Gürcüstanın ən varlı iş adamlarından biri olan Sulxan Papaşvilinin Azərbaycanın dövlət enerji şirkətindən elektrik enerjisi aldığı bir vaxtda, “Azərenerji”nin rəhbərlərinin ailə üzvləri onunla biznes sövdələşməsinə başlayıblar
Enerji ilə zəngin Azərbaycan qonşuları üçün “elektrik stansiyasına” çevrilib. Ən çox neft və təbii qaz mənbəyi kimi tanınan Bakı həm də son illərdə qonşu Gürcüstana yüz milyonlarla dollar dəyərində elektrik enerjisi satmağa və Gürcüstandan Türkiyəyə daha çox tranzit keçirməyə başlayıb.
Prezident İlham Əliyev hələ 2020-ci ilin aprelində etdiyi çıxışlarının birində demişdi ki, Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib.
İndi isə elektrik enerjisi ticarəti daha da böyüməkdədir. Azərbaycan Qara Dənizin altı ilə çəkilən xətlə Gürcüstan vasitəsilə Avropa İttifaqına elektrik enerjisi satmağı planlaşdırır.
Region dövlətləri arasında ənənəvi idxal-ixrac sövdələşməsi, iqtisadi münasibətlərin bir parçası kimi görünən bu ticarətin həm də başqa detalları var.
“OCCRP”nin Gürcüstan və Azərbaycanda olan tərəfdaş media qurumları ilə birlikdə dərc etdiyi yeni araşdırmasına əsasən, artmaqda olan ticarət dövriyyəsi qeyri-şəffaf formada həyata keçirilib və buna icazə verən dövlət rəsmilərinin ailə üzvlərinin bu sövdələşmədən faydalanan şəxslərlə ayrıca biznes əlaqələri olub.
Azərbaycanın Gürcüstana ixrac etdiyi elektrik enerjisinin miqyası 2016-cı ildən sürətlə artmağa başlayıb. Azərbaycanın dövlət enerji şirkəti olan “Azərenerji” Gürcüstana və Gürcüstan ərazisindən üçüncü ölkələrə elektrik enerjisinin genişmiqyaslı ixracına başlayandan bəri bu ticarət demək olar ki, tamamilə biri Beliz, digər ikisi isə Birləşmiş Ərəb Əmirliklərində xüsusi korporativ zonalarda yerləşən gizli ofşor şirkətlər vasitəsilə həyata keçirilib.
Uzun illər Azərbaycandan Gürcüstana elektrik enerjisi tranzitinin inhisarının arxasında kimin dayandığı naməlum qalıb. Bu araşdırmadan sonra məlum olub ki, ixrac və tranziti həyata keçirən şirkətlərin arxasında duran şəxs Gürcüstanın ən varlı iş adamlarından biri, Gürcüstan prezidentinin mühafizə xidmətinin sabiq rəhbəri olmuş Sulxan Papaşvilidir.
Gürcüstanda yerləşən və onun adından sorğuları cavablandıran hüquq firması Papaşvilinin sövdələşmədə iştirakını təsdiqləyərək, onu şirkətlərin “yeganə benefisiarı və 100% səhmdarı” olduğunu bildirib.
Amma bu, hələ hamısı deyil. Papaşvili “Azərenerji”dən elektrik enerjisi almaqla biznesini təminat altına alandan bir il sonra dövlət şirkətinin prezidentinin həyat yoldaşı ilə ayrıca biznes əməkdaşlığına başlayır. Həmin məmurun həyat yoldaşı bir zamanlar Papaşvilinin də etibarnamə verdiyi şəxsdir. O, OCCRP-yə müsahibəsində özünü onun ofşor şirkətinin “idarəçiliyinin” “etibarlı adamı” kimi təsvir edib.
2018-ci ildə Azərbaycan ölkə boyu qaranlığa qərq olandan sonra işdən çıxarılan “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevi xələfi Balababa Rzayev əvəz edib. Rzayevin oğlu daha sonra Papaşvili ilə biznes əlaqələri qurub, gürcü iş adamından iki böyük kommersiya obyekti satın alıb. Onlar Tbilisinin mərkəzində yerləşən pərakəndə satış obyektini birlikdə icarəyə veriblər. Bundan əlavə, Rzayevin oğlu Papaşvilinin “etibarlı adamı” ilə birgə şirkət yaradaraq, ata Rzayevin təsis etdiyi Azərbaycan şirkətinin elektrik ötürücü kabellərinin satışı ilə gəlirli biznesə başlayıb.
Bu müddət ərzində Papaşvili həm də üçüncü yüksək rütbəli azərbaycanlı məmurun - prezident İlham Əliyevin mühafizə xidmətinin rəhbəri Bəylər Eyyubovun həyat yoldaşı və qızları ilə biznesə girib. Jurnalistlər pulun əldən-ələ verildiyinə dair heç bir sübut tapmasalar da, Eyyubovun ailəsi onun rəsmi maaşı ilə izah edilə bilməyənbahalı daşınmaz əmlaka sahib olub.
Foto: “Azərenerji” ASC-nin rəhbəri Balababa Rzayev (solda) Azərbaycan prezidenti İlham Əliyevlə (sağda) 2023-cü ilin sentyabrında “Azərenerji” ASC-nin nəzdində olan Cahangirbəyli Su Elektrik Stansiyasında olublar
“[Ofşor] şirkətlərin fəaliyyətinin şəffaf olmaması bizim dövlətimiz üçün problemdir... Yalan və həqiqət bir-birinə çox qarışır”, - Gürcüstan Texniki Universitetinin professoru, enerji məsələləri üzrə ekspert Gia Arabidze deyir. - “Gedib Google-da axtarsanız görəcəksiniz ki, şirkətin adından başqa heç nə yoxdur. Düşünürəm ki, şəffaflıq bir çox problemləri həll edərdi”.
Papaşvilini təmsil edən hüquq firması onun Azərbaycan məmurlarının ailə üzvləri ilə münasibətləri barədə suala cavabında yazıb ki, “Azərbaycan məmurlarının ailələrindən olan iş adamlarının Gürcüstanda müxtəlif bizneslə məşğul olması və/yaxud əmlak alması faktı onlara işgüzar münasibətlərində cənab Papaşviliyə görə fərqli münasibət göstərildiyinə dair iddiaları sübut etmir”.
Hüquq firması əlavə edib ki, Papaşvilinin biznesində şəffaflığın olmadığına dair iddiaların “heç bir əsası yoxdur”. Onlar qeyd ediblər ki, Papaşvili jurnalistlərə “şirkətin səhmdarlarının strukturu ilə bağlı tam məlumat” verib, lakin iş adamının qeyri-şəffaf ofşor şirkətlər vasitəsilə fəaliyyət göstərməsinin səbəblərinə dair sualları cavablandırmayıb.
Nəhayət, firma yazıb ki, Papaşvilinin Azərbaycandan enerji alması “Gürcüstanın Rusiyadan enerji asılılığını azaldır”. Onlar “Azərbaycandan Türkiyəyə elektrik enerjisi tranziti biznesində maraqlı olan şirkətin olmadığını” iddia edərək, bu biznesin inhisara alındığına dair iddiaları inkar ediblər.
Rzayev jurnalistlərə deyib ki, oğlunun biznesi haqqında heç bir məlumatı yoxdur. Oğlu Fuad Rzayev isə bildirib ki, onun biznes fəaliyyətinin atasının işi ilə heç bir əlaqəsi olmadığından bu maraq toqquşması yaratmır. Pirverdiyev, onun həyat yoldaşı, Eyyubov və ailə üzvləri suallara cavab verməyiblər.
“Elgreen”in yüksəlişi
2015-ci il noyabrın əvvəlində İlham Əliyev Gürcüstana rəsmi səfər edib. Bir sıra təkbətək görüşlərdən sonra Azərbaycan prezidenti gürcüstanlı həmkarı Giorgi Marqvelaşvili ilə birgə bəyannamə imzalayıb.
Bəyannamənin 30-a yaxın bəndi arasında həmin vaxt o qədər də diqqət cəlb etməyən bir bənd var idi: İki prezident “Azərbaycandan Gürcüstan vasitəsilə Türkiyəyə Cənubi Qafqaz elektrik tranzit dəhlizinin təşkilinə dəstək verəcəklərini” vəd etmişdilər.
Əslində, bu görüş iki ölkənin elektrik enerjisi ticarətində dönüş nöqtəsi yaratdı.
Bir neçə il əvvələ qədər Azərbaycanın Gürcüstana enerji ixracının həcmi iki dövlət enerji şirkətləri arasında birbaşa həyata keçirilən ticarət nəticəsində bir neçə milyon dollar təşkil edirdi.
Lakin 2015-ci il müqaviləsindən sonra ixracın dəyəri kəllə-çarxa çıxdı. BMT-nin ticarət məlumatlarına görə, 2016-2023-cü illər arasında Gürcüstan Azərbaycandan dəyəri 247 milyon dollardan çox elektrik enerjisi idxal edib. Jurnalistlərin Gürcüstan məlumatlarına əsasən apardıqları hesablamalara görə, həmin dövrdə Gürcüstandan Türkiyəyə 400 milyon dollarlıq enerji satılıb.
Azərbaycan prezidenti İlham Əliyev (solda) və Gürcüstanın keçmiş prezidenti Giorgi Marqvelaşvili birgə bəyannaməni imzalayırlar
Sürətlə artan bu ticarətlə kimin məşğul olduğuna dair heç bir rəsmi açıqlama verilməmişdi. Lakin korporativ sənədlər və hökumət statistikası nəhəng biznesin necə inkişaf etdiyi ilə bağlı ictimaiyyətdən gizlədilən qaranlıq məqamlara işıq sala bilib.
2015-ci ilin noyabrında Azərbaycan və Gürcüstan prezidentləri birgə bəyannamə imzalayandan bir neçə həftə sonra Gürcüstan və Belizdə “Eltransit” və “Elgreen Holdings” adlı iki şirkət yaradılıb.
Gürcüstanın statistikası göstərir ki, Papaşvilinin uzun müddət biznes ortağına məxsus “Eltransit” “Azərenerji”dən elektrik enerjisi almağa başlayıb və bir neçə aya Türkiyəyə satıb.
Sonra biznes ofşor zonaya köçürlüb. Belizdə qeydiyyatdan keçən “Elgreen” tranzit ticarətini öz üzərinə götürüb, həmçinin Gürcüstanın daxili ehtiyacının ödənməsi üçün Azərbaycandan elektrik enerjisini idxal etməyə başlayıb. Beliz şirkət sahibləri haqqında məlumatın ictimaiyyətə açıqlanmadığı bir yurisdiksiya olduğundan, bu bizneslə məşğul olan şəxslər haqqında məlumatlar ictimaiyyətdən tam gizli qalıb.
2017-ci ildə elektrik enerjisi ticarəti ”Elgreen Holdings”ə – Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçən başqa bir şirkətə, 2023-cü ilin oktyabrından etibarən Əmirliyin digər “iqtisadi zonasında” qeydiyyatdan keçmiş “Sheldon Corporation”a ötürülüb.
“Elgreen” şirkətinin internet saytı o qədər də işlək deyil. Maliyyə hesabatları, menecerləri və ya işçiləri haqqında heç bir məlumatı açıqlamayan “Elgreen” illərlə diqqət cəlb etmədən inhisarçı kimi fəaliyyət göstərib. Şirkətin mövcudluğu və Papaşvilinin onunla əlaqəsinin olduğuna dair məlumatı ilk dəfə OCCRP-nin Gürcüstandakı tərəfdaşlarından biri olan “Studio Monitori”yə 2020-ci ildə aparılan araşdırma zamanı içəridəki şəxslərdən biri verib.
Hesabatda qeyd olunurdu ki, “Elgreen”in arxasında duran şəxslərdən biri kimi 2005-2007-ci illərdə Gürcüstanın baş naziri olmuş Zurab Noqaidelidir. Bu məlumat dərc olunandan sonra Noqaideli demək olar ki, on ildən sonra ilk dəfə mediaya müsahiə verib. “Studio Monitori”nin məqaləsindən bir ay sonra o “Forbes Georgia”ya verdiyi müsahibəsində, Papaşvilinin “Elgreen”in sahiblərindən biri olduğunu açıqlayıb və şirkətin başqa investorlarının olduğunu da söyləyib.
İki il sonra, Noqaidelinin məhkəmə işində şahid qismində verdiyi ifadə onun “Forbes”ə müsahibəsində dedikləri ilə ziddiyyət təşkil edirdi. O məhkəmədə adını çəkməsə də “Elgreen”in yeganə sahibinin Avropa İttifaqı vətəndaşı olduğunu demişdi. Noqaidelinin dediklərinə görə, şirkətin siyasətilə bağlı qərarları Papaşvili verir.
Noqaideli bu araşdırma üzrə verdiyi müsahibəsində səhvi anlaşılmazlıqla əlaqələndirib. O bildirib ki, “Elgreen”in yeganə sahibi həqiqətən də Papaşvilidir və bu, əvvəl də belə olub. O əlavə edib ki, buna baxmayaraq, şirkətin yaradılamsı onun özünün ideyası olub.
“Bu mənim fikrim idi”, - Noqaideli deyib. - “Biznesin strukturunu mən təyin etmişəm və bunu “Azərenerji” ilə, Azərbaycan tərəfi ilə razılaşdırmışam... Öz vəsaitim yox idi. Ona görə də Sulxan Papaşvilini dəvət etdim, maliyyə investoru odur”.
Zurab Noghaideli OCCRP/Studio Monitori ilə videomüsahibə zamanı.
Papaşvilinin adından jurnalistlərin sorğusuna cavab verən hüquq firması indi onun həqiqətən üç ofşor şirkətin yeganə sahibi olduğunu təsdiqləyib. Onlar həmçinin yazıblar: “ “Elgreen” özəl şirkətdir və onun veb-sayt yaratmaq və saxlamaq öhdəliyi yoxdur. Həm “Elgreen”, həm də “Sheldon” öz maliyyə hesabatlarını lazımi formada və qaydada öz yurisdiksiyalarında təqdim edirlər.”
Noqaideli ofşor zonada şirkətlərin məlumatlarının məxfi saxlanılması üçün qeydiyyatdan keçirildiyinə dair iddianı inkar edərək vergilərə qənaət etmək üçün yurisdiksiyanın dəyişdirilməsini tövsiyə etdiyini deyib.
“Mən qərar verdiyim üçün fikrimizi dəyişdik”, - deyə bildirib. - “Mən tərəfdaşlara belə daha yaxşı olacağını məsləhət görmüşəm. Beləcə, vergi ödənişinə qənaət edəcəkdilər”.
Bəs Azərbaycanın dövlət enerji şirkəti enerji sektorunda heç bir təcrübəsi olmayan yeni yaradılmış Gürcüstan şirkəti ilə əməkdaşlığa necə başlayıb?
Məsləhətin Noqaideli tərəfindən verildiyini “Azərenerji” də təsdiqləyib. Şirkətdən 2020-ci ildə ”Studio Monitori”yə bildiriblər ki, məhz “Elgreen” onların diqqətini “elektrik enerjisinin Gürcüstana rəqabət əsasında ixracının mümkünlüyünə və elektrik enerjisinin Gürcüstandan tranzitlə Türkiyəyə və daha sonra Aİ-yə ixracı imkanlarına” çəkib.
Lakin şirkət barəsində əldə edilən məlumatlar və hüquqi sənədlər başqa mülahizələrin ola biləcəyini göstərir. Prezident Əliyev bu ticarəti dəstəklədiyi və dövlət şirkəti olan “Azərenerji”nin “Elgreen”lə tərəfdaşlığa doğru addımladığı bir vaxtda, Əliyevin mühafizə xidmətinin rəhbəri olan Bəylər Eyyubovun ailə üzvləri və “Azərenerji”nin həm əvvəlki, həm də indiki rəhbəri Papaşvili və “Elgreen”in iki yüksək vəzifəli nümayəndəsi ilə işgüzar əlaqələrə giriblər.
Toqquşan maraqlar
Bu bizneslə əlaqəsi olan şəxslərdən biri də Noqaidelinin təsvir etdiyi kimi “gündəlik işləri” görən Tbilisi Polis Departamentinin keçmiş rəis müavini Paata Jgentidir.
Paata Jgenti jurnalistlərin sorğusuna cavabında özünü şirkət rəhbərliyinin qəbul etdiyi qərarların icrasına cavabdeh şəxs kimi təqdim edib.
“Şirkət rəhbərliyi çox məşğul olduğuna görə, onların öz qərarı ilə müxtəlif instansiyalarda [onları] təmsil etmək üçün mənə etibarnamə verdilər”, - deyə o yazıb. – “Mən qərarlar qəbul etmirəm və yalnız onların tapşırıqlarını yerinə yetirirəm”.
O həmçinin yazıb ki, bu səlahiyyət ona “peşəkarlığı və işə seçici münasibəti” sayəsində həvalə olunub.
Jurnalistlər Papaşvili, onun həyat yoldaşı və qızının adından Jgentiyə etibarnamə verildiyini göstərən onlarla sənəd əldə ediblər. Bunlar göstərir ki, ailə işlərini idarə etmək üçün ona geniş səlahiyyətlər verib.
Lakin Jgentinin başqalarının adından hərəkət etmək səlahiyyəti tək “Elgreen”in yox, hətta Gürcüstanın hüdudlarından da kənara çıxıb. Sənədlərdən ikisi xüsusilə diqqət çəkir. Biri Etibar Pirverdiyevin həyat yoldaşı Pərvanə Pirverdiyevanın adından verilib. Həmin vaxtlar “Azərenerji” ASC-yə rəhbərlik edən Etibar Pirverdiyev “Elgreen”in təklifini qəbul etmişdi.
Digəri isə Azərbaycan prezidenti İlham Əliyevin mühafizə xidmətinin rəisi Bəylər Eyyubovun həyat yoldaşı Zöhrə Sultanovadandır. Eyyubovun “Azərenerji” ilə birbaşa heç bir əlaqəsi olmasa da, onun avtoritar liderə yaxınlığına görə ölkədə böyük səlahiyyətlərə və nüfuza malik olması barədə söz-söhbət uzun müddətdir ki, var.
Hər iki sənəd 2017-ci ilin may ayında verilib, elə həmin il “Azərenerji” Gürcüstana elektrik enerjisi ixracatçısı kimi “aparıcı rol” oynadığını bildirib. Onlar göstərir ki, Jgenti hər iki qadından geniş səlahiyyətlər alıb: O, onların maraqlarını təmsil edə, bank hesablarını açıb-bağlaya, vəsait çıxara, daşınmaz əmlak ala, sata və ya hədiyyə edə, hətta onların adından yazışmalar apara bilirdi.
Etibarnamə sənədlərini nəzərdən keçirən Transparency İnternational təşkilatının Gürcüstan bölməsinin analitiki Sandro Kevxişvili onları “qeyri-adi” və “açıq-aşkar çox yüksək etimad səviyyəsinin” göstəricisi kimi xarakterizə edib. Papaşvilinin hüquq firması bu xarakteristikanı rədd edərək, onları Gürcüstanda standart biznes təcrübəsi kimi təsvir edib.
Hər halda, Jgenti öz rolunda irəliləmək üçün vaxt itirməyib. Etibarnamə aldıqdan cəmi iki həftə sonra o, Pirverdiyeva, Sultanova və Papaşvili üçün “Esko MMC” adlı gürcü şirkəti yaradıb və onun ortaq sahibi olub.
Bundan dərhal sonra “Esko” Tbilisinin şimal-şərqindəki kəndlərdən birində təxminən 852.000 dollar dəyərində torpaq sahəsi alıb. Jgenti torpaq sahəsinin nə məqsədlə alındığını söyləməsə də, yalnız “lazımi icazələri ala bilmədiyimiz müəyyən bir iş ideyası var idi”, deyib.
“Layihə hələ həyata keçirilməyib”, – deyə o bildirib.
Pirverdiyeva və Sultanova pulun mənbəyi ilə bağlı suallara cavab verməyiblər. Papaşvilini təmsil edən hüquq firmasından bildirilib ki, Pirverdiyevanın qızının “Esko”ya “anasınn kapitalına töhfə verəcək vəsaiti təmin etməsi üçün rəsmi və hüquqi biznesi var”.
Daha sonra “Esko” 22-yə qədər elektrik ötürücü qülləsinin tikintisi üçün Gürcüstan hökumətinin elan etdiyi tenderi udmaq üçün uğursuz təklif verib. Jurnalistlər şirkətin fəaliyyəti ilə bağlı ictimaiyyətə açıq olan başqa məlumat tapa bilməyiblər.
Papaşvilini təmsil edən hüquq firması “bu şirkətin tək aktivə sahib olduğunu və praktiki olaraq heç bir iş fəaliyyəti ilə məşğul olmadığını” yazıb və “Esko”nun “enerji sektoru ilə bağlı hər hansı tenderlərdə iştirakından xəbərsiz olduqları” bildirilib.
2018-ci ilin iyul ayında ölkənin ən böyük elektrik stansiyasında baş vermiş qəzadan sonra Azərbaycanda işıqlar kəsilib. Prezident Əliyev yayın istisində kondisioner və soyuducuların yararsız vəziyyətə düşməsi, insanların Bakı metrosunda qapalı vəziyyətdə qalmasına görə Pirverdiyevi ictimai şəkildə danlayıb.
“Siz sadəcə olaraq özünüzdən utanmalısınız”, – Əliyev deyib. - “Bu istidə xalqa nə qədər əziyyət verdin!”
Sulxan Papaşvili (soldan ikinci), Azərbaycan prezidenti İlham Əliyev (sağdan ikinci) və Etibar Pirverdiyev (sağda) 2017-ci ilin dekabrında Azərbaycanın Sumqayıt şəhərində Papaşvilinin STDC kriptovalyuta mədən mərkəzinin açılışında iştirak edirlər. (STDC-nin hazırkı qeydləri Papaşvilinin hazırda ona sahib olub-olmadığını göstərmir.)
Pirverdiyev həmin ilin sentyabrında vəzifəsindın çıxarılıb. Lakin Jgenti onun ailəsinin adından işini davam etdirib. Keçmiş polis rəisinin müavini 2019-cu ildə Pirverdiyevin oğlu, o vaxt 19 yaşlı universitet tələbəsi olan Elvinin adına başqa şirkət qeydiyyatdan keçirib və daha sonra Gürcüstanda mülk almaq üçün istifadə edib.
Növbəti il Elvin və Papaşvili Gürcüstanın paytaxtı Tbilisidə 9 mərtəbəli yaşayış binası tikən şirkətə sahib olublar.
Kabel adamı
2018-ci ildə Pirverdiyev işdən çıxarıldıqdan dərhal sonra “Azərenerji”nin yeni prezidenti vəzifəsinə daha çox “Baba” ləqəbi ilə tanınan Balababa Rzayev təyin edilib. Onun oğlu Fuadın da Papaşvili və Jgenti ilə biznesi var.
2022-ci ilin yanvarında 33 yaşında olan Fuad Rzayev Jgentiyə geniş səlahiyyətlər verən etibarnamə təqdim edib. Növbəti ay Jgenti Fuadla “Cabliance” MMC adlı bir şirkət qurub, hətta hər ikisinin adından təsis sənədlərini imzalayıb. (Yenə Papaşvilinin adından cavab verən hüquq firması bu etibarnamələrdə “qeyri-adi heç nə olmadığını” deyib).
Bu dəfə Jgenti də paya sahib olub və bunu “çoxsaylı danışıqlarda uğurlu iştirakına görə” Fuadın jesti kimi qiymətləndirib.
Fuad və Jgenti hər biri “Cabliance” MMC-nin 25 faizinə sahibdirlər, qalan 50 faizi isə Gürcüstanın ən böyük yüksək gərginlikli elektrik kabelləri istehsalçısı olan “Sakcable”a məxsus olub.
Yaranmasından cəmi bir həftə sonra “Cabliance” MMC 2003-cü ildə Fuadın atası Balababa Rzayev tərəfindən təsis edilmiş “Göknur Baku Ltd” adlı kabel şirkətinin istehsal etdiyi məhsulların Gürcüstana idxalı və satışı üzrə müstəsna hüquqlar əldə edib.
Balababa Rzayev jurnalistlərin sorğusuna cavab olaraq yazıb ki, “Göknur Bakının onunla heç bir əlaqəsi yoxdur və şirkət hazırda adını çəkmədiyi ailə üzvlərinə məxsusdur.
