O, məhkəməyə bildirib ki, heç vaxt qrant almayıb və ümumiyyətlə belə məsələlərin olub-olmamasından xəbərsizdir
Aprelin 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Abzas Media işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.
Budəfəki prosesdə də təqsirləndirilən şəxslər Nərgiz Absalamova, Məhəmməd Kekalov və Hafiz Babalı sərbəst ifadə veriblər.
İş üzrə həbs olunan Məhəmməd Kekalov sərbəst ifadəsində istintaq orqanının bütün ittihamlarını rədd edib. O bildirib ki, ibtidai istintaqda verdiyi ifadələrin böyük hissəsini özündən uydurub.
Bundan sonra Dövlət ittihamçısı Rauf Malışov Məhəmməd Kekalovdan ilkin ifadəsində beynəlxalq təşkilatlardan pul alması ilə bağlı dediklərinin doğru olub-olmadığını soruşub. Məhəmməd Kekalov isə bunu təkzib edib.
“İttiham aktında iddia olunur ki, layihə yazmışam və ya qrantlara müraciət etmişəm. Bu, yalandır, mənim bunların heç birindən başım çıxmır. Mən heç bir qrant almamışam və kimin də nə qədər pul almasından xəbərim yoxdur. “Abzas Media”nın maliyyəsi hardandır, bu da məni maraqlandırmırdı. Niyə də maraqlandırmalı idi? Mən tərcüməçi idim və Ülvi Həsənli ilə birlikdə görüşlərdə tərcüməçi kimi iştirak edib ödəniş alırdım.
İstintaq dövründə ifadə alınanda dəfələrlə deyirdim ki, mənim heç nədən məlumatım yoxdur. Amma müstəntiqlər məni məcbur edirdilər ki, ad çəkim, nəsə danışım. Mən də məcburiyyətdən “Mirşahinin vaxtı” verilişində eşitdiyim beynəlxalq təşkilatların adlarını əzbərlədim və istintaqda özümdən uydurdum ki, guya bu təşkilatlardan pul almışıq. İstintaqda bu dediklərimin heç biri doğru deyil, mən bu məsələlər haqda məlumatsızam. Heç vaxt heç bir yerdən pul gətirməmişəm, pul gətirəni də görməmişəm. Sadəcə müstəntiqlər məndən əl çəksinlər deyə, uydurma şəkildə ifadə verməyə məcbur qaldım”.
Daha sonra dövlət ittihamçısı Məhəmməd Kekalova iş üzrə həbs olunan digər şəxslərlə əvvəllər tanış olub-olmamalarına dair sual verib. Kekalov cavabında bildirib ki, o, əlillər üçün moda proqramları təşkil edib, iş üzrə cəlb olunan jurnalistləri yalnız orda çəkiliş apardıqları zaman tanıyıb.
“Heç birilə xarici səfərlərdə olmamışam. Fərid Mehralızadə ilə sadəcə 1 dəfə ortaq bir tədbirdə qarşılaşmışıq. Bizim işimiz də və hətta otellərimiz də ayrı olub. Fərid Mehralızadə heç vaxt “Abzas Media” ilə əməkdaşlıq etməyib”, - Kekalov ifadəsini tamamlayıb.
Növbəti mərhələdə digər təqsirləndirilən şəxslər və müdafiəçiləri suallar veriblər. Vəkil Rövşanə Rəhimli Məhəmməd Kekalovdan saxlanılan ilk 48 saatda niyə ondan imtina etdiyini soruşub. Məhəmməd Kekalov isə bu suallara cavab verməkdən imtina edib.
“Abzas Media”nın direktoru, iş üzrə təqsirləndirilən Ülvi Həsənli Məhəmməd Kekalovdan 2024-cü ilin mart-aprel aylarında saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasından Xətai Rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerinə köçürülüb-köçürülmədiyini soruşub.
Məhəmməd Kekalov bunu təsdiqləyib və 10 gün orda saxlanıldığını bildirib. Ülvi Həsənli hakimlərin nəzərinə çatdırıb ki, müstəntiqlər bu məlumatı da inkar ediblər. Məhkəmə qərarı olmasına baxmayaraq, Məhəmməd Kekalovun saxlanılmalı olduğu 1 saylı Bakı İstintaq Təcridxanasından Xətai Rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerinə köçürülməsilə bağlı heç bir rəsmi sənəd iş materialına əlavə edilməyib.
Bundan sonra proses digər təqsirləndirilən şəxslərin ifadələrilə davam edib. Növbəti proses aprelin 8-nə təyin edilib.