“Qoy bir kəlimə də mən deyim” şüarı altında baş tutacaq festival ölkənin dörd şəhərində eyni anda keçiriləcək
V Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalının keçiriləcəyi tarixlər açıqlanıb.
Bu barədə “Abzas Media”ya festivalın kommunikasiya meneceri Aygül Qurbanova məlumat verib.
O bildirib ki, bu il “Qoy bir kəlimə də mən deyim” şüarı ilə keçiriləcək V SevilFest 5-12 iyul tarixlərində, eyni anda Bakı, Şəki, Lənkəran və Şabran şəhərlərində baş tutacaq.
“Bu il də festival tamaşaçılarını zəngin və çoxşaxəli proqram gözləyir. Hər il olduğu kimi yerli qısametraj sənədli film, beynəlxalq qısametraj sənədli film, uzunmetraj sənədli film kateqoriyalarında yarışacaq müsabiqə filmlərinin nümayiş ediləcəyi festivalda xüsusi bir bölmə olaraq yer alan "Festivallardan seçmələr" bölməsi dünya festivalları laureatı filmləri Azərbaycan tamaşaçısı ilə görüşdürəcək”, - Aygül Qurbanova bildirib.
Aygül Qurbanova əlavə edib ki, festival bu il də bir çox beynəlxalq xarici qonağa ev sahibliyi edəcək, dünya kino sənayesinin peşəkarları tərəfindən ustad dərsləri keçiriləcək, müxtəlif mövzularda panel müzakirələr baş tutacaq.
Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı 2020-ci ildən fəaliyyət göstərən müstəqil sənədli filmlər festivalıdır.
Festivalın əsas məqsədi incəsənət və sənədli filmlər vasitəsilə gender əsaslı problemlərə fərqindəliyi artırmaqdır.
Festival dünyanın hər yerindən bəyənilən filmləri Azərbaycan tamaşaçılarına təqdim edir və onları müxtəlif gender əsaslı problemlər ətrafında ictimai müzakirəyə cəlb edir.
Festival qadınlar və təmsil olunmayan qruplar üçün təhlükəsiz və inklüziv məkan yaratmaq, onların iştirakını və ölkədə sənədli film sənayesinə töhfələrini artırmaq istiqamətində fəal işləyir. Nümayişlər, müzakirələr və digər fəaliyyətlər vasitəsilə Sevilfest sənədli film sektorunun təkmilləşməsini və inkişafını, xüsusən də, marjinal hesab edilən kinorejissorların səslərini dəstəkləmək və gücləndirməklə təşviqat məqsədi daşıyır.