Jurnalist Ruslan Süleymanovun Azərbaycanda girişinə bir il qadağa qoyulub

Jurnalist Ruslan Süleymanovun Azərbaycanda girişinə bir il qadağa qoyulub
10 Noyabr 2025
Mətni dəyiş

Azərbaycan hökuməti şərqşünas-jurnalist Ruslan Süleymanovun ölkədə daimi yaşamaq icazəsini (DYİ) uzatmaqdan imtina edib və ona ölkəyə bir il müddətinə giriş qadağası qoyub. Bu barədə Süleymanov özü “Telegram” kanalında məlumat yayıb.

Rusiya Federasiyası vətəndaşı olan etnik azərbaycanlı Süleymanov 2022-ci ildən etibarən Bakıda yaşayır, hər il ölkədəki yaşayış və iş icazəsini yeniləyirdi. O yazır ki, bu il Azərbaycan hakimiyyəti DYİ-nin uzadılmayacağı barədə qərarı “ən son anda” bildirib.

“Bu il rus pasportum öz sözünü dedi,” — deyə jurnalist qeyd edib. Onun sözlərinə görə, qərardan sonra o, Avropa ölkələrindən birinə vizanın alınması üçün sənədləşməyə başlayıb. Lakin bu proses zamanı Azərbaycandakı DYİ müddəti bitib. Ölkədən çıxarkən ona təxminən 250 dollar cərimə kəsilib və bir il müddətinə Azərbaycana giriş yasağı tətbiq olunub.

Süleymanov hesab edir ki, onunla eyni vəziyyətdə qalan “rus pasportlu etnik azərbaycanlıların” sayı bu il çoxdur:

“Azərbaycana, təəssüf ki, nə IT mütəxəssisləri, nə həkimlər, nə alimlər, nə də jurnalistlər lazımdır. Respublikanın xeyrinə işləməyə hazır olan insanlar bu ölkədən kənarlaşdırılır,” — deyə o yazıb.

Ruslan Süleymanov Yaxın Şərq üzrə ekspertdir və müxtəlif rus və beynəlxalq media qurumları üçün yazılar yazır. 2022-ci ilə qədər o, “TASS” informasiya agentliyinin Qahirədəki Yaxın Şərq üzrə müxbiri olub. Süleymanov Ukraynaya hərbi müdaxiləyə etiraz əlaməti olaraq agentlikdən istefa verib və Bakıya köçüb.

Azərbaycanda o, “CBC” televiziya kanalı ilə əməkdaşlıq edib, həmçinin Azərbaycan Diplomatiya Akademiyasında (ADA Universiteti) dəvətli ekspert kimi çıxış edib. 2025-ci ilin oktyabrında Rusiya Ədliyyə Nazirliyi Süleymanovu “xarici agent” kimi siyahıya daxil edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun