ABŞ Milli Mətbuat Klubu (National Press Club) 2025-ci il üzrə Con Obyuşon Mətbuat Azadlığı Mükafatını ABŞ Qlobal Media Agentliyi (USAGM) ilə əlaqəli doqquz məhbus jurnalistə təqdim edəcək. Mükafat laureatları arasında “Azadlıq Radiosu”nun jurnalisti və iqtisadçı Fərid Mehralızadə də yer alır.
“Azadlıq Radiosu”nun məlumatına görə, Milli Mətbuat Klubunun direktorlar şurası bəyan edib ki, bu mükafat həm də ABŞ hökumətinin söz azadlığını təbliğ edən jurnalistləri qoruya bilməməsinə diqqət çəkmək məqsədi daşıyır.
“Onların həbsi Amerikanın azadlığa sadiqliyinə inanan hər kəsi qəzəbləndirməlidir,” – deyə klubun prezidenti Mayk Balzamo bildirib.
“Bu reportyorlar Amerikanın şəffaflıq və söz azadlığı dəyərlərini təbliğ edirdilər, lakin unuduldular. Onları atıb getmək ölkəmizin nüfuzuna ləkədir və mətbuat azadlığını qorumaqdan geri çəkildiyimiz zaman nələrin baş verə biləcəyinin xatırladıcısıdır”.
2025-ci il üçün Con Obyuşon Mətbuat Azadlığı Mükafatlarının təqdimatı dekabrın 9-da Vaşinqtonda keçiriləcək.
Fərid Mehralızadə 2024-cü ilin mayında “Abzas Media işi” çərçivəsində həbs olunub. Ondan öncə bu iş üzrə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, layihə koordinatoru Məhəmməd Kekalov, araşdırmaçı jurnalist Hafiz Babalı, həmçinin jurnalistlər Elnarə Qasımova və Nərgiz Absalamova saxlanılmışdılar.
2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxararaq Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadəyə 9 il, Nərgiz Absalamova və Elnarə Qasımovaya 8 il, Məhəmməd Kekalova isə 7 il 6 ay azadlıqdan məhrumetmə cəzası verib.
Sentyabrın 9-da Bakı Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb.
Beynəlxalq media və insan haqları təşkilatları bu həbsləri Azərbaycanda azad medianın susdurulmasına yönəlmiş kampaniyanın tərkib hissəsi kimi qiymətləndirir.