“xeberman.com” saytının rəhbəri Polad Aslanov saxlanıldığı 15 saylı cəzaçəkmə müəssindəki şəraitsizlikdən narazıdır. Bu barədə “Abzas Media”ya onun həyat yoldaşı Gülmirə Aslanova məlumat verib.
Xanım Aslanova bildirib ki, həyat yoldaşının saxlanma şəraitini 21-24 yanvar tarixlərində uzun görüş zamanı şəxsən özü görüb.
“Orada qaldığımız üç gün ərzində isti su vermədilər. Bu üç gündə ancaq bir dəfə 1-2 saatlıq isti sudan istifadə edə bildik. O da Polad onlarla dalaşıb isti suyu vermələrini tələb edəndən sonra. Biz bir həyətdə 5 məhbus ailəsi idik. Polad onlara bildirdi ki, niyə digər 4 ailədə isti su gəlir, amma bizdə yox? Onlar da dedilər ki, guya bizə su gəlib çatmır. Amma otaqlar yan-yana idi. Ən azından gündüz o ailələr işlədir, gecə bizə verə bilərdilər. Üç gün soyuq, buz kimi sudan istifadə etməli olduq”, – Gülmiyə Aslanova bildirib.
Həyat yoldaşı qeyd edib ki, Polad Aslanov həbsxana əməkdaşlarına ibadət etdiyini və isti suya ehtiyacı olduğunu deyib, ən azından qızdırıcı ilə təmin edilməsini istəyib. Amma bu istəyinə də rədd cavabı alıb.
“Buna nəzarət edən bir məhbus var idi. Dedi ki, onluq deyil, heç nə bilmir. Hətta dedilər ki, mümkün deyil ki, sizdə isti su gəlməsin. Polad öz gözləri ilə görsünlər deyə, onları hamam otağına gətirdi. Özləri gəlib yoxladılar ki, həqiqətən isti su gəlmir. Polad digər otağa keçməyi tələb etsə də, buna razı olmadılar”, – xanım Aslanova deyib.
Gülmirə Aslanova onu da əlavə edib ki, həyat yoldaşına apardığı gündəlik ehtiyacları da qəbul etmirlər.
“Digər məhbuslardan fərqli olaraq Polad Aslanovla ayda yalnız bir dəfə görüşə icazə verilib, onda isə yalnız yemək apara bilirlər. Digər ehtiyacların çatdırılmasına icazə verilmir”, – deyə Gülmirə Aslanova vurğulayıb.
“xeberman.com” saytının təsisçisi və rəhbəri Polad Aslanov 2019-cu ilin iyununda dövlətə xəyanət ittihamı ilə həbs edilib və 16 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. 2022-ci il fevralın 24-də Ali Məhkəmə onun cəza müddətini 13 ilə qədər azaldıb.
O, bu ittihamı qəbul etməyib, tənqidçi fəaliyyətinə və DTX əməkdaşlarının zəvvarları ziyarətə aparan şirkətlərdən rüşvət alması barədə yazdığı yazılara görə cəzalandırıldığını deyib.
Hüquq müdafiəçiləri Polad Aslanovu siyasi məhbus kimi tanıyıblar.