Cəmil Həsənli: “Bunlar qapalı bir ölkə yaratmaq istəyirlər. İstəmirlər ki, problemlər səsləndirilsin, yeridilən siyasətdə nəylə razı olub-olmadığına xalq etirazını bildirsin.”
Uzun illərdir müxalifət partiyalarının Bakının mərkəzində mitinq keçirməsinə icazə verilmir. Hökumət isə AXCP-nin də təmsil olunduğu Demokratik Qüvvələrin Milli Şurasına və Müsavat Partiyasına ənənəvi olaraq gözdən-könüldən iraq yerləri təklif edir. Milli Şura mayın 5-də şəhərin mərkəzi hissəsində mitinq keçirəcəkdi.
Amma Bakı Şəhər İcra Hakimiyyəti müxalifət blokunun müraciətə birmənalı şəkildə “yox” cavabı verib. İmtina isə onunla əsaslandırılıb ki, metronun 28 May və Nərimanov stansiyalarının qarşısındakı ərazilər nəqliyyatın intensiv hərəkət etdiyi hissələrdə yerləşdiyindən həmin məkanlarda toplantıların keçirilməsi tıxacların yaranmasına və vətəndaşların sərbəst hərəkət hüququnun pozulmasına səbəb olacaq.
Hüquqşünas Səməd Rəhimli deyir ki, istirahət hüququ dedikdə ildə 21 gün, həftədə 1 dəfə olmaqla istirahət nəzərdə tutulur. Onun sözlərinə görə, aksiyalara imtina cavabını vətəndaşların istirahət hüquqlarının pozulması ilə arqumentləşdirmək çox absurddur.