İmişlidə Dövlət Yol Polisinin iştirakı ilə baş verən, üç məktəbli qızın ölümü ilə nəticələnən yol qəzasına görə həbs olunan 17 yaşlı Bəylər Bayramlıya 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Hökm Lənkəran Ağır Cinayətlər Məhkəməsində elan olunub.
“Azadlıq Radiosu” yazır ki, ittihama görə, Bəylər Bayramlı 2025-ci il yanvarın 18-də dayısına məxsus “Mercedes-Benz 190” markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə edib və yolayrıcında sola dönərkən yol polisinə məxsus BMW-yə yol verməyib. Toqquşma nəticəsində DYP avtomobili beş nəfəri vurub, üç uşaq ölüb, polis əməkdaşı xəsarət alıb. İttihamda onun hadisə yerindən qaçdığı da qeyd olunub.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, BMW uzaqda olduğu üçün rahat dönə biləcəyini düşünüb. Onun sözlərinə görə, yol polisi yüksək sürətlə hərəkət edib və qarşısındakı vəziyyəti dəyərləndirərək qəzanın qarşısını almaq imkanı daha çox olub. O əlavə edib ki, BMW ona çatmağa az qalmış səs siqnalını işə salıb, toqquşmadan əvvəl yol polisi əyləcdən istifadə etməyib.
Bəylər Bayramlı hadisə yerindən qaçdığını təkzib edib. O bildirib ki, toqquşmadan sonra düşüb, yol polisinin avtomobilinə tərəf qaçıb. Oturacaqda polisin halsız vəziyyətdə olduğunu, ətrafda da azyaşlı məktəblilərin yerə yıxılıb qaldığını görüb qorxub. Bir qədər kənarda dayısına zəng edib. Dayısı ona polis şöbəsinə gedib təslim olmasını tapşırıb. O da polis şöbəsinə yollanıb.
Qəza zamanı BMW-ni idarə edən polis əməkdaşı isə məhkəmədə 60–70 km/saat sürətlə hərəkət etdiyini, səs siqnalı və işıq cihazlarını qoşduğunu deyib. Lakin ekspertiza qəza zamanı BMW-nin orta sürətinin 159 km/saat olduğunu müəyyən edib.
Bu ilin yanvarın 18-də İmişli şəhəri, Abbasqulu Şadlınski küçəsində DYP avtomobili 5 nəfəri vurub. Nəticədə 3 uşaq ölüb, DYP avtomobilinin sürücü isə xəsarət alıb.
Hadisədə ölən uşaqların ailələri Bəylər Bayramlıdan şikayətçi olmadıqlarını, barışdıqlarını bildiriblər.
Qəzadan sonra İmişlidə etiraz aksiyası keçirilib, sakinlər DYP avtomobilini aşırıblar. Nəticədə 14 nəfər saxlanılıb və onların barəsində həbs qətimkan tədbiri seçilib. Onlar Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə ittiham olunur.
İmişli sakinləri qəzadan sonra başlamış etirazlarda saxlanılan şəxslərə “ağlagəlməz işgəncələr” verildiyini, bəzilərinin vəziyyətinini ağır olduğu üçün xəstəxanaya yerləşdirildiklərini deyiblər.