Dövlət məmuru kimi o, özəl bizneslə məşğul olmamalı idi. Bununla belə, Azərbaycanda korporativ mülkiyyətə dair qeydlər mövcud olmasa da, jurnalistlər şirkətin 2020 və 2021-ci illər üçün maliyyə hesabatlarını əldə ediblər. Sənədlər göstərir ki, Rzayev o vaxt hələ də “Göknur Bakı”nın 70 faizinə sahib idi. Bu arada, onun oğlu Fuad Rzayevin Gürcüstana investisiyası daşınmaz əmlak sektorunda davam edib.
2022-ci ilin mart ayında Jgenti Fuad üçün açılan daha bir yeni şirkətin yaradılması üçün sənədlərlə məşğul olub. “Rustaveli 1” MMC adlanan şirkəti təsis edən Jgenti bir daha Fuadın adından təsis sənədini imzalayıb. Yeni yaradılmış şirkət vasitəsilə cəmi iki gün sonra Rzayev Gürcüstanın paytaxtı Tbilisinin mərkəzində ticarət obyektləri olan başqa bir şirkəti almaq üçün nağd şəkildə 3 milyon dollardan çox pul ödəyib.
Həmin məkan hazırda mağaza açmağa hazırlaşan lüks pərakəndə satış sektorunda fəal olan iki rusiyalı iş adamına ayda 21 min dollara icarəyə verilir. Onun qonşuluğunda olan və Rusiya əsilli şəxslərə icarəyə verilən qonşu mülk isə Papaşviliyə məxsusdur.
Fuad Rzayev başqa bir gürcü iş adamı ilə birlikdə Tbilisinin məşhur Şarden küçəsində biznes mərkəzi də daxil olmaqla Papaşvili, onun qardaşı və başqa bir şəxsə məxsus olan və 5 milyon dollar dəyərində olan daşınmaz əmlak alıb.
Həyata keçirilməmiş planlar
Azərbaycan prezidentinin təhlükəsizlik xidmətinin rəhbəri Bəylər Eyyubovun oğlu Eldar Eyyubov da cəmi 23 yaşında Gürcüstanın enerji biznesinə daxil olub.
Onun şirkəti “Kalevolt” MMC 2018-ci ilin dekabrında Gürcüstan hökuməti ilə su elektrik stansiyalarının tikintisi üçün iki memorandum bağlamış başqa bir şirkət olan “Kamara Energy”ni almaq üçün təxminən yarım milyon dollar xərcləyib.
Növbəti il Eldar Eyyubov Papaşvilinin uzunmüddətli biznes ortağı olan George Kuxaleişviliyə onun maraqlarını “Kalevolt MMC” adlı şirkətdə təmsil etmək üçün etibarnamə verib.
Azərbaycan prezidentinin qızı Leyla Əliyeva (səhnədə) 2012-ci ildə Londonda rəsm sərgisi zamanı. Əllərində şərab şüşələri tutan izdiham arasında biznes tərəfdaşları Corc Kuxaleişvili (solda) və Sulxan Papaşvili (sağda).
Jurnalistlər onun oynadığı rolla bağlı ziddiyyətli açıqlamalar alsalar da, Kuxaleişvilinin “Elgreen”lə bağlılığı var.
Eyyubovun adından Kuxaleişviliyə verilən etibarnamə onun idarə heyətinin iclaslarında iştirakına, şirkətin nizamnaməsində və səhmlərində dəyişiklik etməsinə, daşınmaz əmlakın alqı-satqısını təsdiqləməsinə və bir çox digər funksiyaları yerinə yetirməsinə imkanı verirdi. Amma bunlar ona verilən hüquqların hamısı deyil: Kuxaleişvili “bu etibarnamə ilə birbaşa göstərilməyən, lakin [Eyyubovun] hüquqlarını və qanuni maraqlarını həyata keçirmək üçün zəruri olan istənilən addımı atmaq ” hüququ əldə edib.
2020-ci ilin iyununda, hələ tikinti başlamazdan əvvəl, Eldar Eyyubov “Kamara Energy”ni bir milyon dollara satıb