Hakim Abzasçıların müdafiə hüququnu məhdudlaşdırıb, şahid sürətlə zaldan qaçırılıb

Hakim Abzasçıların müdafiə hüququnu məhdudlaşdırıb, şahid sürətlə zaldan qaçırılıb
8 Aprel 2025
Mətni dəyiş

Şahid: “Sevinci müəllim kimi tanıyıram və çox böyük hörmətim var. Heç vaxt əməyini itirməyəcəm. Mənə heç vaxt pul təklif edilməyib”

Aprelin 8-də “Abzas Media işi” üzrə baş tutan növbəti məhkəmə prosesində insident yaşanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hakim Abzasçıların özlərini müdafiəsinin qarşısını alıb və gələn şahidlərə sual verilməsinə imkan verməyib.

Əvvəlcə iş üzrə həbs olunan Fərid Mehralızadə sərbəst ifadə edib. O, ifadəsində təqdim etdiyi faktlarla birlikdə “Abzas Media” ilə heç bir əlaqəsinin olmadığını bildirib. Mehralızadə dövlət ittihamçısının suallarına da elə bu səpkidə cavablar verib. Prokuror Rauf Malışov isə eyni sualları təkrar verdikdə mübahisə yaşanıb.

Fərid Mehralızadə vəsatət qaldırıb ki, prokurorun anlaqlılıq vəziyyəti yoxlanılsın, çünki o, verilən cavabları anlamır. Hakim bu məsələnin üzərindən baxılmamış keçib.

Ülvi Həsənli məhkəmədə söz alaraq onları Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirən Penitensiar Xidmət avtomobilinin şəraitsizliyindən şikayət edib. O bildirib ki, avtomobilin içərisi tamamilə havasız və isti olub, kondisoner işləməyib. Hakim isə şikayətlərin aidiyyəti qurumlara çatdırılacağını bildirib və əlavə edib ki, o, ancaq proseslə bağlı cavabdehlik daşıyır.

Daha sonra şahidlər dindirilib. İş üzrə dindirilən Şəms Sultanlı bildirib ki, o, Sevinc Vaqifqızının (Abbasova) təlimində iştirak edib.

“Ailə vəziyyətimlə əlaqədar Ülvi Həsənlinin keçdiyi təlimdə ola bilməmişəm, Sevinc Vaqifqızının təlimində olmuşam. Onu müəllim kimi tanıyıram və çox böyük hörmətim var. Heç vaxt əməyini itirməyəcəm. Mənə heç vaxt pul təklif edilməyib və nəsə imzaladılmayıb”, - şahid bildirib.

Daha sonra növbəti şahid Ənvər Cəfərov dindirilib. İş üzrə istintaq materiallarında o, könüllü şahid kimi təqdim olunur. Ancaq Ənvər Cəfərov deyir ki, o, iş yerinin yanında çörək almağa çıxanda saxlanılıb.

“2 mülki geyimli polis idi. Maşında zorla telefonumun parolunu da aldılar və iş materialları kimi təqdim olunan materialları telefonumdan məndən xəbərsiz götürüblər”.

Daha sonra iş üzrə təqsirləndirilən şəxslərin şahidin zorakılığa və digər təzyiqlərə məruz qalıb-qalmaması ilə bağlı suallarına cavab verilməsinə hakim imkan verməyib. Ənvər Cəfərov zaldan sürətli şəkildə çıxarılıb. Bu isə etirazlara səbəb olub. Hakim prosesi aprelin 22-nə təxirə salıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun