Azərbaycanda jurnalistlərin qaçaqmalçılıq ittihamı ilə kütləvi həbsləri davam edir
Fevralın 6-da Xətai rayon Məhkəməsində jurnalistlər Şəmşad Ağayev və Şahnaz Bəylərqızının (Hüseynova) məhkəmə prosesləri keçirilib.
“Arqument az” saytının baş redaktoru Şəmşad Ağayev barəsində 2 ay 1 gün, jurnalist Şahnaz Bəylərqızı barəsində isə 3 ay 15 gün həbs qətimkan tədbirləri seçilib.
Şahnaz Bəylərqızının yaxınlarının məlumatına görə, vəkili Bəxtiyar Hacıyev məhkəmədə hakim Fuad Axundovun diqqətinə çatdırıb ki, jurnalistin himayəsində 2 azyaşlı uşağı var, səhhətində ciddi problemlər mövcuddur və həbsdə saxlanılması üçün heç bir əsas yoxdur.
Buna baxmayaraq, prosesdə iştirak edən müstəntiq Əlibala Hacıyev bildirib ki, bu iş üzrə yeni cinayət işi açılıb və jurnalist mütəşəkkil dəstənin digər üzvlərinə təsir göstərə bilər. Buna görə də o, həbsdə qalmalıdır.
Şahnaz Bəylərqızı da məhkəmədə çıxış edib və ittihamları qəbul etmədiyini, həbsinin jurnalistika fəaliyyəti ilə bağlı olduğunu deyib.
Vəkil Bəxtiyar Hacıyevin verdiyi məlumata görə, hazırkı iş “Toplum TV işi” üzrə cinayət işindən yanvarın 21-də ayrı icraata ayrılıb.
“Şahnaz Bəylərqızına qarşı həmin icraatda nəzərdə tutulan Cinayət Məcəlləsinin 162-1.1-ci (Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi), 192.3.2-ci (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2-ci (...xeyli miqdarda törədildikdə), 206.4-cü (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq) və 213.2.1-ci (vergiləri ödəməkdən yayınma - mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittihamlar irəli sürülüb”.
Hakim Rafael Sadıxovun sədrliyi ilə keçirilən digər məhkəmədə isə “Meydan TV işi” üzrə həbs edilən Şəmşad Ağayevin vəkili Şəhla Hümbətova onun həbs edilməsi üçün heç bir əsasın olmadığını, “Toplum TV işi” üzrə şahid kimi cəlb edildiyinə görə ölkədən çıxışına qadağa qoyulduğunu bildirib.
Lakin müstəntiq Samir İsmayılov Şəmşad Ağayevin azadlıqda qalmasını məqsədəuyğun saymayıb.
Şəmşad Ağayev də ona qarşı irəli sürülən ittihamları rədd edib, həbsinin jurnalistika fəaliyyəti ilə bağlı olduğunu bildirib.
Hər iki jurnalist fevralın 5-də saxlanılıblar. Onların evində axtarış aparılıb, şəxsi əşyaları, telefon və kompüterləri götürülüb.
2023-cü ilin noyabr ayından Azərbaycanda insan hüquqlarının vəziyyəti kəskin pisləşib. Hökumət müasir Azərbaycan siyasi tarixində siyasi müxalifətə, müstəqil vətəndaş cəmiyyətinə və tənqidçi media qurumlarına qarşı repressiyaları misli görülməmiş şəkildə intensivləşdirib. Onlarla siyasətçi, vətəndaş cəmiyyəti fəalı və jurnalist siyasi motivli cinayət işləri üzrə əsassız ittihamlarla haqsız yerə həbs olunub.
“Azərbaycanda Siyasi Məhbusların Azadlığı Naminə” İttifaqın dekabrın 12-nə olan son hesabatında ölkədə siyasi məhbusların sayı 331 nəfər qeyd edilib.
Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları siyasi məhbuslara qarşı ittihamların uydurma olduğunu bildirir və Azərbaycan hakimiyyətini haqsız yerə həbs edilənləri dərhal azadlığa buraxmağa çağırırlar.
Hökumət isə bir qayda olaraq ölkədə heç kimin siyasi motivlərlə həbs edilmədiyini, onların konkret cinayət əməllərinə görə saxlanıldığını bildirir.