Gənc əsgər Fariz İsayev hərbi xidmətə yollanmasından 1 ay sonra dünyasını dəyişib
20 yaşlı Fariz andiçmə mərasimindən sonra N saylı hərbi hissəyə göndərilib, üç gün sonra mayın 10-da isə vəfat edib. Onun ölüm səbəbi rəsmi olaraq açıqlanmayıb.
Məsələ ilə bağlı Baş Prokurorluğun yaydığı məlumatda qeyd olunur ki, Fariz İsayevin ölüm faktı əsasında Sumqayıt Hərbi Prokurorluğunda cinayət işi açılıb və istintaq aparılır.
Ancaq Prokurorluq cinayət işinin hansı maddə ilə açıldığını bildirməyib.
"Bakupost" isə yazır ki, qızdırması olan İsayevə antibiotik iynəsi vurulub və o, iynənin təsirindən şoka düşərək ölüb.
Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) məlumatına görə, 2025-ci ilin ilk rübündə Azərbaycanda ən az 14 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib. Onlardan 2 nəfər avtomobil qəzası, 2 nəfər qar uçqunu, 4 nəfər müxtəlif xəstəliklər, 4 nəfər intihar, 1 nəfər mina partlayışı səbəbilə, 1 nəfərsə naməlum səbəbdən vəfat edib.
XHTİ bildirir ki, həyatını itirənlərdən 11 nəfəri Müdafiə Nazirliyinin, 2-si Dövlət Sərhəd Xidmətinin, 1-i isə Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçuları olub. Onlardan 9 nəfəri əsgər, digərləri isə zabit, MAXE, kursant, kiçik gizir və çavuş olublar. İnstitut əlavə edir ki, bu il ən az 4 hərbi qulluqçu yaralanıb və ya xəsarət alıb.