Vəkili Zibeydə Sadıqovanın sözlərinə görə, əvvəldən ona bildirilib ki, COP29 tədbirinə görə təqsirləndirilən şəxslər öz məhkəmələrinə gətirilməyəcəklər
Noyabrın 7-də "Abzas Media"nın direktoru Ülvi Həsənlinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
Xətai rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə müstəntiq Torğul Hüseynov və prokuror Heydər Lütfəlizadə iştirak ediblər. Jurnalistin müdafiəçisi prosesdə olmayıb. Vəkil Zibeydə Sadıqova bildirib ki, ona son anda məlumat verildiyi üçün məhkəmədə iştirak edə bilməyib.
"Ülvi Həsənli isə iclasa istintaq təcridxanasından internet vasitəsilə qoşulmaqdan imtina etdiyi üçün məhkəməyə axşam saatılarında gətirilib. Halbuki mənə demişdilər ki, COP29-a görə məhkəməyə dustaq gətirmirlər. Ülvi dedi ki, onu artıq 5 dəfə hazırlayıblar ki, məhkəməyə aparacaqlar, son anda aparmayıblar. İş saatından sonra gətirilib, proses 19:15-də başlayıb", - Zibeydə Sadıqova bildirib.
Ümumilikdə vəsatət rədd edilib. Eyni gündə, eyni məhkəmədə "Azadlıq Radiosu"nun jurnalisti, iqtisadçı Fərid Mehralızadənin, "Abzas Media"nın jurnalisti Elnarə Qasımovanın da məhkəməsi olub. Onların da ev dustaqlığına buraxılması ilə bağlı müraciətləri rədd edilib.
Ötən ilin noyabrından etibarən Azərbaycanda dövlət rəhbərliyi ətrafında korrupsiya araşdırmaları edən "Abzas Media"nın 6 əməkdaşı həbs edilib. Onlar qaçaqmalçılıqda ittiham ediliblər.
Bu il mayın 31-də isə "Azadlıq Radiosu"nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə saxlanılıb, evində axtarış aparılıb. İyunun 1-də ona qarşı “Abzas Media işi” üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Xətai rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Elə həmin gün “Abzas Media” bəyanat yayaraq Mehralızadənin bu media qurumu ilə heç bir əməkdaşlığının və əlaqəsinin olmadığını bildirib.
Daha sonra bu iş üzrə həbs edilənlərlərin hər birinə qarşı maliyyə məsələlərilə bağlı əlavə 7 ağır maddə üzrə ittiham irəli sürülüb.
Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları bu təqibləri siyasi motivli hesab edir və həbs olunanların azad edilməsinə, onlara qarşı ittihamların geri götürülməsinə çağırırlar.