İqtisadçı ekspert: “Deyə bilərlər ki, filan qədər sığorta hadisəsi baş verib və biz bu qədər ödəniş etmişik. Bunların hamısı oliqarx məmurların təsərrüfatlarıdır”
Azərbaycana son aylarda yağan intensiv yağışlardan zərər görən sahələrdən biri də kənd təsərrüfatı sahəsidir.
Rəsmi rəqəmlərə görə, ilin əvvəlindən indiyə qədər olan müddətdə 26 milyon manatlıq istehsala ziyan dəyib. Təkcə aprel ayında hesablanmış zərər 13 milyon manat olub.
Aqrar Sığorta Fondunun açıqlamalarında qeyd olunur ki, kənd təsərrüfatı təyinatlı ərazilərin 30 faizi, bitkiçilik üzrə aqrar istehsalın isə 8 faizi sığortalanıb. Sığortalanmış sahələr üzrə ödənişlər 15 milyon manatı keçib, ancaq ümumilikdə sığorta öhdəlikləri 450 milyon manatdır.
Bəs Azərbaycanda kənd təsərrüfatı sahəsində sığorta mexanizmi nə qədər effektivdir?
Kənd təsərrüfatı məsələləri üzrə ekspert, iqtisadçı Vahid Məhərrəmli deyir ki, Azərbaycanda kənd təsərrüfatı sahəsində bitkilərin, heyvanların və məhsulların sığortalanması normal qaydaya salına bilməyib. Onun sözlərinə görə, bu istiqamətdə görüləcək işlər çoxdur, ancaq proses sürətlə irəliləmir.
İqtisadçı Vahid Məhərrəmli
“Bu da onunla bağlıdır ki, sığorta hadisələri zamanı bütün fəaliyyət ancaq sığortalayan təşkilatın maraqlarına uyğun həyata keçirilir. Məsələn, sığorta şirkətləri pambıq sahələrini quraqlığın vurduğu zərərdən yox, yanğınlardan sığortalayır. Pambıq sahəsində isə heç vaxt yanğın hadisələri baş vermir. Amma tez-tez quraqlıq nəticəsində məhsuldarlıq aşağı düşür. Yəni, şirkətlər çalışırlar ki, belə fəndlərlə daha çox fayda əldə etsinlər. Ona görə də kəndlilər bu cür sığorta əməkdaşlıqlarına maraq göstərmirlər”, - o deyir.
Vahid Məhərrəmlinin sözlərinə görə, kəndlilərin sığortalanmaya maraq göstərməməsinin digər səbəbi sığorta hadisəsi baş verəndə bunu sübut edə bilməmələridir.
“Şirkətlər sığorta hadisəsinin baş verməsilə bağlı sübut tələb edirlər. Bizim kəndlilər də kifayət qədər maarifləndirilmədikləri üçün bunu etməkdə çətinlik çəkirlər. Belə olanda da şirkətlər sığorta haqlarını ödəməkdən imtina edir", - ekspert bildirir.
Ekspert deyir ki, sığortaçılar, əsasən, məmurların təsərrüfatlarını sığortalayırlar. Adi kəndlilərin təsərrüfatları isə nadir hallarda sığortalanır.
“İndi deyə bilərlər ki, filan qədər sığorta hadisəsi baş verib və biz bu qədər ödəniş etmişik. Bunların hamısı oliqarx məmurların təsərrüfatlarıdır, son vaxtlar yaradılmış aqroparklardır və iri fermer təsərrüfatlarıdır", - o qeyd edir.
Vahid Məhərrəmli deyir ki, sığorta hadisəsi baş verəndə müstəqil ekspert hadisənin həqiqətən hadisə baş verib-verməməsi barədə rəy verməlidir. Onun sözlərinə görə, bəzən elə hallar da olur ki, sığorta hadisəsi baş vermir və kəndli yanlış məlumatlarla vəsait əldə etməyə çalışır.
“Müstəqil ekspert dedikdə, hansısa qeyri-hökumət təşkilatlarında olan mütəxəssislərdən söhbət gedir. Onlar ödənişli əsasla dəvət almalıdırlar. Bunu sığortalayan təşkilatlar da edə bilər. Digər tərəfdən, “Pambıq İstehsalçıları Birliyi”, “Süd İstehsalçıları Birliyi” və bu kimi digər təşkilatlar da var ki, onlar da müstəqil ekspertləri obyektiv rəy üçün cəlb edə bilərlər. Nə qədər ki, bunlar təmin olunmayıb, kəndlilər sığortanın marağında olmayacaqlar. Nə qədər ki, bu sahədə şəffaflıq təmin olunmur, maarifləndirmə aparılmır, müstəqil ekspertlər yoxdur, problemlər həll olunmayacaq", - Vahid Məhərrəmli bildirir.
Azərbaycanda kənd təsərrüfatı sığortası ilə bağlı qanun uzun illər əvvəl qəbul olunsa da, onun icrası istiqamətində heç bir addım atılmayıb.
Kənd təsərrüfatında sığorta mexanizminin tətbiqi isə Prezident İlham Əliyevin 2019-cu il 19 avqust tarixli “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə fərmanı ilə başlanıb.
Sözügedən qanun çərçivəsində Aqrar Sığorta Fondu yaradılıb. 2020-ci ilin noyabr ayında isə ölkədə aqrar sığorta mexanizmi fəaliyyətə başlayıb. Aqrar sığorta bitkiçilik, heyvandarlıq və balıqçılıq sahələrini əhatə edir.