun su-kanalizasiya xətləri heç də Sovet dövründən qalmayıb. Hətta Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da uzun illər bu ərazilərdə kanalizasiya xətləri çəkilməyib. 

Belə ki, ölkə başçısı İlham Əliyev hələ 13 il əvvəl Sabunçu sakinləri ilə görüşü zamanı rayonun kanalizasiya problemlərindən danışanda deyir ki, ümumiyyətlə Sabunçu qəsəbəsində və digər qəsəbələrdə kanalizasiya xətləri olmayıb.

"Bu, ən böyük problemdir. Biz bu problemin həlli üçün çalışırıq. Hələ bu, görülən işlərin birinci mərhələsidir, əsas yollar təmir olunacaq, uşaq bağçaları, məktəblər, tibb məntəqələri tikiləcək, kanalizasiya xətləri çəkiləcək", - prezident Əliyev əlavə edir. 

"Master Plan"...

Bakıda su-kanalizasiya yenidənqurması işləri 2006-2007-ci illərdən başlayıb. Hövsan Təmizləyici Qurğular Stansiyası, 2 saylı Zığ Nasos Stansiyası və Əsas Ötürücü Kanalizasiya kollektorları yenidən qurulub. “Azadlıq Radiosu” yazır ki, bu işlər Fransa hökumətinin verdiyi 35 milyon avro kredit və Azərbaycan büdcəsindən ayrılmış 44.9 milyon manat vəsait hesabına görülüb. 

2011-ci ildə prezident Sabunçuya səfərində sakinlərlə kanalizasiya problemlərinin dövlət proqramı əsasında həll olunacağına söz verib. Elə bundan bir neçə il sonra “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramında çıxış edərək bildirib ki, kanalizasiya sistemləri və yağış sularının idarə olunması üçün “Master Plan” hazırlanıb və real işlərə başlanılıb.

Bu çıxışdan 1 il sonra - 2017-ci ildə İlham Əliyev Sabunçu və Suraxanı rayonlarının su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı sərəncam imzalayıb. Sərəncamla "Azərsu" ASC-yə 3,73 milyon manat vəsait ayrılıb. Elə həmin il Bakı şəhərində kanalizasiya və yağış suları infrastrukturunun təkmilləşdirilməsi məqsədilə ümumilikdə 14,7 mln. manat ayrılıb. 2019-cu ildə Sabunçu rayonunun su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı daha 3 milyon manat əlavə olunub. 

Rəsmi məlumatlardan aydın olur ki, sərəncamlarla yağış sularının kənarlaşdırılması məqsədilə kollektorlar inşa edilib, kanalizasiya xətləri yenilənib.

Dövlət büdcəsindən ayrılan milyonlar...

Dövlət Satınalmalarının rəsmi portalındakı məlumatlardan aydın olur ki, Sabunçuda su-kanalizasiya xətlərinin çəkilməsi təkcə "Azərsu" ASC-nin monopoliyasında olmayıb. 

Məsələn, 2018-ci ildə dərc olunan müqavilə elanından görünür ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu da Sabunçu rayonunun bir qəsəbəsində texniki infrastruktur üçün 3 milyon 506 min 132 manatlıq satınalma müqaviləsi imzalayıb. Müqavilə "Azərsutəchizattikinti" ASC ilə imzalansa da, tender keçirib-keçirilməməsi ilə bağlı məlumatlar qeyd olunmayıb. 

Eyni zamanda, 2019-cu ilin oktyabrında "Azərsu" ASC "Mühəndis Tikinti Layihə" MMC ilə Sabunçu qəsəbəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə satınalma müqaviləsi imzalayıb. Müqavilənin dəyəri 296 min 100 manat olub. 

2022-ci ildə isə "Azərsu" ASC ilə "Arko Təmir Tikinti Şirkəti" MMC arasında Ramana qəsəbəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə satınalma müqaviləsi imzalanıb. Açıq tenderdə müqavilənin ümumi dəyəri 8 milyon 202 min 558 manat olub. 

Ancaq illər ərzində ayrılan vəsaitlər və görülən işlər Sabunçu sakinlərini sudan quruya çıxara bilməyib. 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun