Azərbaycanın seçki müşahidə biznesi

Azərbaycanın seçki müşahidə biznesi Foto: Forbidden Stories
27 Fevral 2024
Mətni dəyiş

İlham Əliyev fevralın 7-də keçirilən, repressiyalar və jurnalistlərin həbsləri ilə müşayiət olunan prezident seçkilərində 92%-dən çox səs toplayaraq yenidən Azərbaycanın prezidenti seçilib. Rejim dünyanın müxtəlif ölkələrindən Əliyevin qələbəsini dəstəkləyən seçki müşahidəçilərini ölkəyə dəvət edib. 

“Forbidden Stories” “Baku Connection” layihəsi çərçivəsində Azərbaycanda insan haqlarını tapdalayan rejimin demokratiya illüziyası satmaqla seçki müşahidəçilərini necə manipulyasiya etdiyini araşdırıb. 

Müəllif: Eloiza Layan

Əlavə məlumatlar: Yussr Yusif (“Forbidden Stories”), Pasian Ruşon (“Forbidden Stories”), Sebastyan Zeybt (“France 24”)

 

Tanzaniyadan olan 28 yaşlı Cessika Mşamaya görə, 7 fevral seçkisi Azərbaycanda çox sakit keçib. Xəzər dənizinin sahilində yerləşən bu Qafqaz ölkəsindəki seçki Mşamanın indiyədək müşahidə etdiyi “ilk ən sakit” seçki olub.

FOTO: Tanzaniyalı Cessika Mşama Bakıdakı seçkiləri müşahidə etməyə hazırdır, Instagram postu
 
https://www.instagram.com/p/C3FSqels54d/?hl=fr

 

Mşama dünyanın 89 ölkəsindən qatılan 800-ə yaxın seçki müşahidəçisindən biri olub. O, “Forbes Africa”-nın “30 altında 30” siyahısına daxil edilən və “Instagram”da 100.000-dən çox izləyici sayı ilə yüksəlməkdə olan sosial media ulduzudur. Mşama beş səsvermə məntəqəsinə baş çəkdiyini və səsvermə prosesinin rahat, yüksək iştirak fəallığı ilə keçdiyini və elektoratın müxtəlifliyini müşahidə etdiyini bildirib. O, “Forbidden Stories”-ə seçkilər prosesinə  “heyran qaldığını” deyib. Azərbaycan mətbuatına müsahibəsində isə seçkilərin “çox ruhlandırıcı” olduğunu qeyd edib.

Digər müşahidəçilər də Mşamanın fikrini bölüşürlər. Meksikadan nümayəndə Alberto Villa Villeqas "fövqəladə yaxşı təşkil olunmuş seçki olduğunu” əlavə edib. Malayziyadan olan Nur Cazlan Mohamed seçkilərin “beynəlxalq standartlara uyğun” olduğunu deyib. "Yaşa, İtaliya" Partiyasından olan deputat Naike Qruppioni: “müşahidə etdiyim seçki prosesi bir çox ölkələr, məsələn, mənim ölkəm İtaliya üçün bir nümunədir”, – deyə vurğulayıb. 

İtaliyalı deputat: Müşahidə etdiyim seçki prosesi bir çox ölkələr, məsələn, mənim ölkəm İtaliya üçün bir nümunədir”

Naike Qruppioni (soldan ikinci) digər italiyalı deputatlarla birgə Azərbaycan mətbuatına şərh verir. 

Foto: “secki-2024.az” saytından skrinşot. 

 

Seçki gecəsi nəticələr açıqlananda hazırkı prezident Əliyev 92,12% səs toplayaraq yenidən prezident seçilib. İyirmi il dəmir yumruğu ilə Azərbaycanı idarə edən Əliyev atasından miras qalan neftlə zəngin ölkənin idarəsinin 21-ci ilinə qədəm qoyur. Əliyevin həyat yoldaşı Mehriban isə 7 ildir vitse-prezident vəzifəsindədir.

Üçüncü tərəf, guya neytral müşahidəçilər qismində olanların güclü dəstəyinə baxmayaraq, tənqidçilər iddia edirlər ki, Əliyev rejimi öz reputasiyasını təmizləmək, korrupsiya qalmaqallarını və insan haqları pozuntularını ört-basdır etmək üçün seçki monitorinqindən istifadə edir. “Baku Connection” layihəsi çərçivəsində “Forbidden Stories” Azərbaycanda seçki monitorinqinin qaranlıq tərəfini araşdırıb.

 

“Forbidden Stories” və Avropanın 15 media orqanı ilə əməkdaşlıq edən 40 jurnalist Azərbaycanın müstəqil media orqanı “Abzas Media”nın həbs edilmiş 6 əməkdaşının fəaliyyətini davam etdirir. Onlar ölkədə Əliyev rejiminin sui-istifadə hallarını araşdıran müstəqil medianın son təmsilçilərindəndir.

 

Beynəlxalq müdafiə divarı

Rejim tənqidçilərindən olan Cavid Ağa 2020-ci ildə keçirilən son parlament seçkilərində müşahidəçi olub. Onun təcrübəsi Mşamanınkından fərqli olub. C.Ağa bir gündə beş şübhəli hadisənin, o cümlədən bülletenlərin topa şəkildə seçki qutusuna atılmasının, “karusel”in şahidi olduğunu deyir. O, beynəlxalq müşahidəçilərin “hökumət təbliğatının simasından başqa bir şey olmadığını” əlavə edir.

Ağa ölkənin iki müxalifət partiyasının - Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyasının seçkiləri boykot etdiyini qeyd edərək, yenidən müşahidəçi olmaqdan imtina edib. Müsavat funksionerlərindən biri 2023-cü ilin dekabrında həbs olunub.

“Bəlkə mən pessimistəm, amma burada müşahidə edəcək bir şey yoxdur”, – deyə Cavid Ağa şərhinə əlavə edib.

Avropada demokratiya ilə bağlı araşdırma mərkəzi olan “Avropa Sabitlik Təşəbbüsü”nün (AST) rəhbəri, sosioloq Gerald Knausun sözlərinə görə, Azərbaycanda seçki müşahidəçiləri iki fərqli qrupdan seçilir: peşəkarlar və bəzən rejimin rüşvət verdiyi şəxslər. Knaus bildirib ki, əvvəllər də Azərbaycan bəzən bu müşahidəçilərə açıq şəkildə, məsələn, Belçika və Almaniyadakı QHT-lər vasitəsilə ödəniş edib. Bakıya həmçinin siyasətçilər də dəvət olunub:

“Onlar yaxşı restoranlarda, yaxşı otellərdə vaxt keçirib sonra da televiziyada seçkilərin yaxşı keçdiyini deyirdilər”.

Anonimlik şərti ilə “Forbidden Stories”-lə söhbətləşən 2020-ci ildə ATƏT missiyasının müşahidəçisi də məsələyə eyni dərəcədə skeptik yanaşır. 2020-ci il parlament seçkilərində iştirak edən nümayəndə heyətinin üzvü bu missiyaların “heç də ciddi olmadığını” deyib.

“Onlar tez-tez siyasi gündəm və naməlum metodologiya ilə gəlirlər”, - o deyir. - “Çox vaxt onlar yalnız ya bir neçə seçki məntəqəsini və ya rekord müddətdə çoxlu sayda seçki məntəqəsini izləyirlər”.

Müşahidəçi onu da əlavə edir ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) tərəfindən aparılan xarici obyektiv seçki araşdırmalarının nəticələrini gözdən salmaq üçün mətbuatdan tez-tez istifadə olunub.

2024-cü ildə ATƏT Azərbaycanda keçirilən prezident seçkilərini tənqid edərək, seçkilərin “məhdud şəraitdə” keçirildiyini və “hazırkı prezident istisna olmaqla, seçkidə iştirak edən 6 namizədin hər birinin yaxın keçmişdə prezidenti dəstəklədiyini” qeyd edib. Təşkilat seçki məntəqələrinin 7,7 faizində pozuntular aşkar edib və bu göstəricinin “yüksək” olduğunu vurğulayıb.  2018-ci ildə bu göstərici 12% olub. 2013-cü ildə isə Azərbaycan seçki nəticələrini səsvermə gününə bir gün qalmış elan edib.

Prezident İlham Əliyev və ailəsi Xankəndidə səs verərkən 

Foto: Azərbaycan Prezidentinin rəsmi saytı

https://president.az/az/articles/view/63543/images 

 

Avtoritar rejimlər üzrə ekspert Maria Debre izah edir ki, mühiti sakitləşdirən müşahidəçilərdən istifadə rejim üçün “beynəlxalq təhlükəsizlik divarı” rolunu oynayır: “Bu, mövcud hökumətin legitimliyi üçündür. Bu, seçicilərə: “Baxın, bu, azad seçki idi. Baxın, seçkilər beynəlxalq standartlara uyğun keçirilib”, deməkdir. Bu, avtokratiyaların istifadə etdiyi ümumi bir mexanizmdir”.

İyirmi il əvvəl rejimlər Avropa nümayəndə heyətlərindən asılı idi, ancaq indi onların müxtəlif seçki monitorinq təşkilatlarına çıxışları var.

“Seçkiləri müşahidə etmək biznesi inkişaf edib. İlk olaraq Rusiyanın başçılıq etdiyi MDB [Müstəqil Dövlətlər Birliyi] mübarizəyə girişdi və ATƏT-in qərəzli təşkilat olduğunu bildirdi”, – deyə Debre əlavə edir.

SSRİ-nin keçmiş üzvlərini birləşdirən MDB Azərbaycandakı seçkilərin “nümunəvi səviyyədə” keçirildiyini bildirib. Azərbaycan “hər hansı pozuntunun müşahidə edilmədiyini” bildirən Şanxay Əməkdaşlıq Təşkilatını və Türk Dövlətləri Təşkilatını da müşahidəyə dəvət edib.

Avtoritar rejimlər demokratik hesab olunmaq üçün bəzən böyük xərcə girməyə belə hazırdırlar.

 

Korrupsioner avropalılar

2018-ci ilin aprelində Yasin Lamauinin seçki müşahidəçisi kimi rolu demək olar ki, diqqətdən kənarda qalıb. Fransalı müşahidəçininn Azərbaycana səfərinə dair sadəcə bir foto və yerli mətbuata verdiyi bir neçə bəyanatını aşkar etmək mümküdür. Həmin bəyanatlarda isə onun soyadı “Lamaoui” deyil, “Lamour” kimi qeyd edilib. 

Həmin ərəfədə Lamaui prezident Emmanuel Makronun "İrəli Respublika" partiyasından deputat olan Pyer Alen Rafanın köməkçisi kimi çalışıb. Rafan Fransa Milli Assambleyasının nəzdində olan Fransa-Azərbaycan dostluq qrupunun prezidenti olub və Azərbaycanın “Fransa-Azərbaycan Alyansı”na hər il 2,8 milyon avro məbləğində vəsait ayırdığını iddia edib. O, hələ deputat seçilməzdən əvvəl Azərbaycanın Fransadakı səfirinin göstərişi ilə yaradılmış “Victory Capital” məsləhət şirkəti ilə Lamaui vasitəsilə əlaqəyə keçib.

Fransanın “La Lettre” qəzetinin yazdığına görə, 2017-ci ildə  Emmanuel Makron Fransanın prezidenti seçildikdən sonra o vaxt Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyovun yeni prezidentin partiyasında kontaktlara ehtiyacı olub. Əmirbəyov Fransa siyasətində nüfuzunu artırmaq üçün bəzi deputatları “işə götürməyə” başlayıb. Amma səfir dəyişdiriləndən sonra guya, bu, baş tutmayıb. (“Forbidden Stories” şərh üçün Lamaui ilə əlaqə saxlaya bilməyib. Rafana gəlincə, o, həmkarının səfərini “xatırlamadığını”  və “Azərbaycandan heç vaxt pul almadığını” deyib).

2018-ci ilin aprelində deputat Pyer Alen Rafanın köməkçisi Yasin Lamaui Bakıda keçirilən prezident seçkilərini müşahidə edib. 

Foto: AzərTac-dan skrinşot

 

Lamaui Demokratik Seçkilər üçün Avropa Platformasının (EPDE) saytında yerləşdirilən, Azərbaycanda seçkiləri  müşahidə edən 70-dən çox “qərəzli müşahidəçi”dən biridir. 

Bu QHT korrupsiyaya görə məhkum olunmuş və ya ciddi metodologiyaya əməl etməyən müşahidəçiləri “saxta müşahidəçi” adlandırır. Onların bəziləri Avropa Şurasının üzvü, digərləri isə bütün xərcləri Azərbaycan tərəfindən qarşılanan “müstəqil müşahidəçi” kimi dəvət olunanlardır.

Seçkilərin monitorinqi Azərbaycan hökumətinin xaricdə nüfuzunu qaldırmaq və özünə müttəfiqlər cəlb etmək üçün istifadə etdiyi geniş bir sxemin elementlərindən biridir. Bu strategiya 2012-ci ildə “Kürü diplomatiyası” qalmaqalı ilə ifşa olunub. "Avropa Stabillik Təşəbbüsü" Təşkilatının sosioloqu Knaus və OCCRP jurnalistləri Avropa Şurasının bəzi üzvlərinin Azərbaycandan rüşvət aldıqlarını da aşkar ediblər. Onlar həmçinin müəyyən ediblər ki, Avropa Şurasının qərarları, o cümlədən ölkə lehinə verilən səslər indi korrupsiyaya görə təqib olunan seçilmiş nümayəndələr tərəfindən dəstəklənib.

Almaniyalı deputat Eduard Lintner Almaniya məhkəməsi tərəfindən “2016-cı ilə qədər 19 ofşor şirkət vasitəsilə milyonlarla avro almaqda” ittiham olunur. Ötən ilin dekabrında ona qarşı 2016-cı ildə 21 800 avro rüşvət aldığına görə, keçmiş deputat Aksel Fişerlə birlikdə rəsmi ittiham elan olunub. Korrupsiya qalmaqalında həmçinin Lintnerdən pul aldığı iddia edilən assosiasiya vasitəsilə Bakıda seçki müşahidə missiyalarını təşkil edən belçikalı deputat Alen Desteşelin də adı hallanır.

2021-ci ildə italiyalı deputat Luka Volonte 2012-2014-cü illər arasında Azərbaycandan 500 min avro rüşvət alma ittihamına əsasən, birinci instansiya məhkəməsinin qərarı ilə 4 il müddətinə azadlıqdan məhrum edilmişdi. 

Məhkəmədən sonra beynəlxalq korrupsiya cinayəti üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti bitdiyindən Apellyasiya Məhkəməsi 2022-ci ildə onu cinayət məsuliyyətinə cəlb etməyib.

Rüşvət rezervinin arxasında duran şəxsin, AŞPA-nın üzvü Elxan Süleymanovun olduğu iddia edilir. 2018-ci ildə korrupsiya iddialarını araşdırmaq üçün Avropa Şurası tərəfindən səlahiyyətləndirilmiş üç ekspertin dindirdiyi şahid “Süleymanovun ixtiyarında bu “çirkli lobbiçilik” üçün 30 milyon avro ola bilərdi” deyib. Bundan sonra 13 parlament üzvünün Avropa Şurasında işinə ömürlük qadağa qoyulub.

Onların ən azı səkkizi Azərbaycandakı seçkiləri müşahidə edib.

Keçmiş parlament üzvü Jan Lyuk Rayser (sağda), Yanuş Nedzveski (solda) və Prezident Heydər Əliyevin abidəsi (mərkəzdə). 2019-cu ildə çəkilmiş şəkil hazırda casusluqda ittiham olunan Y. Nedzveyskinin “Facebook” hesabında tapılıb.

 

Digər müşahidəçilərlə motivləri müəyyən etmək daha çətindir. 2020-ci ildə Bakıda keçirilən parlament seçkilərini Fransa Milli Assambleyasının Haut-Rhin bölgəsini təmsil edən sabiq deputatı Jan Lyuk Rayser müşahidə edib. Səfəri zamanı Rusiyada dərc olunan bir qəzet ondan sitat gətirib: “Azərbaycan tədricən demokratikləşmə yolu ilə gedir”.

Telefon zəngi zamanı o, Bakıya səfərini xatırlamadığını və COVİD-in səfərdən bir neçə həftə sonra onu komaya saldığını söyləyib. 

Konsorsiumun məlumatına görə, Rayser onu seçki müşahidəçisi kimi dəvət etməsinə baxmayaraq, Avropa Demokratiya və İnsan Haqları Mərkəzini (ECDHR), eləcə də o vaxtkı mərkəzin o vaxtkı prezidenti polşalı Yanuş Nedzveyskini də xatırlamayıb.

2019-cu ilin mayında “Facebook”da yerləşdirilən fotoda Rayser və Nedzveyskinin Bakıda birlikdə olduğunu görünür. Nedzveyski 2021-ci ildə həbs edilib və fevral ayından etibarən Kremlə casusluq ittihamı ilə mühakimə olunur.

 

Otellər, Lüks Mağazalar və Ticarət Mərkəzləri

Bakıya aparan birbaşa yollar da var. Fransanın qərbində yerləşən Nant şəhərində dərc olunan “La Baule+” qəzeti yazır ki, Azərbaycanın Parisdəki səfirliyi Fransa Milli Assambleyasının üzvü Sandrin Cossoyanın içkisinə narkotik maddə atmaqda ittiham olunan fransalı senator Joel Gerrionun Ermənistanla bağlı hesabatını gördükdən sonra ona dəvət göndərib.

Qəzetə Azərbaycan pərəstişkarı olan redaktor Yannik Urrien rəhbərlik edir. Gerrio 2020-ci il parlament seçkilərini müşahidə etmək üçün Azərbaycan səfiri tərəfindən dəvət olunub. Gerrio onlarla mikrofon qarşısında mətbuat konfransında danışsa da,  bu səfər onun Senata göndərdiyi hesabatlarında öz əksini tapmayıb (Gerrio şərh verməklə bağlı göndərdiyimiz sorğulara cavab verməyib).

LaBaule+ qəzetinin baş səhifəsindən çıxarış, mart, 2020-ci il

 

La Bol şəhərinin o zamankı meri İv Metero sözügedən 2020-ci il missiyasının bəzi təfərrüatlarını açıqlayıb. Metero Urrienlə səyahət edərkən Gerrio ilə eyni vaxtda Azərbaycanda olub.

Keçmiş mer özünün “Fransalı merin çətinlikləri” kitabında səyahətini turist macərası kimi təsvir edib:

“Paytaxt Bakıda bizi çox yaxşı qarşıladılar, şəhəri və regionu gəzib görmək üçün bizi maşın və sürücülərlə də təmin etmişdilər... Bakıda çox yaxşı otellər, dəbdəbəli mağazalar və ticarət mərkəzləri də tapa bilərsiniz”, – deyə o, yazır.

Metero həmçinin Bakıdan 150 kilometr məsafədə yerləşən və vitse-prezident Mehriban Əliyevaya məxsus üzüm bağlara da səfər edib (Telefon danışığında İv Metero “danışmağa o qədər də meylli deyildi", lakin o, qeyd edib ki, həmin vaxt “Fransa ölkəni tənqid etmirdi”).

Urrien, öz növbəsində, ölkə ilə "maraqlandığını" iddia edirdi. Urrienin Parisdə və xaricdə çoxlu əlaqələri mövcuddur. O, həmiçinin ifrat sağçı Milli Yürüş Partiyasının deputatı və Milli Assambleyadakı Fransa-Azərbaycan qrupunun uzun müddətlik üzvü olan Terri Marianinin dostu kimi tanınır.

Urrien Azərbaycanı “qadınların azad olduğu” “dünyəvi” ölkə adlandırıb və əlavə edib ki, Azərbaycanın demokratik görünüşünü tənqid etmək “qeyri-məhsuldar” xarakter daşıyacaq:

Yannik Urrienin sağçı media orqanı “TV Libertéson”a müsahibəsi, fevral, 2020-ci il

 

“Onlar düzgün istiqamətdə irəliləyirlər və biz dinləməklə, ünsiyyət qurmaqla və əməkdaşlıq etməklə onların inkişafına kömək edirik”, – deyə o bildirib.

Bu “müasir” ölkəyə heyran olmasına baxmayaraq, Urrien 2024-cü il seçkilərini izləməyib.

 

Avropa Şurasında döyüş

Fransanın bəzi seçilmiş nümayəndələri ilə Əliyev rejimi arasındakı əlaqələrə baxmayaraq, son 10 ildə ilk dəfədir ki, bu il heç bir fransalı seçkiləri müşahidə etməyə dəvət olunmayıb. Fransanın “Opinion Way” sosioloji institutu da seçki müşahidələrində iştirak etməyib.

Ən azı 2015-ci ildən etibarən təşkilatın hazırkı vitse-prezidenti Bruno Janbar exit-polları şəxsən elan etmək üçün Azərbaycana səfər edirdi. Seçki müşahidəçilərindən başqa, Əliyevyönümlü mətbuat da onun bəyanatlarını seçkilərin demkoratik standartlara əsasən keçirildiyini vurğulamaq üçün istifadə edirdi.

“Demokratiyanın yuyulması” riski barədə suala Janbar belə cavab verib: “Bu sual həqiqətən də yarana bilər. Hətta demokratik ölkələrdə belə bu sual meydana çıxır. Məlumatları istifadə etmə üsullarımıza görə, Fransada belə biz müntəzəm olaraq media və siyasətçilər tərəfindən tənqid olunuruq”.

O, “Forbidden Stories”-ə bu il “orada işləmək üçün heç bir əlaqə yoxdur”, deyə bildirib. Bu təşkilatın əvəzində özünü “X”-də (keçmiş Twitter) “seçki eksperti” və “lobbiçi” kimi tanıdan Vlada Qalanın rəhbərlik etdiyi ABŞ şirkəti “Oracle Advisory Group” exit-poll keçirib (Adıçəkilən təşkilat “Forbidden Stories”-ə bildirib ki, qurum 2024-cü il fevralın 7-də Azərbaycanda keçirilən seçkilərdə beynəlxalq müşahidəçilik etməyib, ancaq “seçki günü ərzində 40 seçki dairəsində, 500 seçki məntəqəsində 63 min seçici arasında sorğu apararaq elmi exit-poll” keçirib).

Bruno Janbar (mərkəzdə) 2015-ci ildə exit-poll təxminlərini açıqlayıb. “AzərTac”dan skrinşot

 

Azərbaycan işğal altında olan Qarabağda nəzarəti bərpa etdikdən sonra yaranan gərginliyin fonunda Avropa Şurasının seçkini müşahidə etməklə bağlı müraciətini  təmin etməyib.

“Bizdən tənqid gözlədiklərinə görə, bilərəkdən dəvət etmirlər. Lakin üzv ölkələrin öhdəliyi məruzəçilərə seçki müşahidə missiyasında iştirak etmək səlahiyyətini verməkdir”, – deyə Almaniyanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Frank Svabe bildirib.

Bu, Avropa Şurası üçün həddən artıq böyük təhqir olub. 2024-cü il yanvarın 24-də Şura Azərbaycan nümayəndə heyətinin Parlament Assambleyasından müvəqqəti çıxarılmasına səs verib.

Azərbaycanla Fransa arasındakı münasibətlərin pozulması çox açıq şəkildə baş verib.

“Birbaşa deyim ki, ikitərəfli münasibətlərimizdə böhran yaşanır”, – deyə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva bildirib. - “Bizim sabiq prezidentlər Mitteran, Şirak və Sarkozi ilə yaxşı münasibətlərimiz olub, lakin bu gün Fransanın sərgilədiyi mövqeyə görə çox təəssüflənirik”.

2020-ci ilin sentyabrında İkinci Qarabağ müharibəsinin başlamasından və 2023-cü ilin sentyabrında bölgədə aparılan hərbi əməliyyatdan sonra iki ölkə arasındakı münasibətlər gərginləşib. Ötən ilin oktyabrında Fransanın Ermənistanla müdafiə ləvazimatlarının satışına dair razılaşması, mümkün silah tədarükü və dekabrda iki fransalı diplomatın Azərbaycandan qovulması Fransa-Azərbaycan arasındakı gərginliyin daha da artmasına səbəb olub. Fransa Milli Assambleyası üçün Bakının ətrafında görünmək artıq siyasi cəhətdən məntiqli sayılmır, dostluq qrupu da tərk edilmiş durumdadır. "Kürü diplomatiyası" sanki artıq keçmişdə qalıb.

 

#BoycottParis2024 

2023-cü ilin iyulunda Paris Olimpiyadasını hədəf alan yeni həştaq kampaniyası populyarlıq qazanmağa başladı. #BoycottParis2024 həştaqı ilə idmançıların və polis zorakılığının görüntülərinin kollajı yayımlanır. Videoda yer alan görüntülərdə fransalı nümayişçilərə qarşı gözyaşardıcı qaz istifadə edilir və etirazçılar polis dəyənəyi ilə döyülürlər. Video görüntü “İnsan haqları?” sualı ilə bitir.

Fransa hökumətinin kənar rəqəmsal təsirlərlə mübarizə aparan “Viginum” agentliyi, videonu araşdıraraq onun Amerika PR şirkətinə məxsus olduğunu müəyyən edib. Həmin şirkət azərbaycanlı sahibkar Orxan Rzayevə məxsusdur. Azərbaycanın səfiri L.Abdullayeva “bunun arxasında hökumətin dayanması ilə bağlı bütün ittihamları” rədd edib.

Lakin video klipdəki ritorika Fransanı yalandan özünü insan haqları müdafiəçisi kimi apardığını bildirən prezident Əliyevin ritorikası ilə üst-üstə düşür.

@NewYorkInsider hesabı tərəfindən “X” sosial media platformasında yayımlanan, bir neçə milyon dəfə baxılan, Azərbaycan şirkəti ilə əlaqəli videonun skrinşotu

 

Ötən ilin iyulunda Qoşulmama Hərəkatının ətrafında Azərbaycanın 2019-cu ildən 2024-cü ilin əvvəlinə qədər sədrlik etdiyi, inkişaf etməkdə olan ölkələrin maraqlarını təşviq etmək məqsədilə Bakı Təşəbbüs Qrupu yaradılıb. Təşəbbüs qrupu Kanaklardan, Yeni Kaledoniya bölgəsindən, həmçinin Qvadelupa, Qayana və başqa ölkələrin müstəqil liderlərini bir araya gətirir. Buna baxmayaraq, direktoru azərbaycanlıdır, təşkilatın ofisləri də Bakıda yerləşir.

Prezident Əliyev Bakı Təşəbbüs Qrupunun üzvlərinə ünvanladığı müraciətdə birbaşa Fransanı hədəfə alıb: “Bəzi ölkələr müstəmləkəçilik fəaliyyətini davam etdirir. Onlardan biri və birincisi Fransadır”.

Azərbaycan hökuməti korsikalı müstəqillik döyüşçülərini onlayn formada ətrafına toplayaraq “Makron diktaturasının polislərini” pisləyib, #MayotteEnColère (“Mayotta qəzəblidir”) və #EtatMenteurFrance (“Fransa Yalan Dövləti”) həştaqlarından istifadə edərək Mayottadakı iğtişaşları qınayıb. Bu gərgin fırtınanın ortasında videoda “La Baule” jurnalisti Urrien Qarabağda “qələbə və ədalət” əldə etdiyinə görə Azərbaycanı təbrik edib.

Urrien Bakının nüfuzlu şəxsləri ilə tanışdır. O bildirib ki, prezident Əliyevin nüfuzlu müşaviri Hikmət Hacıyev onu Fransanın separatçı qruplaşmaları tərəfindən törədilən qətliamları pislədiyi konfransa dəvət edib. O, Bakı qrupunun sadəcə olaraq Fransaya hücum vasitəsi kimi istifadə edilməsindən “şübhələnsə” də, “vətənpərvər kimi təəssüflənir”, Urrien hücumların “legitim” olduğunu deyib.

“Fransa bunu gözləyirdi”, – deyə o bildirib.

Bəziləri hələ də Azərbaycanın demokratik istəklərinə inanır. Tanzaniyalı Mşama Azərbaycanın Qoşulmama Hərəkatının gənclərini dəstəkləməkdə “çempion olduğunu” deyir. Bakı Təşəbbüs Qrupundan əlavə, Azərbaycanın gənclər hərəkatı olan Qoşulmama Hərəkatı ölkənin aparıcı qüvvəsidir. Bu ilin fevralında Cessika Mşama və iyirmiyə yaxın başqa gənc Bakıya paytaxtın tikintisi ilə bağlı görüşə dəvət olunublar. Onlar fürsətdən istifadə edib seçkiləri də müşahidə ediblər (“Zamanın təsadüfü”, deyə Malavidən olan gənc nümayəndə qeyd edib).

Mşamanın sözlərinə görə, Qoşulmama Hərəkatının üzvləri seçkilərdən bir gün əvvəl qısamüddətli təlim kursu və seçki müşahidəsi ilə bağlı kitabça alıblar. Hərəkatın mətbuata bəyanatı birmənalı olub: “Seçkilər açıq, şəffaf, azad və ədalətli keçib”.

 

© “Forbidden Stories”

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun