“Euroasianet”: “Ramiz Mehdiyevin həbsi Azərbaycanla Rusiya arasında münasibətlərin hələ də gərgin olduğunu göstərir”

“Euroasianet”: “Ramiz Mehdiyevin həbsi Azərbaycanla Rusiya arasında münasibətlərin hələ də gərgin olduğunu göstərir”
20 Oktyabr 2025
Mətni dəyiş

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın əvvəlində Düşənbədə Rusiya Prezidenti Vladimir Putinlə görüşündə münasibətlərin bərpası yönündə mesajlar vermişdi. Lakin tezliklə Əliyev ailəsinin uzunillik tərəfdarı Ramiz Mehdiyevin “dövlətə xəyanət” ittihamı ilə həbsi bu “barışın” davamlı olub-olmayacağına dair şübhələri yenidən gündəmə gətirib.

Azərbaycanla Rusiya arasındakı münasibətlər ötən ilin dekabrında baş vermiş faciəli hadisədən sonra kəskin pisləşmişdi. Həmin vaxt Rusiyanın zenit-raket kompleksi Azərbaycan sərnişin təyyarəsini vurmuş, nəticədə 38 nəfər həlak olmuşdu. “Euroasianet” yazır ki, Əliyevin Moskva ilə əlaqələri “dondurmaq” qərarı Putinin məsuliyyəti üzərinə götürməkdən imtinası ilə bağlı idi.

Düşənbədə keçirilən son görüşdə Putin nəhayət təyyarənin rus raketi ilə vurulduğunu etiraf edib, lakin üzr istəməyib. O, yalnız qurbanların ailələrinə kompensasiya veriləcəyini bildirib. Əliyev bu jestə görə təşəkkür edib və iki ölkə arasında münasibətlərin “yumşalması” ehtimalını ifadə edib.

Lakin az sonra 87 yaşlı Ramiz Mehdiyevin həbsi münasibətlərin həqiqətən də normallaşıb-normallaşmadığına dair sualları artırıb. O, “dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllərdə” və “cinayət yolu ilə əmlak əldə etməkdə” ittiham olunur. Məhkəmə onun barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçib.

Hökumətyönlü “APA” xəbər agentliyinin oktyabrın 16-da yaydığı məlumata görə, Mehdiyev 2025-ci ilin əvvəlində Bakı-Moskva münasibətlərinin gərginləşdiyi dövrdə Rusiya rəsmilərinə İlham Əliyevi devirmək və özünün rəhbərlik etdiyi “müvəqqəti dövlət şurası” yaratmaq planı təqdim edib. Agentlik iddia edir ki, Kreml əvvəlcə bu ideyaya maraq göstərsə də, sonradan onun uğursuz olacağını düşünərək imtina edib. Nəticədə Putin plan barədə şəxsən Əliyevə məlumat verib.

Mehdiyev müstəqillikdən əvvəl də Əliyev ailəsinin yaxın çevrəsinə daxil idi. O, 1995–2019-cu illərdə Prezident Administrasiyasına rəhbərlik edib, həm Heydər, həm də İlham Əliyevlərin əsas siyasi dayaqlarından sayılıb. 2000-ci illərin əvvəlində o, gənc İlham Əliyevin “siyasi mentoru” rolunu oynayıb. 2019–2022-ci illərdə Milli Elmlər Akademiyasına rəhbərlik edib, sonradan Təhlükəsizlik Şurasının üzvü kimi fəaliyyətini davam etdirib. “Euroasianet” yazır ki, Mehdiyev hələ sovet dövründən Moskva ilə sıx əlaqələri olan şəxs kimi tanınırdı. “APA”nın məlumatında da qeyd olunur ki, “o, hələ Sovet dönəmindən Moskvanın agentura şəbəkəsinin üzvü kimi tanınırdı”.

Rəsmi versiyada Mehdiyevin çevriliş ideyasını Moskvaya özü təqdim etdiyi qeyd olunur. Lakin bəzi siyasi müşahidəçilər əksinə, planın təşəbbüskarının Moskva ola biləcəyini və Rusiya rəsmilərinin daha sonra onu “satdığını” düşünürlər.

Kreml bu məlumatı Əliyevə “dostcasına xəbərdarlıq” kimi təqdim etsə də, analitiklər bunu eyni zamanda hədə mesajı kimi qiymətləndirirlər: yəni, Putin Bakıya xatırladır ki, “Rusiyadan çox da uzaqlaşma və rejimin sabit qalacaq”.

Əliyev təyyarə insidentində siyasi qələbə qazanmış kimi görünsə də, indi Moskva qarşısında müdafiə mövqeyinə çəkilib. “Euroasianet”in fikrincə, bu hadisələr fonunda Azərbaycanın Ermənistanla sülh danışıqları və “Orta Dəhliz” ticarət marşrutunun genişləndirilməsi istiqamətində addımlarını da Kreml diqqətlə izləyəcək.

Nəticə etibarilə, Ramiz Mehdiyevin həbsi rəsmi Bakı ilə Moskva arasında münasibətlərin hələ tam normallaşmadığını göstərir — formal olaraq “bərpa olunan” əlaqələr əslində dərin böhran içindədir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun