Ararat Mirzoyan: “Azərbaycan tərəfi müəyyən ilkin şərtlər irəli sürür, biz bu gündəliyi bölüşmürük”

Ararat Mirzoyan: “Azərbaycan tərəfi müəyyən ilkin şərtlər irəli sürür, biz bu gündəliyi bölüşmürük”
3 Oktyabr 2025
Mətni dəyiş

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, TRIPP layihəsinin tikintisinə yaxın aylarda start veriləcək. XİN başçısı bu barədə Polşanın “TVP World” kanalına müsahibəsində danışıb.

Nazirin sözlərinə görə, əsas prinsiplər artıq razılaşdırılıb:

“İndi ABŞ-dən gələcək nümayəndə heyəti ilə yolun texniki həlləri, detalları və qeyd etdiyim şirkət üzərində razılığa gəlməliyik. ABŞ tərəfi ilə danışıqlara başlamışıq. Düşünürəm ki, bu prosesi qarşıdakı bir neçə ay ərzində başa çatdıra biləcəyik və bundan sonra tikinti işlərinə başlanacaq. Dəmir yolu ilə bağlı isə ekspertlər hesab edir ki, tikinti ən azı iki il çəkə bilər. Amma biz Ermənistanla Azərbaycan arasında əlaqələrin tezliklə bərpasında və açılmasında çox maraqlıyıq. Çünki, dediyim kimi, əsas benefisiarlardan biriyik. Biz həmçinin yükləri göndərmək və qəbul etmək üçün Azərbaycanın infrastrukturundan və ərazisindən istifadə edə bilərik. Bu isə kommunikasiya məsələsidir”.

Mirzoyan həmçinin əlavə edib ki, Azərbaycanla sülh sazişi üzrə proses davam edir. Onun sözlərinə görə, sənədin mətni mart ayında razılaşdırılıb və artıq hər iki tərəfin XİN rəhbərləri tərəfindən paraflanıb:

“Biz bu müqaviləni mümkün qədər tez imzalamağa hazırıq. Azərbaycan tərəfi müəyyən ilkin şərtlər irəli sürür, biz isə bu gündəliyi bölüşmürük. Lakin yekun imzalanma mərasimindən əvvəl də müəyyən proseslər var ki, ya davam edir, ya da imzaya qədər başlaya bilər. Məsələn, biz bir-birimizə daha tolerant yanaşma imkanlarını və beynəlxalq platformalarda əməkdaşlıq perspektivlərini müzakirə etmişik”.

Onun sözlərinə görə, Bakı sülh sazişinin ilkin imzalanmasından sonra belə Ermənistan Konstitusiyasının dəyişdirilməsini tələb edir, bunu guya orada ərazi iddiaları görməsi ilə əsaslandırır. Halbuki, Ermənistan tərəfi dəfələrlə bəyan edib ki, heç bir ərazi iddiası yoxdur.

Nazir jurnalistin “Mövcud əsas çətinliklər hansılardır?” sualına cavabında bildirib ki, onilliklər davam edən münaqişə cəmiyyətlər üzərində ağır psixoloji yük buraxıb və ehtimal ki, ehtiyatlılıq hələ də qalmaqdadır.

“Harmoniyanın bərpası vaxt tələb edəcək. Sülh artıq təsbit olunub, amma o, hər iki tərəfdən daimi qayğı və gündəlik səylər tələb edir. Bu kontekstdə qeyd etməliyəm ki, hər hansı tərəfin aqressiv ritorikası prosesə kömək etmir”, – deyə Mirzoyan əlavə edib.

Nazir sərhədin demarkasiyası prosesindən də danışıb:

“Bu iş çoxdan başlanıb. Artıq 12 kilometr sərhəd demarkasiya olunub. Məsələn, həmin sərhəd boyunca yerləşən erməni kəndinə baş çəkəndə görmək olar ki, orada inkişaf gedir: yeni məktəb tikilib, insanlar özlərini daha təhlükəsiz hiss edirlər, kənd sakinlərinin təhlükəsizliklə bağlı narahatlığı yoxdur. Deməli, artıq icra olunan proseslər var və qarşıda görüləcək addımlar da mövcuddur”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun