Noyabrın 17-də sülh fəalı Bəhruz Səmədovun qanunsuz olaraq cərimə kamerasına (“kars”) salınması ilə bağlı verilən şikayətə baxılıb.
Bu barədə ictimai fəal Əmrah Təhməzov “Facebook” hesabında məlumat yayıb. Onun sözlərinə görə, vəkil Zibeydə Sadıqovanın şikayəti əsasında Səmədovun saxlanıldığı 11 saylı Cəzaçəkmə Müəssisəsində daxili məhkəmə keçirilib. Prosesdə Bəhruz Səmədov da iştirak edərək öz mövqeyini bildirib.
Zibeydə Sadıqova müdafiə etdiyi şəxsin “kars”a salınmasının hüquqi əsası olmadığını deyib və onun yenidən adi kameraya qaytarılmasını tələb edib. Müşavirəyə gedən məhkəmə heyəti şikayəti baxılmamış saxlayıb və işə Bakı İnzibati Məhkəməsinin baxmalı olduğunu açıqlayıb.
Əmrah Təhməzov qeyd edib ki, proses zamanı 11 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinin Səmədovun Umbakı qəsəbəsindəki Penitensiar Kompleksin qapalı hissəsinə köçürülməsi ilə bağlı təqdimat verdiyi də məlum olub. Vəkil Zibeydə Sadıqova vaxt məhdudiyyəti səbəbindən prosesə qatıla bilməyəcəyini bildirib və iclas qeyri-müəyyən tarixə təxirə salınıb.
Bəhruz Səmədov oktyabrın 21-dən cərimə kamerasında saxlanılır. Həbsxana rəhbərliyi bunu “daxili qaydaların pozulması” ilə əsaslandırıb. Oktyabrın 27-də onun “kars”da saxlanma müddəti daha bir ay uzadılıb.
Çexiyanın Karlova Universitetinin doktorantı olan Bəhruz Səmədovu 2024-cü il avqustun 21-də Dövlət Təhlükəsizliyi Xidməti saxlayıb və o, dövlətə xəyanətdə ittiham olunub. 2025-ci il iyunun 23-də məhkəmə Səmədovu 15 il azadlıqdan məhrum edib. Sentyabrın 3-də Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. Səmədov özünü təqsirli bilmir. Yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları onun həbsini siyasi motivli hesab edirlər.