Gürcüstanda hakim “Gürcü Arzusu” partiyası üç müxalif partiyanın ləğv edilməsi üçün ölkənin Konstitusiya Məhkəməsinə müraciət edib. Söhbət “Vahid Milli Hərəkat”, “Lelo – Güclü Gürcüstan” və “Dəyişikliklər Uğrunda Koalisiya” partiyalarından gedir.
“Gürcü Arzusu” bu partiyaların fəaliyyətinin qeyri-konstitusion elan edilməsini və qadağan olunmasını tələb edir. Bu barədə partiyanın liderlərindən biri, parlamentin sədri Şalva Papuaşvili bildirib.
İddiada bildirilir ki, qeyd olunan partiyalar “daxili və xarici siyasət baxımından Gürcüstan hökumətinin və hakim partiyanın legitimliyini davamlı şəkildə inkar edirlər” və bu səbəbdən “konstitusiyaya zidd məqsədlərlə” fəaliyyət göstərirlər.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, son parlament seçkilərində dörd müxalif partiya 5 faiz baryerini keçib. Onlar təxminən bir il ərzində parlamentin işini boykot ediblər. “Gürcü Arzusu” yalnız birinə - keçmiş baş nazir Giorgi Qaxariyanın rəhbərlik etdiyi “Qaxariya – Gürcüstan Uğrunda” partiyasına qarşı iddia qaldırmayıb. Həmin partiyanın deputatları oktyabrın 28-də parlamentin iclaslarına qatılmağa başlayıblar.
“Lelo – Güclü Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri vəzifəsinə 2025-ci il seçkilərində namizəd İrakli Kupradze konstitusiya iddiasına baxmayaraq, mübarizəni davam etdirəcəklərini bildirib.
Papuaşvili “Droa”, “Girçi – Daha çox azadlıq”, “Aqmaşenebeli Strategiyası”, “Avropa Gürcüstanı”, “Federalistlər” və “Respublikaçı Partiya” kimi digər “radikal” partiyaları da sadalayıb. O, bu partiyaları “formal, bir nəfərlik təşkilatlar” adlandırıb və “hazırkı mərhələdə onların qadağan olunmasına ehtiyac yoxdur” deyib.
Hakim partiya son seçkilər öncəsi seçicilərə “Vahid Milli Hərəkat” da daxil olmaqla müxalif qüvvələrin buraxılacağı və qadağan ediləcəyi barədə vəd vermişdi. “Gürcü Arzusu”nun təşəbbüsü ilə Gürcüstanda toplaşmaq və ifadə azadlığını məhdudlaşdıran, etirazlara görə cəzaları sərtləşdirən və Konstitusiya Məhkəməsinə partiyaları qadağan etməklə yanaşı, konkret siyasətçilərin fəaliyyətini də məhdudlaşdırmağa imkan verən bir sıra qanunlar qəbul edilib.
Əgər Konstitusiya Məhkəməsi iddianı təmin etsə, bu partiyaların və onlarla əlaqəli şəxslərin seçkilərdə iştirakına, dövlət vəzifələrini tutmasına və yeni partiyalar yaratmasına qadağa qoyulacaq. Gürcü mətbuatının məlumatına görə, məhkəmə qərarını qarşıdakı aylarda elan edəcək.