Noyabrın 15-də “Sərhədsiz Reportyorlar” təşkilatının təsis etdiyi “Azad Mətbuat Mükafatları”nın “Cəsarət Mükafatı”na layiq görülən, hazırda həbsdə olan “Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızı cəsarət anlayışı haqqında düşüncələrini bölüşüb.
Jurnalistin yazısını təqdim edirik.
Cəsarət - bütün maneələri aşmaq, içində o gücü görməkdir. Bu, insanın daxili iradəsidir; nəyə tabe olacağını, nəyə tabesizlik göstərəcəyini müəyyənləşdirən iradə. Hər bir qanun pozuntusuna qarşı dözümsüz yanaşmaq, qanunsuz əməllərə tabe olmamaq cəsarətin özüdür. Azərbaycanda “özbaşına” sözü tez-tez mənfi məna daşıyır, halbuki özbaşına olmaq - yəni, qərarı başqasının deyil, öz başının verdiyi qərara əsasən vermək - əslində çox dəyərli bir xüsusiyyətdir. Buradakı tabesizlik əhəmiyyətlidir: insanın daxilində bir müqavimət var və o, qanunsuzluğa tabe olmur. Bu müqavimət nəticədə etiraz şəklində özünü göstərir. Bu gün cəsarətli olmaq dedikdə də həmin etirazı göstərmək nəzərdə tutulur. Çünki adətən qanunu pozan tərəf daha güclü olur - əlində silah, səlahiyyət, imkan olur. İnsanlar da belə gücə qarşı çıxmağın mümkünsüz olduğunu düşünürlər. Lakin buna qarşı çıxanlar cəsarətli hesab edilirlər. Əgər insanlar öz güclərinə inansalar, müəyyən hədlərdə hər şey dəyişə bilər.
Biz bunu öz həbsimiz zamanı da gördük. Otaq yoldaşlarımız “Nə etmək olar? Nəyi dəyişmək olar?” deyirdilər. Amma biz təcridxanada qaldığımız il yarımdan çox müddətdə göstərdik ki, əksinə, çatmalı olan hər şeyi tələb etmək mümkündür. Yazılarımızdan sonra məhbuslara verilməli olan alt paltarından tutmuş üst paltarına, corabdan qidaya qədər hər şey təmin edildi. Bütün bunlar bizim hələ də Azərbaycanda jurnalistikanın gücünə inanmağımızdan qaynaqlanır. Nə qədər sıxışdırılsa da, sözün gücü hələ də qalır. Hökumətin qorxduğu da elə sözün gücü, sözün cəsarətidir. O sözü dilə gətirmək üçün cəsarət lazımdır. Bu ölkədə yazmaq cəsarət tələb edir. Və hazırda da həmin cəsarəti göstərən jurnalistlər var - həbs olunsalar da, təzyiq görsələr də…
Bu jurnalistlər elə insanlardır ki, Elmar Hüseynovun, Rafiq Tağının, Rasim Əliyevin qətlini görüblər, bu qətllərin necə araşdırılmadığını görüblər. Buna baxmayaraq, jurnalistikaya davam edirlərsə, deməli, hər şeyi gözə alıblar. Onlar qurban olmağa belə hazırdırlar. “Cəsarətli olmaq” ifadəsi mənim üçün bir qədər qəribə səslənir, çünki bu, artıq bizim üçün adi hala çevrilib. Bu, xüsusi bir enerji, qeyri-adi bir qüvvə deyil - bizim üçün normaya çevrilmiş davranış tərzidir.
Qərb ölkələrində isə bu, böyük cəsarət kimi qiymətləndirilir. Çünki onlar belə təqib və təzyiqlərlə üzləşmirlər. Amma bizim kimi ölkələrdə bu, normal sayılır. Çünki biz peşəmizə başladığımız ilk günlərdən bunun baş verəcəyini hiss edirik. Ona görə bu hallarla qarşılaşanda təəccüblənmirik və düşünürük ki, məntiqi sonluq elə budur. Bir ölkədə sözün gücündən qorxanlar varsa, o sözə qarşı duranlar da mütləq olacaq.