Ötən çərşənbə günü hökumətyönlü media Çin Kommunist Partiyasının (ÇKP) Beynəlxalq Departamentinin naziri Liu Tszyançaonun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı Çinin “Zəngəzur dəhlizi”nin tikintisində iştirak edə biləcəyini təklif etdiyini yazıb. Lakin bu məlumatlar qısa müddət sonra mediadan silinib və Çinin Ermənistandakı işlər vəkili Çen Minq yayılan xəbərləri təkzib edib.
“Zəngəzur dəhlizi” ideyası Azərbaycan hökuməti tərəfindən irəli sürülüb və dəhlizin məqsədi Azərbaycanın əsas ərazisini eksklavı olan Naxçıvanla Ermənistan ərazisindən keçməklə birləşdirməkdir. Ermənistan isə bu layihəni öz ərazilərinə müdaxilə sayır.
Ötən cümə axşamı isə Çen Minq Ermənistanın dövlət informasiya agentliyi “Armenpress”ə bildirib ki, Çin Ermənistanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir.
Çen Rusiyanın dövlət büdcəsindən maliyyələşən “Sputnik” agentliyinin Bakıda keçirilmiş bir konfrans zamanı Çin rəsmisinin “Zəngəzur dəhlizi” ifadəsini işlətdiyini iddia edən məqaləni də təkzib edib.
Çenin sözlərinə görə, Çin rəsmiləri həmin konfransda bu mövzuya ümumiyyətlə toxunmayıblar və bu kimi xəbərləri “saxta və ya qeyri-dəqiq” adlandırıb.
O əlavə edib ki, sözügedən konfrans “Bir Kəmər, Bir Yol” təşəbbüsünə həsr olunub və Çin nümayəndə heyəti bu təşəbbüsün Cənubi Qafqaz regionunda genişləndirilməsinə necə töhfə verə biləcəklərini müzakirə ediblər.
“OC Media” bu mövzu ilə bağlı məqaləsində “Sputnik”in xəbərinə istinad etmişdi. Lakin aprelin 4-ü saat 15:34-dən etibarən məqalə yenilənib və Liu Tszyançaonun “Zəngəzur dəhlizi” ilə bağlı sitatları silinib.
Bununla belə, “OC Media” ilkin məqalənin həm Azərbaycan, həm də rus dillərində ekran görüntülərini saxlayıb və Liunun açıqlamaları həmin versiyalarda hələ də görünür. Məqalənin orijinal versiyası “Google” axtarış sistemində hələ də tapılsa da, həmin günə dair bütün arxiv qeydləri “Wayback Machine”dən silinib.
Aprelin 3-də edilən “Google” axtarış nəticələri.
“Sputnik”də eyni məqalənin əvvəlki və sonrakı ekran görüntüsü.
Cümə günü boyunca “OC Media” Çinin Azərbaycandakı səfirliyi ilə əlaqə saxlamağa çalışsa da, səfirliyin rəsmi saytında göstərilən telefon nömrələri vasitəsilə heç bir şəxslə əlaqə qurmaq mümkün olmayıb.
Azərbaycan tərəfinin əsas xəbəri hökumətyönlü “APA” informasiya agentliyində dərc edilib, daha sonra bir sıra digər KİV-lər də həmin məlumatı “APA”ya istinadla yayımlayıblar. Azərbaycan mediası eyni zamanda hakim Yeni Azərbaycan Partiyasının Çin Kommunist Partiyasının nümayəndələrini ölkəyə dəvət etdiyini qeyd edib. Bu səfərdən əvvəl, 2024-cü ilin noyabrında tərəflər arasında əməkdaşlıq və təmasların gücləndirilməsinə dair memorandum imzalanıb. Bundan əlavə, Çin Prezidenti Si Cinpin 2024-cü ilin iyul ayında Prezident İlham Əliyevlə də görüş keçirib.
Azərbaycan mediası dərc edilmiş materialların silinməsi və xəbər məzmununun dəyişdirilməsi ilə bağlı nə şərh verib, nə də düzəliş yayımlayıb.
Bu məqalə OC Media ilə əməkdaşlıq çərçivəsində yayımlanır. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz