Bakı İstintaq Təcridxanasında məhbusların müdafiə hüquqlarının pozulduğu iddia olunur

Bakı İstintaq Təcridxanasında məhbusların müdafiə hüquqlarının pozulduğu iddia olunur Bakı İstintaq Təcridxanası
18 Noyabr 2025
Mətni dəyiş

Bakı İstintaq Təcridxanasında (BİT) oktyabrın sonlarından bəri bütün məhbusların vəkillə görüşlərdən əvvəl və sonra qanunsuz şəkildə axtarışa məruz qaldığı bildirilir. Bu barədə “Abzas Media”ya təcridxanadakı mənbələr məlumat verib.

Mənbələrin sözlərinə görə, yoxlamaların sərtləşdirilməsinə kişi məhbuslardan birinin üzərindən elektron cihaz çıxması səbəb olub. Təcridxana rəhbərliyi bu addımı təhlükəsizlik tələbi ilə izah etsə də, mənbələr bunun sui-istifadə edildiyini deyirlər.

Hadisədən sonra istintaq otağının rəisi dəyişdirilib: Ruslan adlı şəxs görüş otağının rəhbəri vəzifəsinə keçirilib, görüş otağının rəisi, mayor Şəhriyar isə istintaq otağının yeni rəhbəri təyin olunub. Mənbə bildirir ki, qanunsuz axtarışlara məhz mayor Şəhriyar rəhbərlik edir.

Onun iddiasına görə, axtarışa etiraz edən məhbuslar vəkildən məhrum edilir və görüşə buraxılmır:

“Şəhriyar adlı mayor həm istintaq otağına, həm də görüş otağına nəzarət edir. Hər hansı məhbusla problem yaşadıqda bunu görüş otağında da davam etdirə bilər”.

Noyabrın 3-də qanunsuz yoxlamaya etiraz edən jurnalist Ülviyyə Əli (Quliyeva) də vəkillə görüşə buraxılmayıb. Jurnalistin yaxınları onun məhkəmə sənədlərinin də yoxlanıldığını və Ülviyyə Əlinin buna etiraz etdiyini deyirlər.

Mənbə qeyd edir ki, mövcud prosedur qanunvericiliyə ziddir:

“Qanunda vəkillə görüşə gedən məhbusun üzərində axtarış aparılması nəzərdə tutulmur. Yalnız xüsusi cihazla baxışdan söhbət gedir. Amma burada nəzarətçilər məhbusları əllə yoxlayır”.

Onun sözlərinə görə, BİT rəhbərliyi qanunsuzluğa etiraz edən siyasi məhbuslara təzyiq göstərmək üçün onları “kamuflyaj” kimi istifadə etməyə çalışır:

“Deyirlər ki, “yuxarıya məlumat verəcəyik, buradan yazı çıxarılır, biz də qarşısını alırıq”. Bu, qanunsuzluğun davam edəcəyinin açıq etirafıdır”.

Mənbə həmçinin bildirir ki, qadın məhbuslar istintaq otağında deyil, görüş otağının inzibati binasında yoxlanılır. Onun fikrincə, bunun iki mümkün səbəbi var:

“Görüş otaqlarının dinlənilməsi ehtimal olunur. Digər səbəb isə qanunsuz yoxlamanı leqallaşdırmaq cəhdidir. İnzibati binaya daxil olarkən yoxlama nəzərdə tutulsa da, nəticə dəyişmir, çünki məhbuslar kameradan vəkillə görüşə aparılmaq üçün çıxarıldığı anda artıq qanun pozuntusu baş verir”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun