İlham Əliyevin mühafizə rəisinin ailəsi Böyük Britaniyada nəhəng əmlak holdinqlərinə sahibdir

İlham Əliyevin mühafizə rəisinin ailəsi Böyük Britaniyada nəhəng əmlak holdinqlərinə sahibdir Foto: OCCRP
13 May 2024
Mətni dəyiş

Dünyanın ən avtoritar liderlərindən biri olan Azərbaycan prezidenti öz təhlükəsizlik xidmətinin rəisi Bəylər Eyyubova çox etibar edir. Jurnalistlərin araşdırmalarına əsasən, Əyyubovun ailəsinin Londonun şimalında üç dəbdəbəli malikanəsi və digər mülkləri var. 

OCCRP”nin üç tərəfdaş media qurumu ilə birlikdə dərc etdiyi yeni araşdırmasına əsasən, Eyyubovlar ailəsi Böyük Britaniya və Dubayda ən azı 160 milyon ABŞ dolları dəyərində daşınmaz əmlaka sahibdir.

Bəylər Eyyubovun həyat yoldaşı Zöhrə Sultanova və qızı Elvira Eyyubovanın gizli sahib olduqları üç malikanənin hər biri Şimali Londonun prestijli hissəsində yerləşir. Elvira həmçinin şəhərin mərkəzinə yaxın yerləşən iki malikanə və lüks mənzilə sahibdir. Onun sahib olduğu digər mənzil isə Kenterberidə, daha bir ev isə dənizkənarında yerləşən Dorset adlı qəsəbədə yerləşir.

Jurnalistlərin araşdırmasından bəlli olub ki, ailə İngiltərədəki bu aktivlərə 2007 - 2018-ci illər arasında gizli ofşor şirkətlər vasitəsilə sahib olub. Bu şirkətlərin maliyyə mənbələrini izləmək mümkün deyil. Ailənin bu əmlaka sahib olması faktı 2022-ci ildə Böyük Britaniyada əmlaka sahib olan xarici şirkətlərin öz benefisiar sahiblərini açıqlamasını tələb edən qanuna görə üzə çıxıb.

Dərc edilən yazıya əsasən, əmlak mülkiyyəti ilə bağlı qeydlərin ümumiyyətlə ictimaiyyətə açıqlanmadığı Dubayda Eyyubov və onun bir neçə ailə üzvü öz adlarına villa və ofis məkanlarına sahibdirlər.

Qeyd olunub ki, Eyyubovun həyat yoldaşı hazırda fəaliyyət göstərən iki şirkətdə paya sahibdir: məşhur London kafesi və Gürcüstanın kurort şəhəri Batumidə yerləşən otel. Şirkətlərin heç biri 2014-cü ilədək fəaliyyət göstərməyib.

Hələ ki, bu gəlirin mənbəyi sirr olaraq qalır. Ən azı 2020-ci ilə qədər Eyyubovun rəsmi illik maaşı heç vaxt 22 min dolları keçməyib. Onun həyat yoldaşının hazırki iş yeri naməlumdur, lakin 2016-cı ildə o, Azərbaycan Dövlət Botanika İnstitutunun işçisi kimi siyahıya alınıb, qızı isə Böyük Britaniyada yaşam koçu kimi fəaliyyət göstərir.

Foto: president.az

Bəylər Eyyubov (dairəyə alınıb) İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2023-cü ildə andiçmə mərasimində iştirak edərkən müşayiət edir

Cütlüyün ən azı daha beş övladı var, lakin jurnalistlər onlardan hər hansı birinin əhəmiyyətli və müstəqil gəlir mənbələrinin olub-olmadığını müəyyən edə bilməyiblər. Azərbaycanın korporativ sənədlərində şirkət sahiblərinin adları açıqlanmır. 2012-ci ilə qədər ictimaiyyətə açıq olan Vergilər Nazirliyinin məlumat bazasında yalnız Eyyubovun qızlarından birinin vaxtilə atçılıq klubunun ortaq sahibi olduğu qeyd edilir. 

Araşdırmalar əsasında məlum olub ki, Eyyubovun Rafiq Həsənov adlı imkanlı qardaşı da var və o, ictimai yerlərdə demək olar görünməyib. Jurnalistlər onun Eyyubova nə vaxtsa pul və ya əmlak verməsini göstərən  sənəd tapa bilməyiblər. 

Jurnalistlər Eyyubovun nağd pul köçürməsini alması ilə bağlı yalnız bir iz tapa biliblər. 2007-ci ildə, elə həmin il ailənin Böyük Britaniyada əmlak almağa başladığı zaman, onun Britaniya Virciniya adalarında sahibi olduğu şirkət Yeni Zelandiyada qeydiyyatdan keçən ofşor şirkətdən 250 000 ABŞ dolları alıb. Pulun mənbəyi məlum deyi, lakin pulu köçürən bu şirkətin adı çirkli pulların yuyulmasilə bağlı başqa bir qalmaqala qarışıb. 

Araşdırma zamanı korporativ hesabatlar başqa bir maraqlı tapıntını ortaya çıxarıb. İstər London kafesində, istərsə də Gürcüstandakı oteldə Eyyubovun həyat yoldaşı və iki qızının tanınmış biznes partnyoru var: Azərbaycanın enerji sektorunda maraqları olan və ölkənin yüksək vəzifəli şəxsləri ilə yaxşı münasibət saxlamağa marağı olan Sulxan Papaşvili adlı varlı gürcü biznesmen.

Jurnalistlər Eyyubovun və ya onun ailə üzvlərinin Papaşvilidən hər hansı pul və ya əmlak alması ilə bağlı heç bir sənədli sübut tapmayıblar. Lakin bu hal münasibətlərin mahiyyəti ilə, xüsusən də gürcü biznesmenin biznes tərəfdaşı və qohumuna məxsus şirkətlərin Eyyubovların biznes aktivlərinin idarə edilməsində iştirak etməsi ilə bağlı suallar doğurur.

Eyyubov mövzu ilə bağlı sorğulara cavab verməyib. 

Papaşvilini təmsil edən hüquq firması jurnalistlərin suallarına cavab olaraq yazıb ki, Eyyubov heç vaxt enerji biznesinə təsir etmək iqtidarında olmayıb və Papaşvilinin enerji biznesi ilə onun Eyyubovlarla münasibətində hər hansı əlaqənin olması iddiası “məntiqsız və yanıldıcıdır”.

Sök, yenidən qur, təkrarla

“Hampstead Heath”in geniş yaşıl sahələri ilə 18 dəlikli “Highgate Golf Club” arasında uzanan Courtenay prospekti Londonun ən bahalı küçələrindən biri hesab olunur.

Eyyubova məxsus bu darvazalı dalana dirənmiş üç malikanə ümumilikdə 63 milyon funt sterlinqə (94 milyon ABŞ dolları) satın alınıb. Amma reallıqda bu, daşınmaz əmlaka qoyulan pulun yalnız kiçik bir hissəsidir.

Eyyubovlar ailəsinin orada aldığı ilk ev, “Somerlese” kimi tanınan küçənin sonunda qırmızı kərpicdən və ağacdan tikilmiş malikanə artıq yoxdur. 2014-cü ildə onu 17 milyon funt sterlinqə (26 milyon dollar) aldıqdan sonra iki il keçməmiş, onun sahibi olan ofşor şirkət həmin evin əvəzinə daha böyük ev tikmək üçün icazə əldə edib.

Malikanəni inşa edən memarın “Instagram”da yerləşdirdiyi fotoşəkillərə görə, yeni “Somerlese” əsas tikinti işlərini 2023-cü ilin yanvarına qədər tamamlayıb. Planlaşdırma sənədində deyilir ki, üç mərtəbəli, altı otaqlı evdə qapalı hovuz, idman zalı, şərab yeri, buxar hamamı, kinoteatr və bir neçə işçi üçün yaşayış yeri var. Malikanənin tikintisinin dəyəri məlum deyil. 

Foto:@christredwayarc tərəfindən instagram yazısının ekran görüntüsü (solda)/gov.uk (sağda)

“Somerlese” malikanəsinin və hazır əmlakın memarlıq planlama sənədi “Christopher Tredway Architects” memarlıq şirkəti tərəfindən Instagram-da yerləşdirilib

Cəmi bir ev uzaqlığında yerləşən “Branksome” malikanəsi. Malikanə 2018-ci ildə başqa bir ofşor şirkəti tərəfindən 15 milyon funt sterlinqə ($20 milyon) alınıb, o da tamamilə sökülüb və naməlum qiymətə yenidən tikilib. Planlaşdırma sənədləri göstərir ki, yeni altı yataq otağı olan “Branksome” binasında lift, kinoteatr, oyun otaqları, idman zalı və cakuzili hovuz da var.

Foto: gov.uk

“Branksome” malikanəsi yenidənqurmadan əvvəl

Foto: 2024-Carty Forde Construction LTD (solda)/gov.uk (sağda)

Yeni “Branksome: malikanəsinin və tikilməkdə olan mülkün memarlıq təsviri

Ailənin Courtenay prospektindəki üçüncü mülkü “Beaulieu” qonşuluqda yerləşir. Həmin malikanə Eyyubovun həyat yoldaşı Zöhrə Sultanova tərəfindən 2015-ci ildə 31 milyon funta (47 milyon ABŞ dollar) alınıb və növbəti il ​​başqa ofşor şirkətə verilib.

“Beaulieu” “Somerlease” və “Branksome”dən fərqli olaraq, sökülərək yenidən tikilməyib. Satışı həyata keçirən daşınmaz əmlak brokerinin dərc etdiyi elanda ev “möhtəşəm yeni malikanə” kimi təsvir edilib. Elanda həmçinin “klassik üslubun qabaqcıl texnologiya ilə birləşməsi”, hər birində “dəbdəbəli vanna otağı” olan doqquz yataq otağı (ikisi işçilər üçün), yeddi nəfərlik böyük lift, sauna, masaj otağı və hovuzun olduğu qeyd edilir.

Foto: 2024, Glentree Estates 698 Finchley Road, London NW11 7NE

“Beaulieu” malikanəsinin fotosu rieltorun saytında yerləşdirilib

Digər ofşor şirkətlər vasitəsilə Eyubovun qızı Elvira Birləşmiş Krallıqda ümumilikdə 12,6 milyon funt sterlinqdən (20 milyon ABŞ dolları) artıq qiymətə alınan daha beş mülkə sahibdir. Onlardan biri, 10-cu mərtəbədə yerləşən Londonun mənzərəsinə açılan yerdən tavana qədər pəncərəli mənzilin həftəlik kirayəsi 1,925 funt sterlinqə (2,400 ABŞ dollar) təklif edilib.

Elvira Eyyubova Londonda “Coach Soaring Wings” adlı yaşam koçu biznesi ilə məşğuldur. Saytda onun “bir çox ölkələrə səyahət etmək və bir çox mədəniyyətləri kəşf etmək şansı olduğunu” yazsa da, onun keçmişi haqqında o qədər də geniş məlumat vermir.

Eyyubovanın xidmətləri hər biri bir saatlıq olmaqla altı seans üçün 120 funt sterlinq, ya da bir seans üçün 39 funt sterlinq dəyərindədir. Bu məbləğlə onun böyük mülklərə necə sahib olduğunu izah etmək mümkün deyil. İlk əmlakını 20 yaşında olarkən əldə edən Elvira jurnalistlərin sorğularına cavab verməyib.

Eyyubovlar ailəsinin Dubaydakı 10-dan çox daşınmaz əmlakı Eyyubovun özü, həyat yoldaşı Sultanova və Elvira da daxil olmaqla üç övladına məxsusdur. Onların əksəriyyəti palma ağacı şəklində salınan süni Palm Jumeirah adasının müxtəlif “budaqlarında” yerləşən villalardır.

Eyyubovun Dubay mülkləri

GİRİŞ MƏTNİ: Jurnalistlər Təkmil Müdafiə Tədqiqatları Mərkəzi (C4ADS) tərəfindən sızdırılan 2020-ci il əmlak məlumatları toplusu sayəsində Eyyubovlar ailəsinin Dubaydakı əmlakı haqqında məlumatlar əldə ediblər. Hər bir əmlakın cari mülkiyyəti müstəqil şəkildə yoxlanılıb.

1. “C Frond”da dörd villa

Eyyubov 2006-cı ildən başlayaraq müxtəlif illərdə burada 4-6 yataq otağı olan dörd ədəd villa alıb. 2023-cü ildə birini həyat yoldaşı Zöhrə Sultanovaya, digərini isə oğlu Elnura verib, birini də özünə saxlayıb. Dördüncü villanın hazırkı statusu bəlli deyil, lakin bu villa 2020-ci ildən Eyyubova məxsusdur. Hazırda villa 26 milyon dollar dəyərində qiymətləndirilir.

2. “Fronde E”də iki villa

Eyyubov nə vaxtsa burada 6 və 4 yataq otağı olan villa alıb. 2023-cü ildə onları qızları Elvira və Səmranın adlarına keçirib. Bu gün onların qiyməti 24 milyon dollar dəyərində qiymətləndirilir. Azərbaycan Prezidenti İlham Əliyevin oğlu Heydər Əliyevin 2020-ci ilə qədər yaxınlıqda 4 villası olub.

3. “Fronde A”dakı villa

Bəylər Eyyubov bir vaxtlar burada iki mərtəbəli, beş otaqlı villaya sahib olub. Bu villanın qiyməti bu gün 8,5 milyon ABŞ dolları təşkil edir. 2023-cü ildə onu qardaşı Rafiq Həsənovun adına köçürüb, onun qonşuluqda da başqa bir villası var.

4. Jumeirah adalarındakı villa

Eyyubov bir vaxtlar süni göldə yerləşən adalarda 46 “salxım”dan ibarət “Jumeirah Island” ev kompleksində beş otaqlı villa satın alıb. O, evi 2020-ci ildən sonra satıb. Bu gün bu villanın dəyəri 6,5 milyon ABŞ dollarından çoxdur.

5. Ticarət və ofis binaları

Eyyubov həm də vaxtilə 41 mərtəbəli “O2 Residence”nin birinci mərtəbəsində ticarət sahəsinə sahib olub. Hazırda o, “Smart Heights” biznes mərkəzində ofis sahəsinə sahibdir. Hər iki əmlak 1 milyon ABŞ dolları dəyərində qiymətləndirilir.

Prezidentə daimi birbaşa çıxış”

Eyyubovun parıltılı lüks daşınmaz əmlak portfeli onun illər əvvəl məlum olan maddi durumu ilə üst-üstə düşmür. Mediada yazılan məlumatlara görə, Sovetlər dönəmində o, Naxçıvanın Daxili İşlər Nazirliyində işləyib.

Onun əlaqələri artıq qaydasında idi. Belə ki, o, həmin dönəmdə Moskvada Kommunist Partiyasının lideri olan Heydər Əliyevin bacısı qızı ilə ailə həyatı qurmuşdu. Əliyev SSRİ-nin dağılması nəticəsində yaranmış iqtisadi xaos şəraitində Naxçıvana qayıdanda ailə çətin günlər yaşayıb. Əliyev bacısının evində yaşayarkən bir dəfə bacısının nəvələrinin  kürəkənlərinin – onlardan biri də Eyyubov idi – aralarındakı söhbətini, ailəni dolandırmaq üçün ət tapmaqda çətinlik çəkdiklərinə dair dediklərini eşitdiyini xatirələrində bölüşüb.

Lakin 1993-cü ildə Əliyev yeni müstəqillik qazanmış Azərbaycanın prezidenti olduğu gündən ailənin sərvəti də böyüməyə başlayıb. 

Bacısınən digər nəvəsinin həyat yoldaşı isə Naxçıvanın diktatoru Vasif Talıbov olub. Eyyubova Prezidentin mühafizə xidmətinə rəhbərlik həvalə edilib. İlham Əliyevin prezidentliyə gəlməsi və mühafizə xidmətinin yenidən qurulmasına baxmayaraq, Eyyubov bu gün də eyni vəzifəni tutur. 

Beynəlxalq Böhran Qrupunun 2010-cu il hesabatında Eyyubov Azərbaycanın ən nüfuzlu fiqurlarından biri kimi göstərilib və o, “Prezidentə birbaşa çıxışı olan azsaylı insanlardan biri” kimi qeyd edilib.

Foto:YouTube skrinşotu/AzadlıqRadiosu

Azərbaycan prezidenti İlham Əliyevin təhlükəsizlik şöbəsinin müdiri Bəylər Eyyubov (sağda) onun limuzinin qapısını açır

2008-ci ildə dərc olunan “Wikileaks” sənədlərinə görə, Eyyubovun Azərbaycanın ən böyük yerli pivə istehsalı şirkətlərinin birində olan 40 faizlik payını satması üçün fransız iş adamına təzyiq etdiyi yazılıb. İddialara görə, çoxmilyonluq sərmayəsindən qorxan iş adamı payını Rusiya şirkətinə satıb və “hovuzda çoxlu köpəkbalığı olduğunu” deyərək Azərbaycanı tərk edib.

“OCCRP” bu iddiaların heç birini təsdiqləyə bilməyib. Eyyubov iddialar haqqında ictimaiyyətə açıqlama verməyib və jurnalistlərin suallarını cavablandırmayıb. 

Azərbaycanda korporativ mülkiyyətə dair məlumatlar ictimaiyyətə açıq olmadığından, ölkə daxilində əlavə araşdırmalar aparmaq da çətinləşir.

Bununla belə, onun adının Pandora Sənədlərində keçməsi (14 ofşor korporativ xidmət provayderindən 12 milyona yaxın faylın sızması – red.), onu deməyə əsas verir ki, hələ 2007-ci ildə Eyyubov böyük məbləğdə pul köçürmələri üçün ofşor şirkətlərdən istifadə edib.

Sənədlərdən görünür ki, həmin ilin oktyabrında Sürixdə yerləşən bir bank Eyyubova bank hesabı açmaq məqsədi ilə Britaniyanın Vircin adalarında şirkət açmağa kömək edib. Bir neçə ay sonra Eyyubova məxsus “Mente Ventures S.A”ya Yeni Zelandiyada  qeydiyyatda olan şirkətdən 250.000 ABŞ dollar köçürülüb.

Ödənişin məqsədi “ərzaq məhsullarının alınması” kimi qeyd edilib. Eyyubov ərzaq sektorunda fəaliyyəti ilə o qədər də tanınmır. 

Pulun mənşəyi barədə də heç bir məlumat yoxdur. Lakin onu göndərən Yeni Zelandiya şirkəti “Bigland Corporation Limited” özü şübhəli fəaliyyətlər nümayiş etdirir. ABŞ Prokurorluğunun məlumatına görə, “Bigland” Maqnitski vergi fırıldaqlarında iştirak edən Rusiya şirkətindən pul alıb. Bu cür şirkətlər çox vaxt müxtəlif məqsədlər üçün istifadə olunur və Eyyubovun Maqnitski sxemi ilə hər hansı əlaqəsinin olması barədə heç bir sübut yoxdur.

Gürcü dostluğu

Jurnalistlər aylarla dünyanın müxtəlif yerlərində biznes reyestrlərini araşdıraraq, Eyyubovlar ailəsinin sərvətinin haradan gəldiyini aydınlaşdırmağa çalışıblar. Ailənin əldə etidyi mülklərin kökünü izah edəcək konkret dəlil tapılmasa da, qeydlər başqa bir məqamı üzə çıxarıb – zəngin iş adamı Sulxan Papaşvili ilə gözlənilməz yaxın biznes əlaqələri.

Foto: president.az

Sulxan Papaşvili (sağdan ikinci) Azərbaycan Prezidenti İlham Əliyevi (solda) 2017-ci ilin dekabrında Sumqayıtda Papaşvilinin “STDC” məlumat mərkəzinin açılışında müşayiət edir

Papaşvili də Eyyubov kimi vaxtilə mühafizə xidməti işçisi olub. O, 1998-2003-cü illərdə Gürcüstanın Xüsusi Dövlət Mühafizə Xidmətinə rəhbərlik edib. Digər vəzifələrlə yanaşı, bu xidmətə prezidentin mühafizəsi də həvalə edilib ki, bu da onu Eyyubovun keçmiş gürcü həmkarı olduğunu deməyə əsas verir.

Tezliklə bu iki nəfərin yolları ayrılır: Papaşvili dövlət xidmətini tərk edir və uğurlu daşınmaz əmlak biznesmeninə çevrilir. Amma görünür ki, onlar şəxsi münasibətlərini qoruyub saxlayırlar. Dərc olunan rəsmi videolar göstərir ki, Eyyubov 2023-cü ilin oktyabrında Gürcüstana dövlət səfərində olan Prezident Əliyevi müşayiət edərkən, Papaşvili mətbuat konfransında onun yanağından öpür və salamlayır, daha sonra onunla nahar süfrəsi arxasında əyləşir. 

Son illərdə Papaşvili diqqətini Azərbaycana yönəldərək, Gürcüstanda idxal olunan Azərbaycan elektrik enerjisinə əsaslanan irimiqyaslı enerji ticarəti biznesi qurub. Layihə qeyri-şəffaflığı ilə nəzərə çarpır. Bundan əlavə, korporativ qeydlər göstərir ki, Papaşvilinin etibarlı adamlarından biri və biznes tərəfdaşı, eyni zamanda “Azərenerji” ASC-nin rəhbərlərinin ailə üzvləri ilə birgə bizneslər də qurublar. 

Bununla da həmin şəxslər azərbaycanlılar üçün bank hesablarının açılması və bağlanması, pul vəsaitlərinin çıxarılması, daşınmaz əmlakın alınması, satılması və ya hədiyyə edilməsi və s. tipli səlahiyyət verən etibarnamələr də alıblar. 

“OCCRP” və digər tərəfdaş medialar tərəfindən dərc edilən ayrıca araşdırmada təfərrüatlı olan bu tapıntılar mümkün maraqların toqquşması ilə bağlı suallar yaradır.

Jurnalistlər Eyyubovun öz nüfuzundan və ya əlaqələrindən Papaşviliyə kömək etmək üçün istifadə etdiyinə dair birbaşa sübut tapmasalar da, korporativ qeydlər Papaşvilinin Eyyubovlar ailəsinin üzvlərinə enerji müəssisələrinin yaradılmasında kömək etdiyini göstərir: onun həyat yoldaşı Sultanova Papaşvilinin Gürcüstandakı enerji ötürücü qüllələrin tikintisi üzrə tenderdə  iştirak edən şirkətinə səhmdar kimi qoşulub. Eyyubovun oğlu isə Papaşvilinin şəriki, “Elgreen” şirkətinin maliyyə məsləhətçisi Giorgi Kuxaleişvilinin köməyi ilə iki su elektrik stansiyası tikməyi planlaşdırıb. Eldar Eyyubov şirkəti idarə etməsi üçün 2019-cu ildə Kuxaleişviliyə qeyri-məhdud müddətə onun əvəzinə “etibarlı nümayəndə kimi” fəaliyyət göstərmək səlahiyyətini verən etibarnamə verib.

Bu enerji layihələrinin heç biri baş tutmasa da, digər iki layihə həyata keçirilib. 

Onlardan biri Gürcüstanın kurort şəhəri Batumidə yerləşən “Le Port” butik otelidir. 2012-ci ildə Eyyubovun həyat yoldaşı Sultanova otelin tikintisini həyata keçirən və hazırda onun sahibi olan Gürcüstan şirkəti “Qoqebaşvili 30” MMC-nin 50 faiz payını alıb. Şirkətin digər yarısı Papaşviliyə məxsusdur.

Papaşvilinin qardaşı Laşa, hissələrini Papaşviliyə ötürməzdən əvvəl otelə ilkin olaraq sərmayə qoyanlardan biri olduğu üçün jurnalistlər onunla əlaqə saxlayıb. O, açıqlamasında bildirib ki, Eyyubovlar ailəsinin otelə yatırdığı 4 milyon ABŞ dolları həcmində sərmayə Eyyubovun qardaşı Rafiq Həsənovdan gəlib.

Həsənovu “çox zəngin iş adamı” kimi xarakterizə edən Laşa onu layihənin bir hissəsi olmağa dəvət edib: “Xoşbəxtlikdən razılaşdı və payı qardaşı arvadının adına imzalamağa qərar verdi”.

Aşkar edilən məlumatlara görə, Rafiq Həsənov Dubay və Çexiyada hazırda dəyəri 51 milyon dollardan çox olan mülklərə sahibdir. 2022-ci ilə qədər Rusiyada da onun mülklərinin dəyəri 9 milyon dollardan çox olub, lakin jurnalistlər həmin mülklərin indiki statusunu təsdiqləyə bilməyib. Rafiq Həsənov Laşa tərəfindən çox varlı biznesmen kimi təsvir edilsə də, reportyorlar onun 2011-ci ilə qədər hər hansı şirkətin sahibi olduğunu göstərən sənəd tapa bilməyiblər. 

“Le Port” 2014-cü ilin avqustunda fəaliyyətə başlayıb, lakin fəaliyyətinin ilk bir neçə ili üçün otelin maliyyə göstəriciləri haqqında məlumat mövcud deyil. Mövcud sənədlər onun 2018-2020-ci illər arasında zərərlə işlədiyini göstərir.

2020-ci ildə Sent-Lüsiyadakı ofşor şirkəti vasitəsilə Eyyubovun həyat yoldaşı və iki qızı Britaniyanın “Beangreen Limited” şirkətinə 3 milyon funt sterlinq sərmayə qoyub. Şirkətin digər sahibi isə Papaşvilinin özü və onun biznes tərəfdaşı Giorgi Kuxaleişvilidir.

Londondakı “Catalyst Cafe” və onun yerləşdiyi bina “Beangreen”ə aiddir. Hətta bir dəfə “Evening Standard” qəzeti kafenin hazırladığı yeməklərə “yeni, həyəcanverici, taverna tərzində hazırlanan” deyərək, kafeyə tərif də yağdırıb.  “Beangreen” ən azı 2017-ci ildən etibarən Gürcüstana “Catalyst” markalı qəhvə ixrac edir.

Foto: Will Jordan/OCCRP

“Catalyst”, Eyyubovun ailəsinə və onların gürcü biznes tərəfdaşlarına məxsus London kafesi.

Kuxaleişvili Eyyubovlar ailəsinə Böyük Britaniyada daşınmaz əmlakın idarə olunmasında da köməklik edib.

O, Eyyubovların yeni tikilmiş hər iki malikanəsinin təmiri və aktivlərinin idarə olunması xidmətini göstərən, Böyük Britaniyada yerləşən “Kornerstone Limited” əmlak idarəsi şirkətinə sahibdir. Eyyubovun həyat yoldaşı Sultanova və qızı Elvira Böyük Britaniyada poçt ünvanı kimi “Kornerstone”nin ünvanını qeyd edib. 

Jurnalistlərin sorğusuna cavab olaraq Kuxaleişvilini təmsil edən hüquq şirkəti deyib ki, o, hər hansı nüfuz və ya təsir altında Eyyubovun ailə üzvlərinin Gürcüstanda və Böyük Britaniyada mülklərini idarə etməyib. 

“Kukhaleişvili və ya “Kornerstone” şirkətinin bütün müştəriləri ilə biznes əlaqələri leqal və qanunauyğundur”, – firma yazır. ““Kornerstone” fəxr edir ki, bütün müştərilərlə bağlı lazımi uyğunluq və normativ tələblərin yerinə yetirilməsini təmin edir”

Digər Britaniya şirkəti “Rockbridge Limited” Eyyubovun “Branksome” malikanəsinin baş podratçısı olub və “Somerlese”də də tikinti işlərinə cəlb edilib. Şirkət eyni zamanda Eyyubovun iki malikanəsinin arasında yerləşən və Papaşvilinin həyat yoldaşına məxsus olan Courtenay prospektindəki başqa bir malikanədə- “Ridgefield”də də eyni işə cəlb edilib.

“UK Companies House” sənədlərinə görə, “Rockbridge” Papaşvilinin qardaşının arvadı Xatuna Parcanadze və Papaşvili ailəsinin başqa bir ortağına məxsusdur. 

Papaşvili və Eyyubovlar təkcə Courtenay prospektində qonşu deyillər. Eyyubovun qızı Elviranın sahib olduğu üç mənzilli “Visage Apartments”da Papaşvilinin qızının da malikanəsi var. 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun