Azərbaycanın ardınca Gürcüstan da AŞPA-da fəaliyyətini dayandırıb

Azərbaycanın ardınca Gürcüstan da AŞPA-da fəaliyyətini dayandırıb Foto: Euromedia24
30 Yanvar 2025
Mətni dəyiş

Qurumun yanvarın 27-də qəbul etdiyi qətnamədə Azərbaycan və Gürcüstana yönələn tənqidlər artsa da, Ermənistan hökumətinin demokratik inkişaf yolunda davamlı səylər göstərdiyi bəyan edilib

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Gürcüstandan olan nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməsinə bu il aprelin 1-də baxacaq. Gürcüstan hökuməti bu müddətdə yeni parlament seçkiləri elan etməli, polis zorakılığı və vətəndaşlarının hüquqlarını pozulmasına son qoymalı və siyasi məhbusları azadlığa buraxmalıdır.

AŞPA-nın bu tələbləri yerinə yetirilənə qədər Gürcüstandan olan nümayəndə heyətinin səlahiyyətləri əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb. Nümayəndə heyətinin üzvləri qurumun 5 komitəsinin iclasında iştirak edə və  siyasi məruzəçi ola bilməyəcəklər.  Qurumun gəldiyi qərara görə, onların müşahidəçilik fəaliyyətləri də məhdudlaşdırılıb.

Gürcüstan nümayəndə heyəti AŞPA-nın yanvarın 27-də qəbul etdiyi 2580 saylı qətnamədən sonra bu qurumda fəaliyyətini dayandırıb. “Gürcü Arzusu” partiyasının tanınmış deputatı, Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Tea Tsulukiani səsvermədən qısa müddət sonra geri çəkilmək qərarınlarını elan edib. 

AŞPA-nın prezidenti Teodoros Rusopulos Gürcüstan nümayəndə heyətinin bu qurumdan geri çəkilmək qərarına təəssüfləndiyini bildirib.

“Bu addım Gürcüstanda demokratik standartların irəliləməsinə kömək edə biləcək dialoqu təhlükə altına atır”, – deyə Rusopulos bildirib.

Eyni addımı AŞPA-nın 2024-cü ildə keçirilən qış sessiyasında Azərbaycan hökuməti də atmışdı. Azərbaycandan olan nümayəndə heyəti qurumun səlahiyyətlərinin təsdiqlənməməsilə bağlı verdiyi qərardan qısa müddət əvvəl AŞPA-da fəaliyyətlərini “qeyri-müəyyən müddətə” dayandırdığını bəyan etmişdi. 

AŞPA Azərbaycanın Avropa Şurasına üzvlükdən irəli gələn əsas öhdəliklərini yerinə yetirməməsi, ölkədə insan hüquqlarının vəziyyətinin pisləşdiyini, o cümlədən jurnalistlərin həbsi, növbədənkənar prezident seçkisini müşahidə etmək üçün quruma dəvət göndərilməməsini də daxil olmaqla əməkdaşlıqdan imtinanı, habelə Qarabağda hərbi əməliyyatları əsas gətirərək azərbaycanlı deputatların etimadnamələrini təsdiq etməmişdi.

Azərbaycanın nümayəndə heyəti baş verənlərin ölkənin ərazi bütövlüyünü bərpa etməsinə görə aparılan qərəzli kampaniyanın bir hissəsi olduğunu qeyd etmişdi.

Azərbaycanın Assambleyadan kənarlaşdırılmasına çağıran qətnamənin lehinə AŞPA-dan 76 deputatı səs vermişdi. Ötən ilin sentyabrında keçirilən növbədənkənar parlament seçkilərindən qısa müddət əvvəl – avqustun 25-də Azərbaycan Xarici İşlər Nazirliyi həmin deputatları “arzuolunmaz şəxslər“ elan edərək qara siyahıya salıb. AŞPA-nın müşahidə missiyası isə seçkiləri müşahidə etməyə dəvət olunmamışdı.

Bu il AŞPA-da qəbul olunan qətnamədə Gürcüstanla bağlı Azərbaycana yönəlmiş tənqidlər də yer alıb. Ölkədə siyasi və vətəndaş cəmiyyəti fəallarına, media nümayəndələrinə və digər hökumət tənqidçilərinə qarşı davam edən təzyiqlərdən narahatlığını ifadə edən qurum Azərbaycan haklimiyyətini təqiblərə son qoymağa və siyasi motivli ittihamlarla həbs olunanların hamısını dərhal azad etməyə çağırır.

Sənəddə həmçinin qeyd edilir ki, hökumət “Siyasi partiyalar haqqında”, “KİV haqqında” Qanuna və QHT-lərə aid müvafiq qanunvericiliyə Venesiya Komissiyasının tövsiyələrinə uyğun olaraq düzəlişlər etməli, İşgəncələrin və Qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə Avropa Komitəsi ilə əməkdaşlıq təxirə salmadan bərpa edilməlidir.

Azərbaycanın nümayəndə heyəti AŞPA-nın qış sessiyasında iştirak etməyib. Almaniyanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, deputat Frank Şvabenin buna münasibəti özünü o qədər də gecikdirməyib.

“Azərbaycan Avropa Şurasının dəyərlərinə və qaydalarına kökündən məhəl qoymadığına görə, Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin ola bilməyəcəyini qəbul edir və akkreditasiya üçün Strasburqa nümayəndə heyəti göndərmir”, – deyə Frank Şvabe özünün “X” hesabında yazıb.

AŞPA-dan fərqli olaraq, Avropa Şurasının Azərbaycanla bağlı mövqeyi fərqlənir. Luksemburqun xarici işlər və ticarət naziri Xavier Bettel AŞPA ilə Azərbaycan hökumətinə çağırış edərək dialoqun bərpa edilməli olduğunu bildirib.  

Azərbaycan və Gürcüstanla müqayisədə Ermənistana yönələn tənqidlər o qədər də çox deyil. Qətnamədə qeyd edilir ki, Ermənistanın üzləşdiyi ciddi təhlükəsizlik çağırışlarına baxmayaraq,  hökumətin demokratik inkişaf yolunda davamlı səyləri yüksək qiymətləndirilir.

Qətnamədə Ermənistanda Seçki Məcəlləsinin islahatları zamanı nümayiş etdirilən inklüzivlik və şəffaflığı alqışlanıb, Ermənistan xalqının etimadını qazanan həqiqətən demokratik seçkilərin keçirilməsi məqsədinin böyük ölçüdə yerinə yetirildiyi vurğulanıb.

Bununla yanaşı, Assambleya ölkədəki siyasi mühitin həddindən artıq qütbləşmiş və qarşıdurmalı qalmasından təəssüf hissi keçirdiyini və bütün maraqlı tərəfləri parlament çoxluğu ilə müxalifət arasındakı münasibətləri yaxşılaşdırmağa çağırdığını qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun