Həbsdəki ictimai fəalın böyrəyindəki ağrılar şiddətlənib

Həbsdəki ictimai fəalın böyrəyindəki ağrılar şiddətlənib
8 Aprel 2025
Mətni dəyiş

Anası Təranə Orucova oğlunun 3 saylı Bakı İstintaq Təcridxanasında qeyri-insani rəftara məruz qaldığını, onun adekvat tibbi müalicə ilə təmin olunmadığını bildirib

"İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan üzvü  Möhyəddin Orucovun saxlanıldığı təcridxanada səhhəti pisləşib. Bu barədə “Abzas Media”ya onun anası Təranə Orucova məlumat verib. Orucova bildirib ki, oğlunun ağrıları dözülməz dərəcədə şiddətləndiyindən vəziyyəti kritikləşib.

“Tutulandan polis bölməsində onun böyrəyində problemlər yaratmışdılar. Bir böyrəyində genişlənmə, digərində kristal var. O vaxtdan dərmanlarla onun ağrılarını kəsməyə, yaxşılaşdırmağa çalışırdıq. Hara müraciət etsək də, müalicə edilmirdi.

Möhyəddin dedi ağrıları şiddətlənib, dözə bilmir və artıq cana doyub. O istəyir ki, yalandan yox, ciddi şəkildə müayinə və müalicə olunsun. Deyir ki, yeriyəndə az qalır nəfəsi dayansın, hər ağrıları şiddətlənəndə yalandan 2 ağrıkəsici dərman verirlər və bununla da problem həll olunmur”, – o bildirib.

İctimai fəalın anası deyir ki, oğlu saxlandığı 3 saylı İstintaq Təcridxanasında qeyri-insani rəftara məruz qalır, onun  effektiv müalicə ilə bağlı müraciətləri qulaq ardına vurulur.

“Mədəsində də daşlaşma gedir. 4 adamlıq kamerada 13 adamla saxlayırlar, insanlıq yoxdur bunlarda. Kameraları nəmişlikdir. 3 saylı İstintaq Təcridxanasında heyvan da saxlanılmaz, amma bunlar insanları doldurub orada saxlayırlar”,  – Təranə Orucova bildirib.

Qeyd edək ki, Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsi bir qayda olaraq məhkumların səhhətilə bağlı məlumatları ancaq onların yaxınları ilə bölüşə biləcəyini bildirir.

Möhyəddin Orucov ilk dəfə 2023-cü ilin oktyabrında polisə tabe olmamaq ittihamı ilə inzibati qaydada 30 sutka həbs edilib. Azadlığa buraxırlandan qısa müddət sonra – dekabrın 13-də yenidən saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə (narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə) ittiham irəli sürülüb. O itithamları qəbul etməyib, həbsinin siyasi fəaliyyətilə bağlı olduğunu bildirib.

O, məhkəmədəki ifadəsində deyib ki, anbardar işlədiyi "ATEF" Şirkətlər Qrupunda əməkdaşların hüquqlarının pozulması haqda şikayətlərinə görə əvvəlcə inzibati qaydada həbs olunub. Azadlığa buraxılıb Suraxanı rayonu 32-ci polis bölməsində baş verənlərlə bağlı müsahibə verəndən sonra şirkət rəhbərliyi ilə polisin iş birliyi nəticəində yenidən həbs olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsi ona qarşı ittihamları qismən yüngülləşdirib və fəal  barəsində 3 il azadlıqdan məhrumetmə cəzası çıxarılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun