Qırğızıstanın keçmiş prezident Almazbek Atambayev dövlət mükafatlarından məhrum edilib

Qırğızıstanın keçmiş prezident Almazbek Atambayev dövlət mükafatlarından məhrum edilib
30 Dekabr 2025
Mətni dəyiş
Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev dövlət təltiflərindən məhrum olunub. Bu barədə hazırkı dövlət başçısının mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, prezident Sadır Japarov Bişkek şəhərinin Birinci May rayon məhkəməsinin 3 iyun 2025-ci il tarixli hökmünün icrası olaraq müvafiq fərman imzalayıb.
 
Məlumata görə, qərarla Atambayev Qırğızıstan Respublikasının ali fərqlənmə dərəcəsi olan “Qırğız Respublikasının Qəhrəmanı” adına, “Manas” ordeninin II dərəcəsinə, “Danaker” (Barışdıran) ordeninə və “Dank” (Şöhrət) medalına verilmiş bütün dövlət mükafatlarından məhrum edilib.
 
3 iyun 2025-ci ildə Bişkek Birinci May rayon məhkəməsi Atambayevi qiyabi qaydada 11 il yarım müddətinə azadlıqdan məhrum etmə və əmlakının müsadirəsi cəzasına məhkum edib.
 
Həmin iş üzrə sabiq prezident administrasiyasının rəhbəri Farid Niyazov və keçmiş deputat Ravşan Jeenbekov da hər biri 7 il 8 ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunublar.
 
7 avqust 2019-cu ildə Bişkekə yaxın Koy-Taş kəndində Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin “Alfa” xüsusi təyinatlı dəstəsi Atambayevi güc yolu ilə saxlamağa cəhd göstərib. Əməliyyat eks prezidentin tərəfdarları ilə toqquşmaya çevrilib. Nəticədə xüsusi təyinatlılardan biri odlu silah yarasından ölüb, “Alfa”nın altı üzvü girov götürülərək ertəsi gün azad edilib.
 
Avqustun 8-də xüsusi təyinatlıların Atambayevi yenidən saxlamaq cəhdi zamanı qarşıdurmalar davam edib. Bundan sonra o, hüquq-mühafizə orqanlarına təslim olub və həbs edilib. Hadisələr zamanı ümumilikdə 225 nəfər xəsarət alıb, onlardan 91-i Daxili İşlər Nazirliyinin, 40-ı isə Milli Təhlükəsizlik Komitəsinin əməkdaşı olub.
 
Almazbek Atambayev 2011–2017-ci illərdə Qırğızıstanın prezidenti olub. Onun toxunulmazlığı 2019-cu ilin iyununda ləğv edilib və bundan sonra barəsində bir neçə cinayət işi açılıb.
 
23 iyun 2020-ci ildə Bişkek Birinci May rayon məhkəməsi Atambayevi 2013-cü ildə kriminal avtoritet Aziz Batukaevin qanunsuz azad olunması ilə bağlı iş üzrə 11 il 2 ay müddətinə azadlıqdan məhrum etmə və əmlakının müsadirəsi cəzasına məhkum edib.
 
Sonradan məhkəmə onu “vəzifə səlahiyyətlərindən sui-istifadə” və “korrupsiya” maddələri, eləcə də 2020-ci ilin oktyabrında kütləvi iğtişaşların təşkilində ittiham olunduğu iş üzrə cinayət tərkibinin olmaması səbəbilə bəraətə layiq bilib. Atambayevin işi yenidən baxılması üçün yeni açılmış hallar əsasında məhkəməyə qaytarılıb.

Məhkəmənin qərarına əsasən, ona müalicə məqsədi ilə ölkəni tərk etməyə icazə verilib. 2023-cü il fevralın 14-də Atambayev koloniyadan azad olunub, ertəsi gün isə Qırğızıstanı tərk edərək xaricə yollanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun