Hökumət Ayxan İsrafilovu qanunsuz həbs etdiyini etiraf edib

Hökumət Ayxan İsrafilovu qanunsuz həbs etdiyini etiraf edib Foto: sosial media
29 May 2025
Mətni dəyiş

Mayın 28-də Avropa İnsan Haqları Məhkəməsi ictimai fəal Ayxan İsrafilovun həbsilə bağlı qərar çıxarıb.

"Abzas Media"ya bu barədə vəkil Fariz Namazlı məlumat verib. Vəkil bildirib ki, bu şikayət Ayxan İsrafilov barəsində 23 avqust 2023-cü ildə seçilmiş həbs qətimkan tədbirinin qanunsuzluğu ilə bağlı olub.

"Konvensiyanın 5-ci maddəsinin pozuntusunun tanınması xahiş olunurdu. Məhkəmə kommunikasiya başlayan zaman bu tip şikayətlərin təkrarlanan (red.: Məhkəmənin icraatında 5-ci maddənin pozuntusu ilə bağlı çoxsaylı şikayətlər və onların əsasında qəbul edilmiş qərarlar var) şikayətlər olduğunu nəzərə alaraq, dostcasına həll variantını təklif edir. Əgər ərizəçi həmin variantla razı olmadığını bildirirsə, bu halda hökümətə təklif edilir ki, birtərəfli bəyanat versin. Hökumət birtərəfli bəyanatda kompensasiya ödənişindən əlavə, həm də şəxsin Konvensiyada nəzərdə tutulan hüququnun pozuntusunu etiraf edir".

Fariz Namazlı deyir ki, bu iş üzrə hökumət birtərəfli bəyanat qəbul edib və hüquq pozuntularını etiraf edib. Ancaq vəkil əlavə edib ki, bu şikayət Ayxan İsrafilovun barəsində qəbul edilmiş ittiham hökmünün qanunsuzluğu ilə bağlı deyil, istintaq dövründə barəsində həbs qətimkan tədbirinin seçilməsinin qanunsuzluğu ilə bağlıdır.

"Ona görə bu kimi hallar üzrə qəbul edilmiş qərarları hökümət işə yenidən baxılması əsası ilə icra etmir, sadəcə kompensasiya ödəyir.

Məhkəmə mənəvi zərərin əvəzi olaraq 2700 avro, məhkəmə xərclərinə görə 450 avro kompensasiya müəyyən edib. Lakin 2024-cü ilin martından etibarən hökümət ümumiyyətlə Avropa Məhkəməsinin qərarlarını icra etmir. Nə kompensasiya ödəyir, nə də işlərə yenidən baxır. Ona gorə indiki halda bu qərarın icra olunacağı da şübhə altındadır", - Fariz Namazlı bildirib. 

Ayxan İsrafilov 2023-cü ilin avqustunda saxlanılıb. Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 234-cü maddəsinin ağır bəndlərilə ittiham irəli sürülsə də, sonradan iş 234.1.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəyə tövsif olunub.

Fəal özü narkotik ittihamını rədd edir və ictimai fəaliyyətinə görə həbs edildiyini deyir. Buna baxmayaraq, bu il aprelin 2-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu bu maddə üzrə təqsirli bilərək 3 il müddətinə azadlıqdan məhrum edib.

Ayxan İsrafilov "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının idarə heyətinin üzvüdür. Bu təşkilat müstəqil fəaliyyət göstərib və xüsusilə kuryerlərin hüquqlarının müdafiəsilə bağlı müxtəlif tədbirlər təşkil edib.

İsrafilovla eyni dövrdə təşkilatın sədri Afiəddin Məmmədov və üzvlər Elvin Mustafayev, Möhyəddin Orucov da müxtəlif ittihamlarla həbs ediliblər.

Hüquq müdafiə təşkilatları Ayxan İsrafilovu və digər fəalları siyasi məhbus hesab edir, onlara qarşı irəli sürülmüş ittihamları uydurma sayırlar, bildirirlər ki, fəalların həbsləri işçi hüquqlarını müdafiə etdiklərinə görədir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun