Bakıda repressiyalar davam edir, hər həftə vətəndaş cəmiyyətinin bir neçə üzvü həbs olunur
Aprelin 11-də ictimai fəal Aytac Ağazadə “QHT işi” üzrə cinayət məsuliyyətinə cəlb edilməsi məlum olub. Onunla bağlı qiyabi həbs qərarının çıxarılması üçün məhkəməyə təqdimat verilib.
“Abzas Media”nın məlumatına görə, Ağazadə ABŞ-nin Alman Marşal Fondu ilə 2023-2024-cü illər ərzində təxminən 85 min manat qeydiyyatdan keçməmiş məbləği qeyri-qanuni rəsmiləşdirməkdə ittiham olunur. Ancaq bunun nə qədər doğru olub-olmadığı aydın deyil. Çünki istintaq orqanı xidməti müqavilə əsasında alınan məbləğləri də qeyri-qanuni qrant gəliri hesab edir.
Bu həftə “QHT işi” üzrə vətəndaş cəmiyyəti nümayəndələri Asəf Əhmədov, Qalib Bayramov, Əhməd Məmmədzadə, Zamin Zəkiyev, Nərgiz Muxtarova Cinayət Məcəlləsinin bir neçə ağır maddəsilə təqsirləndirilən şəxs kimi cəlb olunublar.
Baş Prokurorluğun Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri apardığı cinayət işi çərçivəsində hələlik 5 ictimai fəal - Bəşir Süleymanlı, Məmməd Məmmədzadə, Əhməd Məmmədzadə, Zamin Zəkiyev, Asəf Əhmədov həbs olunub, Sübhan Həsənli isə axrarışa verilib. Digər bir neçə şəxs isə polisin nəzarətinə verilib.
2023-cü ilin noyabrından etibarən Azərbaycanda media və vətəndaş cəmiyyətinə qarşı son on ildə həyata keçirilən ikinci kütləvi repressiya başlayıb.
Hüquq müdafiəçilərinin hesabatlarına görə, hazırda ölkədə 350-dən çox siyasi məhbus var. Təqiblər çərçivəsində müstəqil jurnalistlər, hüquq müdafiəçiləri və müxalif fəallar ard-arda müxtəlif cinayət işləri üzrə istintaqa cəlb olunurlar. Saxlanılan şəxslər həbslərinin siyasi motivli, ittihamların isə saxta olduğunu bildirirlər.