Fərid Mehralızadə: "Saxlanılarkən mənə dedilər ki, dilin çox uzanıb"

Fərid Mehralızadə: "Saxlanılarkən mənə dedilər ki, dilin çox uzanıb" Foto: Əkinçi
11 Aprel 2025
Mətni dəyiş

Aprelin 8-də “Abzas Media işi” çərçivəsində həbs edilən “Azadlıq Radiosu”nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə sərbəst ifadə verib. İqtisadçı ifadəsində bildirib ki, onu "Azadlıq Radiosu"nda yayımlanan iqtisadi mövzuda araşdırmalarına, təhlillərinə görə cəzalandırıblar. 

Fərid Mehralının sərbəst ifadəsini olduğu kimi təqdim edirik:

"Bildiyiniz kimi, mən qaçaqmalçılıq və bundan törəyən Cinayət Məcəlləsinin digər 6 maddəsi üzrə ittiham olunuram. Ancaq bizim ilk gündən mövqeyimiz budur ki, mən heç bir cinayət törətməmişəm və mənim həbsim siyasi sifarişdir. Məsələ bundan ibarətdir ki, mən iqtisadçıyam və eyni zamanda iqtisadi jurnalistika ilə məşğul olmuşam və həm öz çıxışlarımda, həm də yazılarımda Azərbaycanda həyata keçirilən sosial və iqtisadi siyasətlə bağlı tənqidi fikirlər səsləndirmişəm, eləcə də ölkədəki real sosial-iqtisadi vəziyyəti əks etdirən statistik göstəriciləri hesablamışam. Bu gün mənim məhkəmə qarşısında olmağımın əsl səbəbi məhz həmin tənqidi fikirlər və statistik göstəricilərdir.

Baxmayaraq ki, ittiham tərəfi mənim hansısa cinayət törətməyimlə bağlı bu günədək bir dənə də olsun əsaslı sübut təqdim edə bilməyib, ancaq mənim həbsimin siyasi motivli və sifarişli olması ilə bağlı sübutlarım var. Bu baxımdan məhkəmənin diqqətini ilk olaraq saxlanma anım və həmin gün baş verən bir sıra hadisələrə yönəltmək istəyirəm.

Mən 30 may 2024-cü ildə saat təxminən 08:30 radələrində saxlanılmışam. Həmin vaxt mən küçədə gedərkən çox sayda maskalı şəxs qəflətən mənə hücum etdi və başıma torba keçirərək əlimi qandalladı. Yəni, mənim saxlanılmağım məhz bu formada baş tutub. Ancaq həmin gün günorta 15:00 radələrində Daxili İşlər Nazirliyi mənimlə  bağlı açıqlama yayıb və həmin açıqlamada bildirilir ki, Fərid Mehralızadə saxlanılmayıb, Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunub. Bu açıqlama verilənədək səhər saatlarında mənimlə əlaqənin kəsildiyinə görə 102 qaynar xəttinə məlumat verilmişdi, jurnalistlər sosial şəbəkələrdə mənim yoxa çıxmağımla bağlı paylaşım etmişdi, hətta öz iştirakımla evimdə axtarış aparılmışdı və əli qandallı şəkildə BŞBPİ-yə aparılmışdım. Bu, necə dəvətdir ki, mənim yoxa çıxdığımı hamı bilir, evimdə axtarışa gətirilirəm və yalnız bundan bir neçə saat sonra polisə dəvət olunduğum açıqlanır. Nə vaxtdan etibarən küçənin ortasında adama hücum edib, başına torba keçirib, qandallayaraq oğurlanmaq polisə dəvət hesab olunur? Onu da qeyd edim ki, polisə dəvət olunmağımla bağlı mənə zəng, sms və ya hansısa rəsmi bildiriş daxil olmayıb və küçədə mənə hücum edən şəxslər də nəinki polisə dəvət edib, heç özlərini təqdim etmədən heç bir müqavimət göstərmədiyim halda birbaşa mənə hücum ediblər. Gördüyünüz kimi, dövlət qurumu mənim saxlanılmağımla bağlı ictimaiyyətə yalnış məlumat verib.

Əslində mənim saxlanılma formamın özü də bu həbsin sifarişli və siyasi motivli olmasının sübutudur. Baxın, mən kriminal avtoritet deyiləm, eyni zamanda ittiham olunduğum cinayət də nə qədər qurama olsa da, mahiyyətcə iqtisadi məsələdir, yəni, mən qətl və ya terror aktı törətməkdə ittiham olunmuram. Məni saxlayan şəxslər də çox gözəl bilir ki, mən üzərimdə nə soyuq, nə də odlu silah gəzdirən adam deyiləm. Belə olan təqdirdə mənim üzərimə xüsusi təyinatlı dəstə göndərilməsini nə ilə izah etmək olar? Siz heç bizim maddə ilə ittiham olunan şəxsin bu formada saxlanıldığını eşitmisinizmi? Həmin adamlar mənim saxlanıldığım küçəni hər iki tərəfdən bağlamışdılar və mənim həbs əməliyyatımda 10-a yaxın avtomobil iştirak edirdi. Bunu şişirtmədən və bütün səmimiyyətimlə deyirəm, mənə hücum edən şəxslərin istisnasız hamısının boyu 2 metrə yaxın idi və bütün fiziki göstəriciləri çox yüksək idi. Bu adamlar adi mülki paltar və maskada deyildi, hamısı eyni qara geyimdə idi. Yəni, onların unifroması bu idi. Açığı, mən həbsimin sifarişçilərinin mənim fikirlərimdən qorxduğunu bilirdim, ancaq fiziki olaraq məndən bu qədər çəkinərək üstümə xüsusi təyinatlı adamlar göndərmələri mənə sürpriz oldu.

Onu da qeyd edim ki, mənim adımın cinayət işi materialları ilə “tanışlığı” 30 may tarixinə təsadüf edir. Həmin tarixə qədər mən barədə heç bir sənəd və protokol cinayət işində yoxdur. Belə ki, həmin tarixdə barəmdə bir neçə protokol tərtib edilib və qərar qəbul edilib. Birincisi, şəxsi evimdə axtarış və götürmə həyata keçirmək barədə məhkəmə qərarı, şahid kimi dindirilmə prokotolu, tutulma protokolu və qərarı. Eyni zamanda, BŞBPİ-nin Əməliyyat idarəsindən daxil olan 3-13-44-3\2-1181\2024 nömrəli 30 may tarixli məktub.

Həmin məktubda qeyd edilir ki, “etimad doğuran və qərəzsiz” mənbədən daxil olan əməliyyat məlumatına görə, guya mən digər təsqirləndirilən şəxslərlə əlbir olmuşam. Görünən odur ki, tələsik şəkildə evimdə axtarış və tutulmağım barədə sifariş 30 may tarixində verilib və bütün sənədləşməni heç bir sübut olmadan həmin tarixə uyğunlaşdırıblar. Belə çıxır ki, müstəntiq yalnız bu əməliyyat məlumatı əsasında məni şübhəli şəxs qismində tutub. İşin qəribə tərəfi odur ki, mən 30 mayda iş saatı başlayan dəqiqələrdə saxlanılmışam. Belə çıxır ki, həmin o “etimad doğuran və qərəzsiz” mənbənin məlumatı BŞBPİ-yə mən saxlanılandan sonra daxil olub. Onda mən niyə daha əvvəl saxlanılmışam? Yəni, necə olur ki, iş başlamadan məktub daxil oldu, müstəntiq bununla bağlı prokurorluğa vəsatət təqdim etdi, ona baxıldı, sonra məhkəməyə göndərildi və evdə axtarış qərarı verildi. Qeyd edim ki, hətta rəsmi axtarış protokolunda belə 13:20-də axtarış başlandığını qeyd edilib. Buradakı hüquqşünaslar, yəqin ki, ağlabatan müddətin nə olduğunu bilir və bu sadaladıqlarımın hamısının bu müddət ərzində baş verməsi mümkünsüzdür.

İttiham tərəfi həmin “etimad doğuran və qərəzsiz” mənbənin kim olduğunu və məlumatın nə olmasını indiyədək açıqlamasa da, mən bunu açıqlaya bilərəm. Həmin “etimad doğuran və qərəzsiz” mənbə mənim həbsimi sifariş verən hökumət nümayəndələridir.

Onu da qeyd etmək istəyirəm ki, mən həm saxlanılan zaman, həm də ondan sonra zorakılığa məruz qalmışam. Məni saxlayan şəxslər avtomobilə oturan kimi avtomobilin içindəcə mənə fiziki güc tətbiq edərək, eləcə də təhdid edərək telefonumun şifrəsini deməyimi tələb etdilər. Digər bir qəribə məqam odur ki, həmin şəxslər məni saxladıqdan sonra BŞBPİ-yə yox, qeyri-müəyyən bir yerə apardılar və saxlanıldıqdan sonra hara aparılmağımla bağlı suallarımıza ittiham tərəfi bu günədək cavab verə bilmir.

Həmin aparıldığım yerdə də mənə qarşı fiziki və psixoloji zorakılıq tətbiq edildi. Həmin şəxslər həm də mənə qarşı müəyyən ifadələr işlədirdilər və hesab edirəm ki, həmin ifadələr mənim həbsimin mahiyyətini açıq-aşkar sübut edir. Məsələn, həmin şəxslər mənə deyirdilər ki, “Sənin dilin çox uzanıb”, “Bilmirdin ki, çox danışsan axırı belə olacaq?, “Biz sənə həyatı başa salacağıq” və sairə. Hamımızın ana dili Azərbaycan dilidir və hər kəsə aydındır ki, bu ifadələr onu göstərir ki, mənim həbsimin səbəbi məhz yazdığım və səsləndirdiyim fikirlərlə bağlıdır.

Daha sonra həmin şəxslər məni BŞBPİ-yə apardılar. Mən yalnız dindirməm başladıqdan sonra BŞBPİ-də olduğumu bildim, çünki saxlanıldığım andan dindirməm başlayanadək başına torba keçirilmiş və əlləri çox sıx formada qandallanmış şəkildə saxlanılmışam. Mənim BŞBPİ-yə təhvil verildiyim zaman da qəribə hadisələr baş verdi. Məni saxlayan şəxslər məni BŞBPİ-nin əməkdaşlarına təhvil verərkən dedilər ki, “torba və qandal bizimdir, aparmalıyıq”. Bundan sonra qandal və torbanı dəyişdilər. Bu zaman sual ortaya çıxır, əgər məni saxlayan BŞBPİ-dirsə, o zaman inventor da eyni olmalı deyilmi? Daha sonra məni təhvil alan və müstəntiqin otağına aparan şəxslərdən biri məndən soruşdu ki, “səni hara tutub?” Təsəvvür edirsinizmi, BŞBPİ-nin əməkdaşı məndən soruşur ki, “səni hara tutub?” Eyni sualı mən ittiham tərəfinə ünvanlayıram. Cənab prokuror, məni hansı dövlət qurumu tutub?

Onu da qeyd edim ki, saxlanıldığım gün vəkilimin mənim yanıma gəlməsinə əngəl törədilib və mən müdafiə hüququmdan məhrum edilmişəm. Müdafiəçim artıq günorta saatlarından BŞBPİ-yə gəlsə də, qapıda ona bildirilib ki, Fərid burda deyil və onun mənim yanıma gəlməsinə icazə verilməyib. O zaman sual yaranır ki, bilərəkdən mənim BŞBPİ-də olmadığımın deyilməsinin səbəbi nədir? Müdafiəçim təxminən saat 18:30 radələrində istintaq hərəkətləri bitdikdən bir qədər sonra yanıma buraxıldı.

Saxlanıldığım gün təxminən 19:10-da mənə bildirildi ki, mənim daha 48 saat saxlanılmağımla bağlı qərar qəbul edilib. Həmin vaxt orada bir polis əməkdaşı da var idi və həmin şəxs məni müvəqqəti saxlanma yerinə getmək üçün avtomobilə apararkən mənə dedi ki, “Cavan oğlansan, sənə “Azadlıq Radiosu” lazımdır? Başını sal aşağı, həyatını yaşa da”. Baxın, bu cinayət işində “Azadlıq Radiosu”nun adı çəkilmir. Eyni zamanda, mən də həmin şəxsə öz yazılarımın “Azadlıq Radiosu”nda yayımlandığını deməmişdim. Buna baxmayaraq, həmin şəxsin bu ifadəni işlətməsi onu göstərir ki, mənim həbsimin əsl səbəbi məhz “Azadlıq Radiosu”nun Azərbaycan xidməti tərəfindən yayımlanan yazılarımla bağlıdır.

Toxunmaq istədiyim digər məsələ mənim “Abzas Media” ilə olan, daha doğrusu, olmayan əlaqələrimlə bağlıdır. Bildiyiniz kimi, ittiham tərəfi mənə “Abzas Media”da “vəzifə verib”. Onlar iddia edir ki, guya mən “Abzas Media”da iqtisadçı-ekspert vəzifəsində çalışmışam və “Abzas Media”nın ofisində fəaliyyət göstərmişəm. Bu iddiaların hər ikisi yalandır.

Əslində ittiham tərəfinin mənim üçün uydurduğu vəzifə adının özü bu iddianın yalan olduğunu göstərir. Çünki media qurumlarında belə bir vəzifə olmur. Bəli, mən “Abzas Media”ya bir neçə dəfə ekspert qismində müsahibə vermişəm, ancaq bu müsahibələr üçün mənə nə ödəniş edilib, nə də ödəniş vəd edilib.

Ümumiyyətlə, mediada müsahibə üçün ödəniş praktikası yoxdur. Əgər belə birşey olsaydı, mən yəqin ki, milyonçu olardım və işləməyimə ehtiyac qalmazdı. İttiham tərəfinin mənim “Abzas Media”da iqtisadçı-ekspert vəzifəsində çalışdığım iddiası həm də onu göstərir ki, bu adamların əlində mənim “Abzas Media”ya müsahibə verməyimdən başqa heç bir fakt yoxdur. Hansı ki, söhbət il ərzində 1-2 müsahibədən gedir. Bir media qurumunun ildə 1-2 dəfə müsahibə almaq üçün işə adam götürməsi nə qədər məntiqlidir? “Abzas Media” bir çox dövlət rəsmisindən, millət vəkillərindən də müsahibə alıb. Onda həmin şəxslər niyə istintaqa cəlb edilmir? Onu da qeyd edim ki, mən iqtisadçı kimi bir çox onlayn media resursuna və televiziya kanalına müsahibələr vermişəm və “Abzas Media”ya verdiyim müsahibələr onlardan heç nə ilə fərqlənməyib.

Dediyim kimi, mənim “Abzas Media”nın ofisində fəaliyyət göstərdiyim iddiası da yalandır. Mən “Abzas Media”nın 40 min avro atılan ofisində nəinki olmamışam, heç həmin ofisin harada yerləşdiyini belə bilmirəm. Yerini bilmədiyim ofisdə necə fəaliyyət göstərə bilərəm? Qeyd edim ki, biz ibtidai istintaq dövründə ittiham tərəfinə müraciət etmişik ki, mənim telefonumun anten məlumatlarına baxılsın və həmin ofisdə olub-olmadığım üzə çıxsın. Ancaq ittiham tərəfi bunu etmədi, çünki onlar da bu iddianın yalan olduğunu bilir.

Əslində istintaq sualları da mənim “Abzas Media” əməkdaşı olduğum iddiasının ittiham tərəfinin təxəyyülünün məhsulu olduğunu sübut edir. İstintaq suallarına diqqət etsəz, görərsiz ki, məndən digər altı təqsirləndirilən şəxsi tanıyıb-tanımadığım soruşulub, digər altı nəfərdən də bir-biri ilə nə əlaqələri olduğu soruşulub, lakin 1 il 1 ay davam edən ibtidai istintaq dövründə nə təqsirləndirilən şəxslərdən, nə də şahid kimi dindirilən şəxslərdən mənimlə bağlı bir sual belə soruşulmayıb. Çünki ittiham tərəfi də bu iddianın qurama olduğunu bilir və bunun cinayət işi materiallarında əks olunmaması üçün bu sualları verməyib.

İlk məhkəmə iclasında qeyd etmişdim, yenə təkrar etmək istəyirəm. Əgər mənim “Abzas Media” ilə hər hansı bir əməkdaşlığım olsaydı, bunu fəxr və qürur hissi ilə açıqlayardım ki, mən belə prinsipial və peşəkar komandanın üzvüyəm. Ancaq reallıq bundan ibarətdir ki, mənim “Abzas Media”nın nə idarə edilməsində, nə də “Abzas Media” əməkdaşlarının ərsəyə gətirdiyi və sonda onların həbsinə səbəb olan jurnalist araşdırmalarının ərsəyə gəlməsində heç bir rolum olmayıb. Bu cinayət işində istifadə olunan ittiham aktı parlaq insanlar haqqında sönük şərhlərdən ibarətdir və mənə münasibətdə baş verən qanunsuzluqlar əslində bütün cinayət işinin saxta olmasını sübut edir.

Belə olan halda sual yarana bilər ki, bəs, yaxşı sənin burada nə işin var? Məsələ bundan ibarətdir ki, bizim həbsimizin sifarişçiləri “Abzas Media” əməkdaşları ilə yanaşı, mənim də fəaliyyətimdən narahat idi. Xüsusilə mənim iqtisadi təhlillərimin “Azadlıq Radiosu”nda yayımlanması onları narahat edirdi. Çünki digər müstəqil media orqanları kimi “Azadlıq Radiosu”nu da Azərbaycan hökumətinin görməyə gözü yoxdur. Mənim həbsimlə bağlı sifariş daxil olanda bu sifarişin icraçılarının qarşısında bir neçə variant var idi. Məsələn, onlar “ənənəvi” metoddan istifadə edərək mənim cibimə narkotik ata bilərdilər və ya yeni “innovativ” metodlardan istifadə edərdilər. Mən küçədə getdiyim zaman kimsə qabağıma çıxar və özü-özünə bıçaq vurardı və məni həbs edərdilər ki, bunu sən etdin. İndi bilmirəm özlərinə əziyyət verib yeni cinayət işi açmaq istəməyiblər, yoxsa necə, amma yəqin düşünüblər ki, “onsuz da əlimizdə hazır qurama cinayət işi var, bunu da qataq bunlara getsin”. Məhz bu məntiqlə mən bu gün bu cinayət işində təqsirləndirilən şəxs qismində iştirak edirəm. Yəni, “Abzas Media”ya müsahibə verdiyim üçün tutulmamışam, sadəcə olaraq mənim həbs sifarişimin icrasında bu qurama cinayət işindən istifadə edilib.

İttiham aktında mənimlə bağlı bir neçə sübut qeyd edilib. Bunlara da münasibət bildirmək istəyirəm. İbtidai istintaq zamanı Dövlət Sərhəd Xidmətinin məlumatları əsasında bizim ölkəyə giriş-çıxış məlumatlarımız araşdırılıb və mənə qarşı qoyulan sübutlardan biri odur ki, mən və Ülvi Həsənli 2015-ci ildə 5 gün fərqlə ölkəyə giriş eləmişik. Əslində belə gülünc bir məsələnin sübut kimi qiymətləndirilməsi ittiham tərəfinin mənimlə bağlı sübut tapmaqda necə çətinlik çəkdiyinin göstəricisidir. Qeyd edim ki, mən 2015-ci ildə nəinki Ülvi Həsənlini, ümumiyyətlə bu cinayət işində adı çəkilən şəxslərin heç birini tanımırdım və cinayət işi materiallarından bildiyim qədər 2015-ci ildə heç “Abzas Media” da mövcud olmayıb. Belə olan təqdirdə burada sübut hesab edilə biləcək nə var?

Sübut kimi təqdim edilən digər bir məsələ 2023-cü ilin sentyabr ayında mənim Ülvi, Sevinc və Məhəmmədlə eyni tarixdə ölkədən çıxış etdiyimizlə bağlıdır, hansı ki, mən bu məsələyə ilk ifadəmdə də toxunmuşam. 2023-cü ilin sentyabrında mən İsveçdə keçirilən bir beynəlxalq konfransa dəvət almışdım. Mən həmin konfransda “Abzas Media” əməkdaşlarının da həmin tədbirə getdiyini təyyarəyə minmək üçün sırada olarkən qarşılaşanda bilmişəm. Qeyd edim ki, həmin konfransda dünyanın 100-dən artıq ölkəsindən bir neçə min insan iştirak edirdi və Azərbaycandan ora müxtəlif şəxslərin dəvət edilməsində qəribə heç nə yoxdur. Onu da vurğulamaq istəyirəm ki, biz İsveçdə ayrı otellərdə qalmışıq. Əgər mən ora “Abzas Media” əməkdaşı kimi getsəydim, yəqin ki, ayrıca qalmazdım. Onu da bildirim ki, həmin tədbirdən qayıdarkən təyyarədə Ülvi və Məhəmməd yox idi. Əgər təsadüfən eyni təyyarədə uçmaq “mütəşəkkil dəstə” olmağa dəlalət edirsə, məhkəmənin diqqətinə çatdırmaq istəyirəm ki, biz həmin tədbirə gedərkən, həm də geri dönərkən Gənclər və İdman naziri Fərid Qayıbov da eyni təyyarədə olub. Bu məntiqlə o da bu cinayət işinə cəlb edilməlidir?

Cinayət işi materiallarında həmçinin mənim indiyədək 48 dəfə ölkəyə giriş-çıxış etdiyim qeyd edilir. Mənim ölkəyə xarici valyuta gətirdiyimi sübut edən hər hansı faktın olmamasına baxmayaraq, sadəcə ölkədən kənara səfər etməyimin sübut kimi qiymətləndirilməsi çox gülüncdür. Milyonlarla Azərbaycan vətəndaşı xaricə səfər edir. Bu məntiqlə xaricə səfər edən hər kəs qaçaqmalçı adlandırılmalıdır?

Bildirmək istəyirəm ki, mən 2017-2019-cu illərdə İstanbulda təhsil almışam və orada yaşamışam. Həmin dövr ərzindəki səfərlərim Azərbaycana gəlməklə bağlı olub. 2019-cu ildən sonrakı səfərlərim isə, əsasən, turistik məqsəd daşıyıb. Sadəcə 2 səfərim digər məqsədlə olub ki, bunlardan biri İsveç səfərimdir. Hansı ki, bununla bağlı artıq məlumat vermişəm. Digər səfərim isə 2024-cü ilin martında ABŞ-yə olub ki, bu səfər də təhsil vizası əsasında baş tutub və ABŞ-də bir təhsil proqramında iştirak etmişəm. Ümumiyyətlə, heç bir səfərim zamanı ölkəyə heç vaxt xarici valyuta gətirməmişəm. Əksinə normal olaraq ölkədən çıxarkən üzərimdə daha çox pul olub, nəinki geri dönərkən.

Bizim mütəşəkkil dəstə olmağımızla bağlı göstərilən digər bir gülməli sübut sms məlumatlarının analizi nəticəsində təqsirləndirilən şəxslərin hamısının “Signal” yazışma tətbiqində qeydiyyatdan keçməsi ilə bağlıdır. Bu mobil tətbiq Azərbaycanda qadağan edilməyib, nə də sırf “Abzas Media” üçün hazırlanmayıb. Smartfonu olan hər kəs bu tətbiqi ödənişsiz yükləyə bilər və bu səbəbdən həmin tətbiqin milyonlarla istifadəçisi var. Heç bir yazışma olmadığı halda, sırf hamının telefonunda “Signal” var deyə, mütəşəkkil dəstə adlandırılmağımız heç bir məntiqə sığmır. Bu məntiqlə telefonunda “Whatsapp” olan hərkəs mütəşəkkil dəstə adlandırılmalıdır?

Yenə sms məlumatlarının analizi nəticəsində göstərilən sübutlardan biri mənim “Revolute” pulköçürmə sistemində qeydiyyatdan keçməyimlə bağlıdır. Qeyd etmək istəyirəm ki, mən həbs olunanadək 5 ilə yaxın idi ki, bank sektorunda çalışırdım. Mən bankda biznes araşdırmaları üzrə çalışmışam və həm daxili bank sektorunun, bank məhsullarının analizi, həm də xarici bank sektorunda trendlərin izlənilməsi mənim birbaşa vəzifə öhdəliyim olub. Bir müddət öncə Azərbaycan Mərkəzi Bankı həmin şirkətin Azərbaycanda fəaliyyət göstərməsinə lisenziya verilməsinin gündəmdə olduğunu açıqlamışdı və mən də bank sektorundakı işimə rəqiblərin analizi də daxil olduğu üçün bu tətbiqdə qeydiyyatdan keçmişəm. Onu da qeyd edim ki, mən istəsəm də, “Revolut”la əməliyyat edə bilməzdim, çünki bu sistem Azərbaycanda aktiv deyil. Eyni zamanda, ibtidai istintaq zamanı Azərbaycandakı bütün banklara mənim bank məlumatlarımın verilməsilə bağlı sorğu göndərilib və həmin məlumatlardan da görünür ki, mən xaricə pul köçürmələri etməmişəm. Bildirmək istəyirəm ki, mənim Azərbaycanda fəaliyyət göstərən demək olar ki, bütün banklarda bank kartım və mobil tətbiqim olub, ancaq mən bunlardan sadəcə bir neçəsindən istifadə etmişəm. Sadəcə bank bazarını analiz etmək mənim işim olduğu üçün bu məhsulları əldə etmişəm və mənim xarici bir bankın mobil tətbiqində qeydiyyatdan keçməyim də məhz bu kontektdə baş tutub.

İfadəmdə münasibət bildirmək istədiyim digər bir məsələ də mənim avtomobilimə həbs qoyulması ilə bağlıdır. İşin qəribə tərəfi odur ki, ittiham tərəfi hələ mənim qaçaqmalçılıq etdiyimi sübut edə bilmədiyi halda, bir qədər də irəli gedərək məni “cinayət yolu ilə əldə edilən” vəsaitin leqallaşdırılmasında ittiham edərək avtomobilimi bu vəsait hesabına aldığımı iddia edir. Qeyd etdiyim kimi, mən həbs olunanadək artıq 5 il idi ki, bank sektorunda çalışırdım. Cinayət işi materialları arasında mənim əmək haqqı hesabımdan çıxarış var. Həmin rəqəmlərdən göründüyü kimi, mənim orta aylıq gəlirim hakimlərin orta aylıq gəlirlərinə yaxın bir həddə olub. Təbii ki, söhbət hakimlərin sadəcə rəsmi gəlirlərindən gedir. Yəqin ki, siz də təsdiq edə bilərsiz ki, bu həddə gəlir əldə edən birinin xaricdən avtomobil sifarişi üçün 7800 dollar vəsait ödəməsi əlçatmaz bir rəqəm deyil və bunun üçün hansısa cinayət törətməyə ehtiyac yoxdur. Yəni, avtomobilimə həbs qoyulmasının da heç bir hüquqi əsası yoxdur və bu cinayət işində mənə münasibətdə həm də mülkiyyət haqlarımın pozulması baş verib.

Toxunduğum məsələlərdən – ölkəyə giriş-çıxışla bağlı 3, sms məlumatları ilə bağlı 3, avtomobillə bağlı 1, ümumilikdə bu 7 məsələdən başqa, 27 cilddən və təxminən 10,000 səhifədən ibarət cinayət işi materiallarında mənim hər hansı cinayət törətməyimlə bağlı bir dənə də olsun məsələ əks olunmayıb. Əks olunan və sübut kimi qiymətləndirilən məsələlərin də reallığı əks etdirmədiyi tərəfimizdən tam sübut edildi.

Cinayət Prosessual Məcəllənin təqsirsizlik prezumpsiyası ilə bağlı maddəsində qeyd edilir ki, təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyil və ittihamı sübuta yetirmək ittiham tərəfinin üzərinə düşür. Ancaq cinayət işi materiallarında mənim qaçaqmalçılıq və digər cinayətləri necə törətməyim, hansı tarixdə ölkəyə nə qədər xarici valyuta gətirdiyim və kimə verdiyim barədə nə var? Hansı sübutlar cinayətin obyektini və subyektini təsdiq edir? Sizi əmin edirəm ki, heç ibtidai icma quruluşunda yaşayan qəbilələrdə belə əsassız mühakimə aparılmazdı. Biz faktiki olaraq sübuta yetirilməmiş cinayət ittihamından özümüzü müdafiə edirik. İttiham tərəfi ittiham aktını oxumaqla işini bitmiş hesab edib.

Mən hüquqşünas olmasam da, ittiham tərəfinə sadə sübutetmə qaydasını izah etmək istəyirəm. Sizin sübut kimi təqdim etdiyiniz məsələlər heç nəyi təsdiq etməyən məlumatlardır. Doğrudur, hüquq ədəbiyyatında bəzən dolayı sübutlar anlayışından istifadə olunur. Bəlkə də belə düşünərsiniz ki, bunlar dolayı sübutlardır. Lakin bilməlisiniz ki, dolayı sübutu birbaşa sübut təsdiq etmirsə, onun sübut kimi istifadəsi yolverilməzdir.

Əlimdə tutduğum Cinayət Prosessual Məcəllədən çıxarışdır. Məcəllənin 124-cü maddəsində nələrin sübut hesab edildiyi göstərilir və sübutun 5 növü fərqləndirilir. Bunlardan ilki ifadələrdir. Cinayət işi çərçivəsində mənim əleyhimə bir cümlə belə ifadə verilməyib. Əksinə, məndən öncə ifadə verən hər kəs mənim “Abzas Media” əməkdaşı olmadığımı və mənim ölkəyə xarici valyuta gətirdiyimə şahidlik etmədiklərini deyib. Yəni, ifadələr əleyhimə yox, lehimə olan sübutlardır.

İkinci sübut növü ekspertlərin rəyidir. Cinayət işi çərçivəsində mənimlə bağlı 2 ekspert rəyi mövcuddur - telefonumda və kompüterimdə aparılan ekspertiza ilə bağlı. Hər iki rəydə sübut xarakterli heç nə aşkar edilmədiyi açıqlanıb və hər iki cihaz özümə qaytarılıb. Yəni, ekspert rəyləri ilə bağlı sübutlar da mənim lehimədir.

Üçüncü sübut növü maddi sübutlardır. Cinayət işi materiallarında mənim cinayət törətdiyimi təsdiq edən bir dənə də olsun maddi sübut yoxdur. Dördüncü sübut növü istintaq və məhkəmə hərəkətlərinin protokolları, beşinci sübut növü isə digər sənədlərdir. Hansı ki, nə protokollarda, nə də digər sənədlərdə mənim əleyhimə hər hansı bir sübut yer almayıb.

Onu da əlavə edim ki, bu cinayət işi çərçivəsində həm yaşadığım mənzildə, həm də iş yerimdə axtarış aparılıb və hər iki axtarışda sübut xarakterli heç nə aşkar edilmədiyi rəsmi şəkildə cinayət işi materiallarında əks olunub. Eyni zamanda, bu cinayət işində adı çəkilən şəxslərin zəng və sms məlumatları araşdırılıb və həmin məlumatlardan da görünür ki, mənimlə digər təqsirləndirilən şəxslər arasında danışıq və ya yazışma olmayıb. Bu baxımdan məndə belə təəssürat yaranıb ki, ittiham tərəfi hesab edir ki, biz bir-birimizlə təlim keçmiş göyərçinlər vasitəsilə xəbərləşmişik.

Belə olan təqdirdə, yəni, mənim əleyhimə bir dənə də olsun sübut olmadığı və əksinə lehimə çox sayda sübutların olduğu halda, ittiham tərəfinin hələ də mənim əleyhimə olan ittihamı müdafiə etməsini nə ilə izah etmək olar? Bu, əslində onun göstəricisidir ki, bu cinayət işinin əsl müstəntiqləri, əsl prokuroru və əsl hakimləri səhnə arxasındadır və bizim burada gördüyümüz rəsmi şəxslər aysberqin sadəcə görünən üzüdür.

Əlimdə tutduğum kitab Azərbaycan Respublikasının Konstitusiyasıdır. Bu cinayət işində tutduqları mövqedən sonra məndə belə təəssürat yaranıb ki, ittiham tərəfinin Azərbaycan Respublikasının Konstitusiyasından, xüsusilə də insan hüquq və azadlıqlarından bəhs edən hissədən xəbəri yoxdur. Ona görə də mən bu kitabı prokurora hədiyyə edirəm və ümid edirəm ki, bu istiqamətdəki biliklərini artıra biləcək.

Əslində məhkəmə iclaslarında mənim bəzi hallarda ittiham tərəfinə qarşı aqressiv reaksiyalar verməyimin də səbəbi məhz bununla bağlıdır ki, bu adamlar məni təxminən 1 ilə yaxındır ki, həbsdə saxlayır, amma indiyədək mənim hansısa cinayət törətməyimlə bağlı bir sübut da ortaya qoya bilməyib. Hansı ki, bu müddət ərzində mənim həyatımda əhəmiyyətli hadisələr baş verib, övladım dünyaya gəlib, amma bu saxta ittihamlara görə, mən bu anları doyunca yaşaya bilməmişəm. Mənim həbsim bilirsinizmi nəyə bənzəyir? Təsəvvür edin ki, çıxıb deyirəm ki, bu zaldakı hansısa bir adam kimisə öldürüb, amma bununla bağlı heç bir sübut yoxdur və siz onu sübutsuz həbs edib, bir ilə yaxın həbsdə saxlayırsınız. Çox gülməli və absurddur deyilmi? Çünki mən bunu sübut edə bilmirəm. Amma bu absurdu bu gün mən yaşayıram və əsassız olaraq cinayət törətməkdə ittiham olunuram. Bu cinayət işi başlayandan bəri bizim ittiham tərəfindən cavab ala bilmədiyimiz çoxlu suallarımız var. Bunlardan biri cinayət işinin əsassız olmasını sübut etmək baxımından xüsusilə əhəmiyyətlidir. Hansı ki, bu suala nə ibtidai istintaq orqanı cavab verə bilmişdi, nə də ilk iclasda prokuror cavab verə bildi. Ona görə məhkəmədən tələb edirəm ki, ittiham tərəfindən bu suala cavab almağımıza şərait yaratsın. Baxın, mən 30 may günü şübhəli şəxs qismində saxlanılmışam. Sualımız budur ki, həmin şübhə nədən ibarət olub? Nə oldu ki ittiham tərəfi bu qənaətə gəldi ki, mən cinayət törətmişəm? Çünki mən həbs ediləndə artıq 7 ay idi ki, istintaq aparılırdı və bu müddətdə heç yerdə mənim adım çəkilmir. Mənə qarşı ittiham aktında qoyulan “sübutlar” da - hansı ki, əsassız olduğunu sübut etdim -  mən saxlanılandan sonra aparılan istintaq zamanı üzə çıxıb. Mənim həbsimin hansı şərtlər altında baş verməsi də əhəmiyyətlidir.

Azərbaycanda həmişə siyasi məhbus problem olub. Bu tip həbslər bəzən kütləvi xarakter alıb, bəzən nisbətən səngiyib. 2023-cü ilin sonlarına doğru ölkədə siyasi motivli həbslər yenidən kütləvi xarakter alıb. Əvvəlcə “Abzas Media” əməkdaşları, daha sonra “Toplum TV” və “Meydan TV” əməkdaşları, eləcə də müxtəlif qeyri-hökumət təşkilatlarının üzvləri və ayrı-ayrı ictimai fəallar həbs edilib. Mənim həbsim də məhz bu kütləvi həbs kampaniyasının, müstəqil media və vətəndaş cəmiyyətinə qarşı repressiyaların tərkib hissəsidir.

Sizdə sual yarana bilər ki, mən nə yazmışam və danışmışam ki, bunlar mənim həbsimə səbəb olub. Mən deyirdim ki, ölkənin ixracının 90, büdcə gəlirlərinin 50 faizinin neft-qaz sektoru hesabına təmin edilməsi Azərbaycan üçün ciddi risklər yaradır. Mən deyirdim ki, minimum əmək haqqı, yaşayış minimumu kimi göstəricilər əhalinin real minimum ehtiyaclarına cavab vermir, işsizlik və yoxsulluq göstəricilərinin rəsmi olaraq 5 faiz səviyyəsində açıqlanması reallığı əks etdirmir və bunu alternativ hesablamalarla sübut edirdim. Mən onu da deyirdim ki, ölkədə median əmək haqqının 500 manatdan aşağı olduğu şəraitdə biz yüksək gəlirlərdən danışa bilmərik. Azərbaycanda gəlir və sərvət bərabərsizliyinin yüksək olması, regional bərabərsizliklər, sosial müdafiə siyasəti kimi sahələr də mənim əsas araşdırma mövzularım olub. Təəssüflər olsun ki, Azərbaycan hökuməti müstəqil insanların bu mövzularla bağlı çalışmasını sevmir, ona görə də mən bu gün məhkəmə qarşısındayam. Gördüyünüz kimi, mənim yazdığım fikirlərdə heç bir cinayət xarakteri yoxdur. Ancaq təəəssüflər olsun ki, belə görünür, hazırda bizim ölkəmizdə həm də qeyri-rəsmi cinayət məcəlləsi var və orada ifadə azadlığı, mətbuat azadlığı kimi anlayışlar ən ağır cinayətlər hesab olunur. Ancaq reallıq bundan ibarətdir ki, reallığı əks etdirən fikirlərdən və statistikalardan qorxmaq yox, onlarla üzləşmək lazımdır. Bunsuz hər hansı bir irəliləyişə nail olmaq mümkün deyil. Mən öz yazılarımda heç vaxt yalan və manipulyativ fikirlərə yer verməmişəm və bunu istənilən hökumətyönlü iqtisadçı və ya iqtisadçılarla debatda sübut etməyə hazıram.

Bu il Azərbaycanda milli mətbuatın yaranmasının 150-ci ildönümüdür. Son dövrlər baş verənlərin fonunda yubileyi təntənəli yox, faciəli şəkildə qeyd edirik. Bu 150 il ərzində Azərbaycanda müstəqil media Həsən bəy Zərdabidən Sevinc Vaqifqızına və Hafiz Babalıyadək prinsipial və peşəkar insanların sayəsində ayaqda qalıb. Media haqqında hansısa mürtəce qanunlar, siyasi motivli həbslər bunun qarşısını ala bilməz. Biz ədalətli bir ölkədə yaşamaq istəyirik və bu istiqamətdəki fəaliyyətimizdə mütərəqqi ideyalardan ilham alırıq. Ona görə də siyasi motivli həbslər bəlkə də qısamüddətli perspektivdə kimlərəsə siyasi dividendlər qazandırır, amma əmin olun ki, son nəticədə cəmiyyət olaraq hamımızın ziyanına işləyir.

Media azadlığının olmadığı şəraitdə nəinki siyasi və iqtisadi inkişafdan, ümumiyyətlə hansısa münasibətlər sisteminin inkişafından danışmaq olmaz. Uzun sözün qısası, müstəqil media susdurula bilməz!"

Fərid Mehralızadə, 8 aprel 2025-ci il

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun