Hüquq müdafiəçisinin bildirdiyinə görə, 159 gündür həbsdə aclıq edən Fazil Qasımov COP29-un qonaqlarına səsli müraciət göndərəndə nəzarətçilər onu sürüyərək telefon otağından çıxarıblar
Bakıda keçirilən COP29 iqlim konfransı ərəfəsində həbsdə olan jurnalistlərə, ictimai-siyasi fəallara qarşı işgəncə və zorakılıq halları ilə bağlı məlumatlar artıb.
Bu günlərdə həm 1 saylı Bakı İstintaq Təcridxanasında, həm cəzaçəkmə müəssisələrində, həm də Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan ictimai siyasi fəalların, jurnalistlərin zorakılığa məruz qalmaları haqda xəbərlər gəlir.
Noyabrın 17-də həbsdə olan alim Fazil Qasımovun da zorakılığa məruz qaldığı bildirilir. “Abzas Media”ya bu barədə “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov məlumat verib.
“Qasımov ailəsilə telefon danışığı zamanı bir neçə dəfə ingilis dilində danışıb. O, COP29-un qonaqlarına səsli müraciət göndərmək istəyib. Bu zaman müəssisənin əməkdaşları onu sürüyərək telefon otağından çıxarıblar, paltarlarını cırıblar”, - deyə o əlavə edib.
“Qubad İbadoğlu işi” üzrə Türkiyə saxlanılaraq Bakıya gətirilən və burada həbs edilən alim ittihamları rədd edir, həbsinə etiraz olaraq 159 gündür aclıq aksıyası keçirir.
"Abzas Media işi" üzrə tutulan, 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalistlər də fiziki zorakılığa məruz qalıblar. Belə ki, son 3-4 gün ərazində jurnalistlər Sevinc Vaqifqızı (Abbasova), Nərgiz Absalamova, Elnarə Qasımova təcridxana nəzarətçilərinin zorakılığı nəticəsində müxtəlif bədən xəsarətləri alıblar.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Niyaməddin Əhmədov və jurnalist Polad Aslanov isə həbsdə aclıq aksiyası keçirdikləri üçün təqiblə üzləşiblər.
“Rəsmi Bakının zorakılığı dövlət siyasətinə çevirdiyi aşkardır”, - deyən Rüfət Səfərov qeyd edir ki, hakimiyyətin alternativ fikrə, müxalif rəyə, azad mediaya, sərbəst hüquqi iradəyə, müstəqil vətəndaş cəmiyyətinə qarşı dözümsüzlüyü ifrat həddə çatıb.
Onun fikrincə, hüquq müdafiəçilərinin də son hesabatında qeyd olunduğu kimi Azərbaycanda 319 siyasi məhbusun olması sırf bunun nəticəsidir.
“Fəallar həbsdə də işgəncəyə, pis rəftara, ləyaqəti alçaldan davranışa məruz qalırlar. Hakimiyyətin korrupsioner, hüquqazidd anatomiyasını, cəza-icra siyəsətinin zorakı mahiyyət daşıdığını konkret araşdırma materialları ilə ifşa edən “Abzas Media”nın direktoru Ülvi Həsənlinin, baş redaktor Sevinc Vaqifqızını, jurnalistlər Nərgiz Absalamovanın, Elnarə Qasımovanın pis rəftara məruz qalması onu göstərir ki, Azərbaycan hakimiyyəti hüquqi nihilzmi dövlət kursuna çevirib”, - deyə o bildirib.
Bir sıra insan hüquqları pozuntusunu xatırladan hüquq müdafiəçisi əlavə edir ki, baş verənlər sivil dünyaya avtoritarizmdən diktaturaya keçid edən bir sistemin -YAP (red- iqtidarda olan Yeni Azərbaycan Partiyası) hakimiyyətinin açıq-aşkar meydan oxumasıdır.
2013-cü il prezident seçkilərində İlham Əliyevin əsas rəqibi olan və onun qələbəsini tanımayan siyasətçi, professor Cəmil Həsənli deyir ki, işgəncə halları İlham Əliyevin hakimiyyəti dövründə həmişə olub. Hətta istintaq altında olan şəxslərin döyülüb öldürülməsi halları da baş verib.
O xatırladır ki, işgəncə həm yerli, həm də beynəlxalq qanunvericiliklə qadağandır.
“Azərbaycan Avropa İnsan Haqları xartiyasının üzvüdür və üzv dövlətlərin öhdəliyidir ki, insanlara qarşı işgəncədən, qeyri-insani rəftardan istifadə etməsin. Eyni zamanda, işgəncə Azərbaycanın üzv olduğu Birləşmiş Millətlər Təşkilatının (BMT) nizamnaməsilə, bizim öz Konstitusiya və qanunlarımızla da qadağandır” - deyə o əlavə edir.
Siyasətçi deyir ki, işgəncə hallarının bu qədər geniş yayılmasına baxmayaraq, Azərbaycanın hüquq mühafizə orqanları hakim ailənin mühafizəçisinə çevrildiyindən həmişə məsuliyyətdən kənar saxlanılırlar.
“Bu günlərdə məlumat yayıldı ki, “Abzas Media”nın jurnalistlərinə, xüsusilə Sevinc Vaqifqızına, Nərgiz Absalamovaya, Elnarə Qasımovaya həbs yerində işgəncə tətbiq edilib. Bu, tamamilə yolverilməzdir. Bu, vicdansız adamların vicdan məhbuslarına qarşı törətdikləri qanunsuz əməllərdir. Buna qarşı olmaq lazımdır. Bu yaxınlarda bu iş üzrə həbs olunan Ülvi Həsənli də zorakılığa məruz qalması, qızı ilə görüşə bilməməsilə bağlı məlumat yaymışdı.
“Toplum TV”nin əməkdaşlarına qarşı da işgəncə faktları var. Xüsusilə, Ələsgər Məmmədlinin səhhətilə bağlı məsələlərə münasibətdə bunu açıq görmək olur. Bura mən cəbhəçi məhbusları (red-Azərbaycan Xalq Cəbhəsi Partiyasının həbsdə olan üzvləri) və dindarları da əlavə edərdim”, - deyə Cəmil Həsənli vurğulayır.
Həm Ədliyyə Nazirliyi həm də onun tabeliyindəki Penitensiar Xidmət işgəncə və zorakılıq halları üzrə ayrı-ayrı keyslərdə göndərdiyimiz sorğuları bir qayda olaraq cavabsız saxlayırlar. Azərbaycan hakimiyyəti isə ölkədə siyasi məhbsun olmadığını bildirir.