Hüquq müdafiəçiləri ədliyyə naziri ilə siyasi motivli həbslərdən danışıblar

Hüquq müdafiəçiləri ədliyyə naziri ilə siyasi motivli həbslərdən danışıblar foto: Ədliyyə Nazirliyi
6 May 2025
Mətni dəyiş

Yerli hüquq müdafəçilərinin hesabatlarına görə, Azərbaycanda 350-dən çox siyasi məhbus var 

Mayın 6-da ədliyyə naziri Fərid Əhmədov Nazirlik yanında İctimai şuranın üzvləri ilə görüş keçirib.

Bu barədə məlumatı Ədliyyə Nazirliyi yayıb. Nazirlikdən bildirilib ki, görüşdə ədliyyə sahəsində həyata keçirilən islahatlar, gələcək planlar müzakirə olunub. Ancaq konkret nələrin müzakirə oldunduğu rəsmi açıqlamada qeyd olunmayıb. 

İctimai şuranın üzvü Novella Cəfəroğlu “Abzas Media”ya deyir ki, görüşdə bir çox məsələlərə, o cümlədən, siyasi həbslər məsələsinə də toxunulub. Onun sözlərinə görə, müşahidə ediblər ki, nazirin hər şeydən xəbəri var. 

“Qanunvericilikdə bəzi dəyişikliklərin olması vacibdir. Bunu danışdıq. Eyni zamanda, siyasi motivli həbslər Azərbaycana nə verir? Kimə lazımdır? Bütün bu məsələləri danışdıq. Nazir bizim verdiyimiz bütün suallara cavab verdi. 

Bu birinci görüş idi, tanışlıq görüşü idi. Hər şeyi açıq danışa bilmirdik, amma danışdıq. Çox xoşumuza gəldi. Nazirin hər şeydən xəbəri olduğunu gördük. Hesab edirəm ki, gələcəkdə də bir çox məsələlərlə bağlı müzakirələrimiz olacaq”, - Novella Cəfəroğlu bildirib. 

2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların heç biri ittihamla razılaşmır, peşə fəaliyyətlərinə görə və siyasi sifarişlə həbs edildiklərini deyirlər.

Yerli hüquq-müdafiə təşkilatlarının hesabatlarına görə, hazırda Azərbaycan həbsxanalarında 360-dək siyasi məhbus var.

Rəsmilər isə ölkədə siyasi motivli həbslərin olmadığını deyirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun