Oktyabrın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib. Prosesə hakim Azər Tağıyev sədrlik edib.
“Toplum TV”nin məlumatına görə, təqsirləndirilən şəxslərdən biri, media qurumunun həmtəsisçisi və media eksperti Ələsgər Məmmədli çıxışına əvvəlki iclaslarda başladığı sərbəst ifadə ilə davam edib. O, 2024-cü il martın 8-də saxlanıldığı günü xatırladaraq, həmin vaxt qanuni vəkilinin iştirakı olmadan evində reyd keçirildiyini və pulun evə atıldığını bildirib.
“Polis sinə cibində saxladığı bir bağlama pulu (sonradan 7 300 avro olduğunu öyrəndim) ayaqqabı qutusuna ataraq guya ‘evimdən tapılıb’ görüntüsü yaratdı. Bu, saxta sübut düzəltmək cəhdidir və həm Konstitusiyanın, həm də Cinayət Prosessual Məcəlləsinin 137-ci maddəsinin açıq pozuntusudur”, – deyə Məmmədli vurğulayıb.
O, istintaqın xaricə səfərlərini “qaçaqmalçılıq” sübutu kimi təqdim etməsini də əsassız adlandırıb:
“Mən 12 il xaricdə yaşamışam, təhsil almışam, beynəlxalq tədbirlərdə iştirak etmişəm. 2016-cı ildən sonrakı 39 səfərimi ‘qaçaqmalçılıq’ sübutu kimi təqdim etmək absurddur. Əgər bu məntiqlə getsək, 2016-cı ildən öncəki yüzlərlə səfərim necə izah olunacaq? Bu iddia uydurma və böhtandır”.
Ələsgər Məmmədli əlavə edib ki, istintaqın “maddi sübut” kimi təqdim etdiyi bank kartlarından biri 27 il əvvəl etibarsız olub:
“1991–1996-cı illərdə İstanbul Universitetində təhsil alanda dövlət hesabına “Vakıf Bank” kartı ilə təqaüd alırdım. O kartın istifadə müddəti çoxdan bitib. Bu kartı sübut kimi təqdim etmək sadəcə “ilin zarafatıdır””.
O həmçinin qeyd edib ki, istintaqın “bank kartı” kimi təqdim etdiyi digər sənəd Tbilisi metrosunun ödəmə kartıdır:
“Bu kart sadəcə metro bileti idi. Arxa tərəfində metro xəritəsi var. İstintaq bunu “bank kartı” adlandıraraq savadsızlıq edib”.
Ekspert çıxışını belə yekunlaşdırıb:
“Bu iş sadəcə azad medianı, vətəndaş cəmiyyətini və ictimai maarifləndirməni siyasi məqsədlərlə susdurmaq cəhdidir”.
Prosesdə daha sonra Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı Ramil Babayev ifadə verib. O, IDI-də işlədiyinə görə “bir saniyə belə peşman olmadığını” deyib.
Babayev 2024-cü il martın 6-da “Toplum TV”nin ofisində saxlanıldığını, daha sonra evinə aparıldığını və oraya pul atıldığını bildirib:
“Evimdə axtarış zamanı çəkilişin aparılmasını istədim. Əməliyyatçılar razılaşdı, amma uzunboylu biri videonu çəkəndən sonra mənim yanımda sildi. Həmin videoda mən pulun mənə aid olmadığını və məqsədli şəkildə evə qoyulduğunu demişdim”.
O, polisin qanunsuz hərəkətlərinə etiraz olaraq özünə xəsarət yetirdiyini də bildirib:
“Mətbəxə qaçıb bıçaqla qarnımı deşdim. Bıçaq küt idi, amma yara izi hələ də qalıb. Bədənimdəki xəsarəti Xətai rayon Müvəqqəti Saxlanma Yeri aktlaşdırıb”.
Ramil Babayev polisin ona göstərdiyi rəftarı “müharibə əsirləri ilə müqayisə edilməz dərəcədə ağır” adlandırıb:
“Gözlərin bağlanması, işgəncə hədələri və psixoloji təzyiqlər o qədər ağır idi ki, insanı intihar həddinə çatdırırdılar”.
“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. Onlar arasında III Respublika Platformasının spikeri Akif Qurbanov, qurucu üzv Ruslan İzzətli, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, IDI əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev var.
Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib.
İttihamlar əvvəlcə qaçaqmalçılıq maddəsi ilə irəli sürülsə də, sonradan ağırlaşdırılıb.
Təqsirləndirilən şəxslər ittihamları rədd edir və siyasi sifarişlə həbs olunduqlarını bildirirlər.