Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) qərara alıb ki, Rusiya Gürcüstana 253 milyon avro təzminat ödəməlidir. Qərar ölkənin 2008-ci il Rusiya-Gürcüstan müharibəsindən sonra həyata keçirdiyi “sərhədin sərtləşdirilməsi” (“bordelizasiya”) siyasəti ilə bağlı qəbul edilib.
“Gürcüstan Rusiyaya qarşı (IV)” işi üzrə qərarda qeyd olunur ki, 2009-cu ildən başlayaraq Rusiya hərbçilərinin iştirakı ilə Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələri ilə inzibati xətt boyunca tikanlı məftilli metal hasarlar tikilib. Tbilisi bu əraziləri “işğal xətti” adlandırır.
Məhkəmə Rusiyanın Avropa İnsan Hüquqları Konvensiyasını sistemli şəkildə pozduğunu bildirib. Bu pozuntulara qanunsuz saxlamalar, həddindən artıq güc tətbiqi, işgəncə və qeyri-insani rəftar, hərəkət azadlığının məhdudlaşdırılması, vətəndaşların evlərinə və torpaqlarına çıxışının, eləcə də gürcü dilində təhsilin qadağan olunması daxildir.
AİHM-in məlumatına görə, bu siyasətdən 29 min gürcü vətəndaşı zərər çəkib. Qərar 2024-cü ilin aprelində qəbul edilib, oktyabrın 14-də isə təzminat məbləği dəqiqləşdirilib.
Məhkəmə daha əvvəl də Rusiya dövlətini 2008-ci il müharibəsi zamanı və sonrasında insan haqlarını kütləvi şəkildə pozduğuna görə Gürcüstana 130 milyon avro, etnik gürcülərin kütləvi deportasiyası və hüquq pozuntularına görə isə əlavə 10 milyon avro ödəməyə məcbur etmişdi.
Lakin Rusiya 2022-ci ildə Avropa Şurasından çıxarıldıqdan sonra AİHM qərarlarını yerinə yetirməyəcəyini elan edib. 2022-ci il sentyabrın 16-dan etibarən Rusiya Avropa İnsan Hüquqları Konvensiyasının iştirakçısı deyil.
Abxaziya və Cənubi Osetiya Sovet dövründə Gürcüstanın tərkibində muxtar bölgələr olub. 1990-cı illərin əvvəllərində baş verən müharibələrdən sonra bu ərazilər öz “müstəqilliklərini” elan etsələr də, beynəlxalq ictimaiyyət bu addımı tanımayıb.
2008-ci ilin avqustundakı beşgünlük müharibədən sonra isə onların “müstəqilliyini” yalnız Rusiya və daha dörd ölkə – Venesuela, Nauru, Nikaraqua və Suriya tanıyıb.
Tbilisi isə bu bölgələri hələ də Rusiyanın işğal etdiyi ərazilər hesab edir və Moskvanın bu əraziləri tanımasını anneksiya siyasətinin tərkib hissəsi kimi qiymətləndirir.