“QHT işi” üzrə istintaq yekunlaşır, cinayət işləri məhkəməyə göndərilir

“QHT işi” üzrə istintaq yekunlaşır, cinayət işləri məhkəməyə göndərilir
3 Oktyabr 2025
Mətni dəyiş

Baş Prokurorluğun İstintaq İdarəsində aparılan yerli və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) ilə bağlı cinayət işi üzrə bir neçə vətəndaş cəmiyyəti fəalının işi məhkəməyə göndərilib. Yaxın günlərdə onların məhkəmə qarşısına çıxacağı gözlənilir.

“Azadlıq Radiosu”nun məlumatına görə, Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı, İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qalib Bayramov və Nərgiz Muxtarovanın işləri üzrə istintaq yekunlaşıb. Onların cinayət işləri baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim olunub.

Hazırda Bəşir Süleymanlı həbsdə saxlanılır, digər iki nəfər haqqında isə istintaq dövründə alternativ qətimkan tədbiri seçilib. Oktyabrın 8-də Qalib Bayramovun, oktyabrın 9-da Bəşir Süleymanlının, oktyabrın 13-də isə Nərgiz Muxtarovanın işi üzrə hazırlıq iclasları təyin olunub.

Təqsirləndirilənlərə Cinayət Məcəlləsinin 193-1.2.2, 193-1.2.3, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı vəzifə səlahiyyətlərindən istifadə etməklə təkrar leqallaşdırma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Bu ittihamlar 12 ilədək həbs cəzası nəzərdə tutur. Onlar ittihamları qəbul etmirlər.

Qalib Bayramov iqtisadçı professor Qubad İbadoğlunun qardaşıdır. Nərgiz Muxtarova isə hazırda “AbzasMedia işi” çərçivəsində qaçaqmalçılıqda ittiham olunaraq 9 il azadlıqdan məhrum edilmiş iqtisadçı-jurnalist Fərid Mehralızadənin həyat yoldaşıdır.

QHT işi üzrə mart ayından indiyədək bir neçə ictimai fəal saxlanılıb. Onlar arasında “Seçki Müşahidə” Alyansının icraçı direktoru Məmməd Alpay, Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov, sosial işçi Zamin Zəki də var. 

Saxlanılanlardan “Hüquq və İnkişaf” İB rəhbəri Hafiz Həsənov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Bir sıra fəallar, o cümlədən Sübhan Həsənli və Aytac Ağazadə ölkədə olmadıqları üçün barələrində qiyabi həbs qərarı çıxarılıb və axtarış elan olunub.

İstintaq dövründə bir neçə QHT rəhbəri və üzvü polis nəzarətinə verilib. Onların arasında ABŞ-nin Alman Marşall Fondunun (GMF) Azərbaycan üzrə məsləhətçisi olmuş Mehriban Rəhimli də var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun