CPJ: ""Abzas Media işi" üzrə həbsdə olan jurnalistlərin yeganə “günahı” korrupsiyanı cəsarətlə araşdırmaqdır”

CPJ: ""Abzas Media işi" üzrə həbsdə olan jurnalistlərin yeganə “günahı” korrupsiyanı cəsarətlə araşdırmaqdır” Foto: sosial media
21 May 2025
Mətni dəyiş

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) dövlət ittihamçısının “Abzas Media işi” üzrə həbs olunan jurnalistlərə 11 və 12 il azadlıqdan məhrumetmə cəzası tələbini pisləyib.

Komitənin proqram direktoru Karlos Martinez de la Serna bəyanatında müstəqil mediaya təzyiqləri “utancverici” adlandırıb.

“CPJ Azərbaycan prokurorlarının “Abzas Media”nın 6 jurnalisti və “Azadlıq Radiosu”nun əməkdaşı Fərid Mehrəlizadə valyuta qaçaqmalçılığı və digər maliyyə pozuntuları ittihamı ilə tələb etdiyi 11 və 12 il həbs cəzasını pisləyir. Bu jurnalistlərin yeganə “günahı” korrupsiyanı cəsarətlə araşdırmaqdır. Hazırda 20-dən çox müstəqil jurnalist oxşar saxta ittihamlarla üzləşir.

Beynəlxalq ictimaiyyət təcili şəkildə Azərbaycanı bu utancverici təzyiqlərə son qoymağa çağırmalıdır,” – Karlos Martinez de la Serna bildirib.

Mayın 20-də “Abzas Media işi” üzrə növbəti məhkəmə prosesi keçirilib. Dövlət ittihamçısı təqsirləndirilən şəxslər üçün ümumilikdə 80 il cəza istəyib.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı Rauf Malışov çıxış edərək “Abzas Media”nın direktoru Ülvi Həsənlinin 12, baş redaktoru Sevinc Vaqifqızının (Abbasova) 11, direktor müavini Məhəmməd Kekalovun 11, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımovanın hər birinin 11, araşdırmaçı jurnalist Hafiz Babalının 12 və "Azadlıq Radiosu"nun jurnalisti Fərid Mehralızadənin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Bundan əlavə, prokuror təqsirləndirilən şəxslərin hər birinin 3 il rəhbər və maddi-məsul vəzifə tutmaq səlahiyyətlərindən məhrum edilməsini istəyib.

Dövlət ittihamçısı, həmçinin iqtisadçı Fərid Mehralızadənin istintaq materiallarında yer alan avtomobilinin və təqsirləndirilən şəxslərin bank hesablarındakı ümumilikdə 27.987 manat məbləğində vəsaitin müsadirəsini də tələb edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun