Yanvarın 16-da Münhen Ali Məhkəməsində Almaniyanın Xristian Demokrat İttifaqından və Xristian Sosialist İttifaqından olan keçmiş deputatlar Aksel Fişer və Eduard Lintnerin məhkəməsi başlayır. Frankfurt prokurorluğunun məlumatına görə, hər iki deputat Azərbaycan hökumətindən rüşvət almaqda ittiham olunurlar.
Bu cinayət işi Avropa Şurasında ortaya çıxan və “Kürü diplomatiyası“ kimi tanınan korrupsiya qalmaqalı ilə bağlıdır. İddilara görə, Azərbaycan höküməti illərlə ölkədə insan haqlarının pozuntusuna dair hesabatların və müzakirələrin qarşısını almaq məqsədilə bu qurumun deputatlarını satın alaraq susdurub.
Almaniyanın baş prokurorluğunun hələ 2020-ci ildə yaydığı məlumatda deyilirdi ki, Lintner 2008-2016-cı illərdə Baltikyanı ölkələrdə bank hesabları olan britaniya şirkətləri vasitəsilə Azərbaycandan 4 milyon avro qəbul edib. Fişerin isə 2015-2016-cı illərdə 22 min avro rüşvət aldığı bildirilir.
Qeyd edək ki, eyni ittiham Almaniyadan olan daha bir deputata qarşı da qaldırılmışdı. Xristian Demokrat İttifaqından olan Karin Ştrenzin Lintner vasitəsilə 150 min avro qəbul edərək Azərbaycan hökumətinin təlimatlarına əsasən hərəkət edəcəyini bildirib və 2015-2016-cı illərdə Azərbaycanda insan haqları ilə bağlı hazırlanan qətnamənin əleyhinə səs verib.
2021-ci ilin martında Kubadan Almaniyaya qayıdarkən Karin Ştrenzin halı pisləşib. Təyyarə İrlandiyaya təcili eniş etsə də 53 yaşlı deputatın həyatını xilas etmək olmayıb. Ekspertiza rəyinə görə, Ştrenzin sağlamlığına kənar müdaxilə olmayıb və o, təbii şəkildə ölüb.
Buna görə də, Münhendə keçiriləcək məhkəmə işində Fişerlə Lintner dindiriləcək. Otuz iclasdan ibarət olacaq məhkəmə prosesinin aprelin 25-də yekunlaşacağı gözlənilir.