Ruslan İzzətli təcridxanadan yazır:  “Bir aydan çoxdur ki, USM həkimi gözləyirəm, insanlar Allahın ümidinə qalıb”

Ruslan İzzətli təcridxanadan yazır:  “Bir aydan çoxdur ki, USM həkimi gözləyirəm, insanlar Allahın ümidinə qalıb” Foto: sosial media
28 Noyabr 2025
Mətni dəyiş

“Toplum TV işi” çərçivəsində həbs olunan III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli saxlanıldığı Bakı İstintaq Təcridxanasından (BİT) ictimaiyyətə müraciət edib. Müraciət onun “Facebook” hesabında paylaşılıb.

Ruslan İzzətli müraciətində BİT-də tibbi yardımın göstərilməməsindən narazılıq bildirib. Onun sözlərinə görə, bir aydan artıqdır ultrasəs müayinəsi (USM) üçün həkim gözləyir, lakin hələ də təmin olunmayıb:

“Təxminən bir aydan çoxdur ki, USM həkimi gözləyirəm, amma müsbət nəticə yoxdur. Artıq ağrılardan gecə ağrıkəsici vurmaq məcburiyyətində qalıram”, – deyə o yazıb.

İzzətli ödündə ciddi problem ola biləcəyini, əməliyyat zərurəti yarana biləcəyini bildirib:

“Ən böyük narahatlığım ödümdə hər hansısa bir dəyişikliyin olub-olmamasıdır. Çünki öd funksiyasını itirib, cərrahi əməliyyatla götürülməlidi. Son həftələr ağrıların intensivləşməsi USM müayinəsindən keçməyimi tələb edir”, – deyə əlavə edib.

O, Penitensiar Xidmətin tibbi xidmətində kəskin çatışmazlıqlar olduğunu qeyd edir:

“Penitensiar Xidmətin USM həkimi görünür ki, yoxdur. Əvvəllər Orxan adlı həkim gəlib müayinə edirdi. O da işdən çıxandan sonra insanlar qalıb Allahın ümidinə”.

İzzətlinin sözlərinə görə, həbsxanalarda tibbi xidmətin acınacaqlı durumu maaş və sosial təminatın aşağı olması ilə bağlıdır:

“Ədliyyə Nazirliyinin tibbi xidməti bərbad vəziyyətdədir. Peşəkar həkimlər demək olar ki, yox səviyyəsindədir. Səbəb də aydındır - maaşın və sosial təminatın aşağı olduğu yerdə heç kim gəlib işləmək istəmir. Nəticədə minlərlə vətəndaşımız həbsxanalarda lupa ilə həkim axtarırlar”, – deyə o bildirir.

O, hökumətdən 2026-cı il dövlət büdcəsində penitensiar tibbi xidmətin yaxşılaşdırılması üçün vəsait ayrılacağına ümid etdiyini qeyd edib:

“Ümid edirəm ki, 2026-cı il dövlət büdcəsində həbsxanalarda olan minlərlə vətəndaşı düşünüb Ədliyyə Tibb Xidmətinə peşəkar həkimlərin cəlbi üçün büdcə ayrılacaq”.

Ruslan İzzətli ötən ilin martında “Toplum TV işi” çərçivəsində həbs edilib. Bu iş üzrə ümumilikdə 10 nəfər barəsində cinayət işi açılıb. Onların arasında III Respublika Platformasının spikeri Akif Qurbanov, qurucu üzv Ələsgər Məmmədli, jurnalistlər Müşfiq Cabbar, Fərid İsmayılov, eləcə də digər media əməkdaşları var. Təqsirləndirilən şəxslər ittihamları rədd edir və həbslərin siyasi motivli olduğunu bildirirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun