Ülviyyə Əli yazır: Həbsxana qeydləri: “Ənvərə düşür”

Ülviyyə Əli yazır: Həbsxana qeydləri: “Ənvərə düşür”
24 Noyabr 2025
Mətni dəyiş

Səhər açılır, nəfəsliyə yaxınlaşan Ənvər:
 

- Necəsən, Ənvər?
- Şükür, siz yaxşı olun, bizə nə var?! Biz gəzirik...
 
Həbs olunduğum bu 6 ay yarım ərzində Ənvərdən necə olduğunun cavabını ala bilməmişəm. Həmişə vəziyyətinə şükür etdiyini deyir.

5 il müddətədək azadlıqdan məhrum olunan bəzi dustaqlar hökm oxunandan sonra şəxsi istəyi ilə həbsxanada təsərrüfat işçisi (“xoz”) olaraq işə düzələ bilirlər. Həmin dustaqlar qanuni olaraq dövlətdən əmək haqqı alırlar. Ənvərin dediyinə görə, maaşı 340 manatdır. Lakin azadlıqda olarkən bankdan kredit götürüb, istintaq müddətində üzərinə faiz yığılıb. Burada qazandığı pullar da həmin kreditin ödənişinə sərf olunur.
 
Burada olduğum müddətdə bizim saxlanıldığımız korpusda “xoz” olaraq ancaq Ənvəri görmüşəm. Amma müşahidə etdiyim qədəri ilə onun sərf etdiyi əməyin dəyəri 340 manatlıq deyil. Düzdür, insan əməyinə qiymət biçilməsinə qarşıyam, fəqət deyə bilərəm ki, bu məbləğ istismardır. Hələlik təcridxanada yay fəslini tam keçirmişəm. Bakının istisi hamıya məlumdur, Ənvər qızmar istidə də arı kimi çalışırdı...
 
Mən bunu yazanda Ənvərin azadlığa çıxmağına 32 gün qalmış olur. Siz oxuyanda isə artıq Ənvər azadlıqda olacaq. Ənvər yazı-pozu bilmir. Bəzən dəftər qələmini dustaqlara uzadır ki, onun yerinə həbsxanada olan mağaza sifarişlərini yazsınlar. Bir ara ona əlifba öyrətmək eşqinə düşmüşdüm, amma gördüm ki, mümkün olan iş deyil, çünki istirahət etməyə belə zamanı olmur. Buradakı istirahət də artıq nə qədər istirahət sayılarsa...
 
Dustaqlar, özüm də daxil olmaqla, kameradan çıxa bilmirlər deyə, onu mağazadan ərzaq almağa, soyuducudan sovqat gətirməyə və digər təsərrüfat işlərinə buyururlar. Bəzən Ənvəri burada o qədər dartışdırırıq ki, fikirləşəndə vicdan əzabı çəkirəm. Buna görə də həmin gün ərzində 5 istəyim olursa, bunun sayını 3-ə endirməyə çalışıram.
 
Bəzən Ənvərin əlində 4-5 əşya ola-ola digərində dürmək yediyini görə bilirsən. Çünki işdən başı açılıb normal oturaraq yeməyi çatdırmır. Həbsxanada dustaqlar içməli suyu alırlar. Hərdən Ənvərin belində 20 litrlik su bidonu ola-ola dustaqlara sovqat gətirdiyini görmək mümkün olur. Ənvər bəstəboy, çox da iri olmayan fiziologiyaya sahibdir, bəzən adam elə bilir ki, su öz-özünə gəlir. Bu mənzərəni görəndə qəribə şəkildə kədərlənirəm. Ancaq onunla bağlı kədərlənməyimə tək səbəb də bu deyil. Azadlıqda etmək istədiyi ilk şeyi soruşanda da belə hiss etmişdim. Çünki çoxları üçün primitiv və banal sayıla biləcək bir istək idi. Dedi ki, təkbaşına yeyib-içmək niyyətindədir. Niyə məhz tək istədiyini soruşanda “camaat yığışınca gözləməyə səbrim olmayacaq,” – deyə cavabladı. Sonra isə iki gün hoteldə qalmaq istədiyini bildirdi, qəribə bir istəyə sahib olduğunu dedim. Cavabı isə məni daha çox kədərləndirdi. “2 günlük də olsa istəyirəm mən yox, kimsə mənə qulluq eləsin,” – dedi.
 
Ənvərin 37 yaşı var, evlidir, 7 və 8 yaşlarında qızları var. O, 3 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Ənvərin “cinayət”ini ilk dəfə eşidəndə gülmüşdüm, amma dərindən düşünəndə hadisəyə gətirib çıxaran imkansızlıq səbəbi özlüyündə ayrıca hekayədir, zənnimcə.
 
Ənvər Hərbi Qənimətlər Parkından dəmir-dümür götürərək satıb. Hətta bir neçə dəfə məhkəməyə müraciət etmişdi ki, vaxtından əvvəl azadlığa buraxılsın, lakin məhkəmələr bu şikayəti təmin etmirdi.
 
Ənvərin ən sevdiyi şeylərdən biri də elektron qəlyandır. Bir dəfə məndə görüb bəyənmişdi deyə, özümünkünü ona verdim. Gələn dəfə də söz verdim ki, sırf onun üçün hədiyyə kimi təşkil edəcəm. Burada stress atmağa çox başqa bir şey olmur...
 
Sözümü təxminən iki həftə sonra tuta bildim. Hədiyyəsini verəndə uşaq tək sevindi. Ənvər yaxşı hərəkətlərə “jest” deyir və bunu artıqlaması ilə qiymətləndirir. Hamımız onun hörmətini saxlamağa çalışır və sovqatda maraqlı nəsə olanda mütləq onunla da bölüşürük. Məsələn, bu il heyvanı və narı Ənvərsiz nübar etməmişəm.
 
Ənvər kefsiz olduğunu görəndə gülümsəyərək “nəsə bir təhərsən” deyə soruşar, kefini açmaq üçün “sən bizim döyünən ürəyimizsən” deyər. Ad günümdə də mediadan gördüyünüz qədəri ilə kefim yox idi və Ənvər kefimi açmaq üçün şirin bir qələm və dibçəkdə gül hədiyyə etmişdi. O qədər fərasətli biridir ki, həbsxana şəraitində bu hədiyyələri necə tapması qəribə gəlməmişdi.
 
Azadlığa çıxacağı günə az qaldığını eşidəndə qərara gəldim ki, onun haqqında yazı yazım. Çünki bu cür insanlar istismara məruz qalmaqla yanaşı, əməyi görməzdən gəlinir, bir növ “kölgə” statusunda qalırlar.

Bir dəfə Ənvərin əlləriylə dizlərini qucaqlayıb oturduğunu görəndə soruşdum ki, “ürəyin sıxılır?”. Başıyla təsdiq verdi, zarafatla “sənə nə var, bir aya çıxırsan, bizdə qeyri-müəyyəndir,” – dedim. “Allah qapınızı açsın,” – deyə cavablayanda isə gülümsəyərək “bizimki Allahlıq bir məsələ deyil, özü də bizdən fərqli olaraq sən gəzə bilirsən,” – deyə təsəlli verməyə çalışdım. Cavabında “burada gəzmək ilə çöldə gəzmək eyni şey deyil,” – dedi. Görünür ki, azadlıq yaxınlaşdıqca Ənvər daha da səbirsizlənir və ona can atırdı. Yaşıl gözlərindəki kədəri sezməmək olmurdu. Ən böyük qayğısı isə azadlığa çıxandan sonra harada işləyəcəyi ilə bağlıdır. Çünki ona görə çöldə iş tapmaq burada iş tapmaqdan daha da çətindir...
 
Ənvər ona “jest” ediləndə “vallah, Ənvərə düşür,” – deyir. Ümid edirəm ki, azadlıqda daha yaxşı həyatı olacaq, çünki həqiqətən də “Ənvərə düşür”. Haqqını halal et, Ənvər!
 
Bu yazını da o, azadlığa çıxandan sonra paylaşacağıma söz verdim, bəlkə də Ənvər heç heç vaxt bu yazını özü oxuya bilməyəcək, lakin mən sözümdə qaldım...
 
Ülviyyə Əli,
Bakı İstintaq Tədricxanası...

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun