Onun həbsinə etiraz olaraq Bakıda və Avropada kütləvi mitinqlər təyin edilib, azadlığa buraxılması tələb edilir
Prezident Əliyevin əsas tənqidçilərindən olan siyasətçi Tofiq Yaqublu 21 gündür Bakı həbsxanasında ölüm aclığı edir.
Uzun illərdir ağır repressiyalara məruz qalan Yaqublunun məhkəməsində onun cinayət törətmədiyi faktlarla sübuta yetirilsə də, hakim kürsüsündə əyləşən Elnur Nuriyev 9 illik həbs qərarı çıxarıb. Yaqublu buna etiraz olaraq ölüm aclığına başlayıb.
Siyasətçinin qızı Nigar Həzinin sözlərinə görə, görünən odur ki, Tofiq Yaqubludan qisas alan İlham Əliyev onun ölümüylə bağlı qərarını verib. Nigar Həzi hakimiyyəti bu vəziyyəti dəyişməyə çağırır:
“Azərbaycan hakimiyyəti ciddi-ciddi düşünüb, gec olmadan onu azadlığa buraxmalıdır. Tofiq Yaqublunun həyatına görə bütün Azərbaycan hakimiyyəti məsuliyyət daşıyır. Atamı sağikən azad edin!”, - qızı bildirir.
Tofiq Yaqublu ilə bağlı azadlıq tələbləri də genişlənir, ictimaiyyət nümayəndələri çağırışlara qoşulurlar. Belə ki, hazırda Tofiq Yaqublunun azad edilməsi tələbilə imza kampaniyası başlayıb və Avropanın bəzi şəhərlərində kütləvi aksiyalar təyin edilib. Elə Bakıda da aprelin 27-nə kütləvi aksiya təyin edilib.
İncəsənət və ədəbiyyat adamları özlərinin sosial şəbəkə hesablarında Tofiq Yaqublunun azadlığı üçün çağırış ediblər. Şair Əsəd Qaraqaplan siyasətçinin şəklini paylaşaraq ona azadlıq tələb edib:
“Bu kişini həbsdə saxlamaq heç vicdandan deyil. Mütləq buraxılmalıdır. Azadlıq hamının haqqıdır, xüsusən belə Tofiq Yaqublu kimilərinin..."
Yazıçı Cəlil Cavanşir də Tofiq Yaqubluya azadlıq tələb edib. O bildirib ki, Tofiq Yaqublu əzminə, mübarizliyinə, vətəndaş mövqeyinə hörmət bəslədiyi şəxsiyyətdir:
“Olmazın əzablara sinə gərən, vətəni sevən mərd insandır. Tofiq bəy yenə həbsdədir. Neçənci dəfə həbs edildiyini xatırlaya bilmirəm, ancaq ağlım kəsəndən onu mübarizənin mərkəzində, ya da həbsxanada görmüşəm.
Tofiq bəy əzmli adamdır, iradəlidir. Ancaq bu dəfə haqsız həbsinə etiraz olaraq başladığı ölüm aclığı məni çox narahat edir. Tofiq bəyə azadlıq tələb edirəm. İnanıram ki, Tofiq bəy tezliklə layiq olduğu azadlığa qovuşaq və biz yenə onunla maraqlı polemikalar aparacağıq", - o qeyd edib.
Musiqiçi Röyal Musa da Tofiq Yaqubluya azadlıq tələb edib. O, məsələyə ritorik sualla reaksiya verib:
“30 illik hökumətmi acizdi, bizmi zəifik, bilmədim…”
Şair Mübariz Məsimoğlu “Tofiq Yaqublunu zindana salmaq” adlı şeirlə siyasətçinin həbsinə etiraz edib.
Çörəyə həsrətdir düzün təknəsi,
Yarır bağrımızı oğrunun səsi,
Həsənin, hüseynin qəlyan çəkməsi,
Talanın, yalanın çoxluğundandır.
Zülmətdə Günəşin, Ayın batması,
Nahaqqın durması, haqqın yatması,
Məmləkətdə şərin at oynatması,
Hakimin, vəkilin loxluğundandır.
Kimisi dayazda düşünür dərin,
Kimisi dərində axtarır sərin,
Böyük adamların, şəxsiyyətlərin,
Aclığı ruhunun toxluğundandır.
Sevinci, Əvəzi ilan tək çalmaq,
Tofiq Yaqublunu zindana salmaq,
Düşünən başların başını almaq
Dövlət ağlımızın yoxluğundandır.
Tofiq Yaqublu 2023-cü ilin dekabrında həbs olunub. Martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dələduzluqda və saxta sənəd hazırlamaqda təqsirli bilinərək 9 il azadlıqdan məhrum edilib.
Müxalif siyasətçi 32 ildir Azərbaycana rəhbərlik edən Əliyevlər ailəsinin əsas tənqidçisidir və bu müddətdə 8 dəfə həbs olunub. O, vicdan məhbusu kimi tanınıb.