“Bloomberg” Putin və Tramp nümayəndələrinin gizli telefon danışıqlarının stenoqramlarını yayıb

“Bloomberg” Putin və Tramp nümayəndələrinin gizli telefon danışıqlarının stenoqramlarını yayıb
26 Noyabr 2025
Mətni dəyiş

“Bloomberg” agentliyi Vladimir Putinin xarici siyasət üzrə baş müşaviri Yuri Uşakov ilə prezidentin iqtisadi müşaviri Kirill Dmitriyev arasında 29 oktyabr, həmçinin Uşakov ilə Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff arasında 14 oktyabr tarixində baş tutmuş telefon danışıqlarının stenoqramlarını dərc edib.
 
Uitkoff Uşakovla söhbətində bildirib ki, Zelenski cümə günü ABŞ prezidenti Donald Trampla görüşmək üçün Ağ Evə gələcək:
 
“Mən də həmin görüşdə olacağam, çünki istəyirlər ki, iştirak edim. Amma düşünürəm ki, mümkündürsə, biz cüməgünkü görüşdən əvvəl sizin rəhbərinizlə danışmalıyıq”.
 
Bu danışıqdan iki gün sonra Tramp və Putin arasında telefon əlaqəsi olub. Tramp söhbətdən sonra Putinlə Budapeştdə görüşmək istədiyini bildirib.
 
“Bloomberg” yazır ki, Uşakov və Uitkoff telefon söhbətində Rusiya-Ukrayna müharibəsi üzrə mümkün sülh razılaşmasının şərtlərini müzakirə ediblər. Həmin təkliflər daha sonra Trampın 28 bəndlik sülh planında yer alıb.
 
Uitkoff Rusiya tərəfi ilə danışığında deyib:
 
“Sülh razılaşması üçün nə lazım olduğunu bilirəm. Donetsk məsələsi və yəqin ki, bəzi ərazi dəyişiklikləri… Düşünürəm ki, razılaşma əldə edəcəyik. Prezident mənə bu razılaşmanı əldə etmək üçün səlahiyyət verəcək”.
 
29 oktyabr stenoqramından məlum olub ki, Rusiya tərəfi “öz versiyasını” ABŞ-yə ötürmək üçün plan hazırlayırmış.
 
Stenoqrama görə, Uşakov və Dmitriyev söhbətlərində Rusiyanın öz sülh planı versiyasını hazırlayıb Trampın nümayəndəsinə ötürmək ideyasını müzakirə ediblər.
 
Dmitriyev deyir ki, sənəd rəsmi şəkildə deyil, “qeyri-formal” şəkildə təqdim olunacaq və ABŞ tərəfinin bunu öz təşəbbüsü kimi göstərməsi nəzərdə tutulub:
 
“Bu sənədi sadəcə bizim mövqeyimiz kimi hazırlayacağıq. Mən onu qeyri-formal şəkildə ötürəcəyəm. Qoy onlar bunu öz sənədləri kimi təqdim etsinlər. Düşünürəm ki, tam bizim versiyanı qəbul etməyəcəklər, amma ən azı maksimum dərəcədə yaxın olacaq”.
 
Uşakov isə ABŞ-nin sənədi “Rusiya ilə razılaşdırılıb” kimi təqdim etməsindən narahat olduğunu deyir.
 
Stenoqramdan bir hissə
 
Uşakov: Bəli, Kirill Aleksandroviç, mən hər şeyi göndərdim. Sabah danışarıq.

Dmitriyev: Əla, əla. Mən Səudiyyə Ərəbistanına uçmuşam, amma düşünürəm ki, bu çox vacibdir, çünki irəli getmək üçün yaxşı yoldur.

Uşakov: Biz maksimum etməliyik, necə düşünürsən?

Dmitriyev: Məncə, bu sənədi bizim mövqe kimi hazırlayıb qeyri-formal şəkildə ötürək. Qoy onlar özləri kimi göstərsinlər. Tam versiyanı götürməyəcəklər, amma yaxın olacaq.

Uşakov: Ondan qorxuram ki, götürməsələr də, sonra desinlər ki, bu sənəd bizimlə razılaşdırılıb.

Dmitriyev: Yox, yox, yox. Mən sözbəsöz necə istəyirsinizsə elə deyəcəyəm.

Uşakov: Onlar sonradan dəyişdirə bilərlər. Belə təhlükə var.

Dmitriyev: Siz Uitkoffla da bu sənəd barədə danışa bilərsiniz. Hər şeyi diqqətlə edərik.
 
ABŞ prezidenti Donald Tramp telefon danışıqlarını şərh edib. 
 
Jurnalistlər Trampdan soruşublar ki, danışıqlarda tərəflərdən birinin təkliflərinin prosesə vasitəçilik edən ölkənin mövqeyi kimi təqdim olunması normaldırmı. Tramp cavabında deyib ki, bu adi haldır və Uitkoff Ukrayna ilə də işi Rusiya ilə etdiyi kimi aparır. Tramp telefon söhbətinin konkret məğzi ilə tanış olmadığını da əlavə edib.
 
"Bu, adi işdir. O, (Uitkoff) əvvəlcə bunu Ukraynaya "satmalıdır", sonra da Ukraynanın təkliflərini Rusiyaya. İş görməyi bacaranlar bu cür edirlər... Bu, adi danışıq aparmaq praktikasıdır", – Tramp jurnalistlərə deyib.
 
Ağ ev də səs yazısının həqiqiliyini şübhə altına almayıb, Uitkoffun sadəcə öz işini gördüyünü deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun