Anar Məmmədli: “Avropa Məhkəməsinin qərarının icra olunmaması Strasburq sisteminə meydan oxumaqdır”

Anar Məmmədli: “Avropa Məhkəməsinin qərarının icra olunmaması Strasburq sisteminə meydan oxumaqdır”
29 Oktyabr 2025
Mətni dəyiş

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) sədri, insan haqları müdafiəçisi Anar Məmmədli Avropa Şurasının Nazirlər Komitəsinə müraciət göndərib. 

“Gözətçi” portalı yazır ki, müraciət Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) onun işi üzrə çıxardığı “Məmmədli Azərbaycana qarşı” qərarının icrasının gedişi və nəticələri ilə bağlıdır.

Məmmədli Komitəyə göndərdiyi sənəddə bəraət qərarının məqsədli şəkildə gecikdirildiyini, Azərbaycan hökumətinin Nazirlər Komitəsini yanlış məlumatlandırdığını və əvvəlki qanunsuz məhkumluğunun indi ona qarşı irəli sürülən saxta ittihamda ağırlaşdırıcı hal kimi istifadə edildiyini qeyd edib.

Müraciət AİHM qərarlarının icrasına nəzarət səlahiyyətlərini müəyyən edən Nazirlər Komitəsinin Qayda 9(1) mexanizmi çərçivəsində təqdim olunub. Bu qayda fərdlərə Strasburq qərarlarının yerinə yetirilməsinə nəzarət edən orqanı məlumatlandırmaq hüququ verir.

Anar Məmmədli 2018-ci ildə AİHM-in onun xeyrinə çıxardığı qərarın yeddi ildən sonra belə tam icra edilməməsini “icra olunmayan qərarın cəza vasitəsinə çevrilməsi” adlandırıb. O, bunun təkcə fərdi hüquqların pozulması deyil, həm də “Strasburq sisteminin nüfuzuna qarşı açıq meydan oxumaq” olduğunu bildirib:

“Bu davranış qitə miqyasında təhlükəli presedent yaradır və digər dövlətlərə AİHM qərarlarına əməl etməmələri üçün yanlış mesaj göndərir”.

O qeyd edib ki, Azərbaycan hökuməti illərdir “məhkumluğun götürüldüyü” barədə Nazirlər Komitəsinə aldadıcı məlumat verir, halbuki yeni ittiham aktında əvvəlki məhkumluq təkrarlanan cinayət kimi göstərilib.

Anar Məmmədli 2013-cü il dekabrın 16-da “qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə” ittihamları ilə həbs edilmişdi.

AİHM 2018-ci il 19 aprel tarixli qərarında onun həbsi ilə bağlı Konvensiyanın 5-ci (azadlıq hüququ) və 18-ci (hüquqlardan sui-istifadənin qadağası) maddələrinin pozulduğunu müəyyən edib və işi siyasi motivli sayıb.

Lakin qərarın qəbulundan yeddi ildən çox keçsə də, Azərbaycan hökuməti nə məhkumluğu ləğv edib, nə də hüquqlarını bərpa edib.

Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Məmmədli qeyd edir ki, onun barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəmələr hər dəfə eyni şablon arqumentlərdən istifadə edib, ədalətli məhkəmə araşdırması standartlarına əməl olunmayıb.

O, məsələnin artıq təkcə şəxsi işi olmadığını, “Avropa insan hüquqları sisteminin etibarlılığı ilə bağlı” ümumi bir sınağa çevrildiyini vurğulayıb:

“… söhbət təkcə fərdi qərarların icrasından deyil, həm də Avropa İnsan Hüquqları Konvensiyasının bütün icra arxitekturasının etibarlılığından gedir”.

Anar Məmmədli Nazirlər Komitəsini daha sərt mövqe tutmağa, qərarın icrası üçün konkret meyar və müddətlər müəyyən edən yeni aralıq qətnamə qəbul etməyə çağırıb.

“Siyasi məhbusluq təkcə fərdi hüquqların pozulması deyil, həm də demokratik dəyərlərə və Avropa hüquq sisteminə birbaşa təhdiddir… Bu qərarın icrasının yubadılması Konvensiya sisteminin bütövlüyünə zərbə vurur”.

Anar Məmmədli 2024-cü il aprelin 29-da saxlanılıb. Əvvəlcə ona Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, daha sonra digər maliyyə cinayətləri maddələri də əlavə edilib.

Yerli və beynəlxalq hüquq təşkilatları onu siyasi məhbus kimi tanıyıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun