Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) oktyabrın 14-də araşdırmaçı jurnalist Xədicə İsmayılovanın Azərbaycana qarşı şikayəti üzrə qərarını açıqlayıb. AİHM onun ədalətli məhkəmə araşdırması hüququnun pozulduğuna qərar verib.
İsmayılova 2017-ci ildə AİHM-ə müraciət edərək 2015-ci ildə “böhtan” maddəsi ilə məhkum edilməsini ədalətsiz adlandırmışdı. O, 2011-ci ildə “Facebook” hesabında paylaşdığı sənəd və şərhə görə E.H. adlı şəxsi ağır cinayətdə ittiham etməkdə günahlandırılmış, Binəqədi Rayon Məhkəməsi jurnalisti 2500 manat cərimələmişdi. Daha sonra bu hökm Apellyasiya və Ali Məhkəmələr tərəfindən qüvvədə saxlanılmışdı.
AİHM qərarında qeyd edib ki, İsmayılovanın məhkumluğu əsasən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin məktubuna əsaslanıb. Həmin məktubda jurnalistin guya 2011-ci ildə iki sənəd paylaşdığı bildirilirdi. Lakin İsmayılova bununla razılaşmayaraq, yalnız bir sənəd paylaşdığını və həmin sənəddə şəxsin kimliyinin gizli saxlandığını bildirib.
Məhkəmə müəyyən edib ki, yerli məhkəmələr bu əsas sənədi imzalamış MTN əməkdaşını şahid kimi dindirməyib və İsmayılovanın bu barədə vəsatətini əsassız olaraq rədd edib. AİHM-in fikrincə, bu hal müdafiə hüququnu ciddi şəkildə məhdudlaşdırıb və prosesin ədalətliliyini pozub.
Məhkəmə yekdilliklə müəyyən edib ki, jurnalistin Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulan “ədalətli məhkəmə araşdırması hüququ” pozulub.
Qərara əsasən, Azərbaycan dövləti Xədicə İsmayılovaya 3 600 avro mənəvi zərər, həmçinin 1 500 avro məhkəmə xərcləri ödəməlidir.
AİHM Xədicə İsmayılovanın ifadə azadlığı (10-cu maddə) ilə bağlı şikayətinə ayrıca baxmağa ehtiyac görməyib.